Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə təhsillə bağlı problemlər İctimai Şuranın müzakirəsində

Mingəçevirdə məktəbəqədər müəssisələrə ehtiyacın ödənilməsi, orta məktəblərdə imkansız ailələrin övladlarınının ali təhsilə əlçatanlığının təmin edilməsi məqsədilə Təhsil və Elm Nazirliyinə, nazirlik yanında İctimai Şuraya və Mərkəzi Aran Regional Təhsil İdarəsinə müraciətlər göndərilib

27

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda  məktəb və bağçalara qazın və suyun limitlə  verilməsi, uşaq bağçalarının əsaslı təmiri və imkansız ailələrin övladlarının ali məktəblərə hazırlığı üçün orta məktəblərdə ödənişsiz kursların yaradılması ilə bağlı məsələlər  müzakirə olunub.

Birinci məsələ ilə bağlı Şura üzvü İnqilab Şirinli məlumat verib və bildirib ki, sonuncu araşdırma zamanı məktəb və bağçalara qazın və suyun limitlə  verilməsi ilə bağlı sıxıntı yaşanmadığı üzə çıxıb. Belə ki, nə qədər su və qaz istifadə olunubsa, ayın sonunda onun xərci Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən ödənilib. Son 5 il ərzində Mingəçevir şəhərində 1 yeni məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir-bərpa olunub. Hazırda da Mingəçevir şəhər İ.Kişiyev adın 17 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır və növbəti tədris ilindən adıçəkilən məktəb binasının müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı cari tədris ilində Mingəçevir şəhərindəki N.Nərimanov adına 1 və İ.Qayıbov adına 10 nömrəli tam orta məktəblərdə cari təmir-bərpa işləri aparılıb, payız-qış mövsüminin başlanılması ilə əlaqədar isə 12 təhsil müəssisəsinə yeni istilik sistemi çəkilib və təmir olunub. Eyni zamanda 2020-ci ildə 3 saylı “Gülüstan” körpələr evi-uşaq bağçasından sanitar qovşaqlarda təmir işləri aparılıb, 2023-cü ildə 2 saylı “Bənövşə” körpələr evi-uşaq bağçasında dam örtüyü,  2024-cü ildə 1 saylı “Lalə” körpələr evi-uşaq bağçasında 67 ədəd istilik paneli dəyişdirilib.

Məruzəçi diqqəti şəhərdə bağça çatışmazlığına və mövcud bağçalarda yerlərin məhdud olmasına yönəldib. Tərəvəzçikik Sovxozundakı yeni yaşayış massivində 1000-ə qədər ailə var, amma ərazidə uşaq bağçası mövcud deyil. MARTİ bununla bağlı məsələ qaldırıb və ilkin mərhələdə 5 saylı məktəbin 2 otağını bu məqsəd üçün ayırıb. Yeri gəlmişkən, son 15 ildə Yevlaxda yeni 2 bağça tikilib. Halbuki Yevlax şəhərinin ərazisi və əhalisi Mingəçevirdən qat-qat kiçikdir. Eyni zamanda inkuliziv təhsildə problemlər var. Hazırda 1500-dən artıq  fiziki məhdudiyyətli uşaq təhsildən kənarda qalıb. Nəticədə bu uşaqların təhsil hüquqları pozulur.

İctimai Şura üzvü Əliağa Bəndalıyev deyib ki, keçmiş Toxuculuq Kombinatına məxsus 2 bağça var idi və sonradan onlar İcra Hakimiyyətinin tabeliyinə verilib,  onlar isə işləmir. İctimai Şura üzvü Rizvan Mikayıllının fikrincə, əslində uşaqlar orta məktəbə uşaq bağçalarından gəlməlidirlər, çünki bu, təhsil konsepsiyasının tələblərindən biridir.

