Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Jurnalistika Məktəbi Mingəçevirdə

“Mingəçevir işıqları” qəzeti köhnə ənənəsinə sadiq qalaraq, jurnalistikaya həvəsi olan insanlar üçün dərslərə yenidən start verib. Martın 3-də Mingəçevir Media Mərkəzində ilk məşğələ keçirilib. Məlumat üçün bildirək ki, iştirakçı qismində qatılanların əksəriyyəti tələbələr və üçüncü sektorda çalışan könüllülərdir.
Keçən ilin sonu və bu ilin əvvəlində qəzetimizdə dinləyicilərin qəbulu ilə bağlı elan və məlumatlar yayılıb. Eyni zamanda fəal QHT-lərlə bu istiqamətdə razılıq əldə olunub. Məqsəd gələcəkdə yerli KİV-in jurnalistlərə, həm də qeyri-hökumət təşkilatlarının ictimaiyyət və media ilə əlaqələri qura biləcək kadrlara tələbatını ödəməkdir.
İlk məşğələ tanışlıqla başlanıb. Dinləyicilər məktəbə gəlmələrinin məqsədlərini açıqlayıb, eyni zamanda təlimlə bağlı iştirakçıların davranış qaydalarını müəyyənləşdirib.
Təlimçi vəzifəsini öhdələrinə götürən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və qəzetin şöbə müdiri Yeganə Nəbiyeva informasiyanın həyatımızda rolu barədə danışıb, xəbərçilik anlayışı, onun başlıca vəzifəsi, məlumatın müxtəlif mənbələrdən toplanması, emalı və nəhayət ictimaiyyətə çatdırılma yolları barədə geniş məlumat veriblər. Bir neçə dinləyici şahidi olduğu hadisə barədə xəbəri təqdim etməyə çalışıb.
Məşğələnin sonunda iştirakçılara ev tapşırığı verilib və “Mingəçevir işıqları” qəzetinin son sayından nüsxələr paylanıb.
Məlumat üçün bildirək ki, IREX-Azərbaycan təşkilatının köməyi ilə fəaliyyətə başlayan məktəb 6 ay davam edəcək. Burada iştirakçılara jurnalistika ilə bağlı bilgilər veriləcək, eyni zamanda onlar praktiki işlərə cəlb olunacaqlar. Həmin müddətdə Bakıdan da təcrübəli media mütəxəssislərinin təlimçi qismində məşğələlərə qatılacağı planlaşdırılıb.

Şərhlər bağlıdır.