Mingəçevir şəhər İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev  diqqətə çatdırıb ki, 2012-2023-cü illərdə uşaq bağçaları yerli icra hakimiyyətinin tabeliyində olub. 4, 14, 16 və 19 saylı baxçalarda İcra Hakimiyyətinin xəttilə istilik sistemi qurulub. 5, 6, 8 və 9 saylı uşaq baxçalarının qəzalı vəziyyətdə olması ilə bağlı icra başçısının baş nazirə ünvanlandığı məktubdan sonra Fövqəladə Hallar Nazirliyi baxış keçirib və faktın təsdiqini tapan rəy verib. Yəni həmin bağçaların yerində yenilərinin tikilməsi nəzərdə tutulmuş, lakin problem bu günədək həllini tapmayıb. İl ərzində bir neçə dəfə Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə bir neçə dəfə müraciətlər göndərilib. Eyni zamanda baş nazirə ünvanlanan məktubların birində qeyd olunub ki, “Günəşli” Bağlar Massivi və keçmiş Tərəvəzçilik sovxozunda əhalinin sayının artması ilə əlaqədar yeni məktəbəqədər müəsisələrin tikintisinə ehtiyac var. Mingəçevir kəndi kimi tanınan ərazidə də takintisi yarımçıq qalmış uşaq bağçası binasının davam etdirilməsinin zəririliyi baş nazirin diqqətinə çatdırılıb. Son 12 il ərzində İH-nin xəttilə 10 saylı bağçada təmir işləri aparılıb, 1 və 12 saylı bağçalarda əsaslı təmir işləri görülüb. Texniki Yaradıcılıq Mərkəzinin yerində yerləşən 7 saylı bağça Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunub. O ki qaldı fiziki məhdudiyyətli uşaqlara, onlar üçün yalnız 9 saylı məktəbdə şərait yaradılıb, digər məktəblər isə ev təhsili formasını seçiblər.

E.Əliyev əlavə edib ki, keçmiş Toxuculuq Kombinatına məxsus olan 1 və 2 saylı bağçalar İH-nə təhvil verilənədək fəaliyyətsiz idi. Orada məcburi köçkünlər yaşayırdılar. İndi də yenidən Təhsil Nazirliyinə təhvil qaytarılıb. Pandemiyadan əvvəl 1, 7 və 10 saylı bağçalarda 4 yeni qrupun açılması ilə bağlı İqtisadiyyat və Maliyyə Nazirliklərinə İcra Hakimiyyətinə rəsmi müraciət olunub. Pandemiyadan sonra 10 saylı bağçada 2 yeni qrup fəaliyyətə başlamışdır.   Yevlax-Mingəçevir seçki dairəsi üzrə deputat seçilmiş Əli Hüseynlinin təşəbbüsü üzrə 15 saylı bağçasında təmir işləri aparılıb. Yeri gəlmişkən, İcra Hakimiyyəti hər il məktəblərin və məktəbəqədər müəssisələrin investisiya proqramına salınması ilə bağlı təkliflərini verir.

Şura sədri Fərman Nəbiyev birinci məsələ ilə bağlı müzakirəyə yekun vuraraq, vurğulayıb ki, ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrinə ehtiyac artmaqdadır və mövcud tələbi ödəmir. Mingəçevirdə yeni bağçaların tikliməsinə, eyni zamanda mövcud bağçalarda yeni qrupların açılmasına ciddi tələbat var: “Biz bir tərəfdən qadınların iqtisadi səlahiyyətləndirilməsini təşviq edirik, digər tərəfdən isə işə gedən qadının bağça yaşlı uşaqlarının harda qalacağı ilə bağlı problemi uzun müddətdir həll edə bilmirik. İşləməyən qadın isə dövlətə yükdür, çünki övladlarına baxmaq üçün dövlətdən yardım almaq yolunu seçir. Düşünürəm ki, Mingəçevirdə uşaq bağçalarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı İctimai Şura adından Təhsil və Elm Nazirliyinə və nazirlik yanında İctimai Şurayaa məktub göndərə bilərik”.

İkinci məsələ ilə bağlı İctimai Şuranın sədri Fərman Nəbiyevin məruzəsi dinənilib. O, qeyd edib ki, imkansız ailələrin övladlarının ali məktəblərə hazırlığı üçün orta məktəblərdə ödənişsiz kursların təşkili ilə bağlı məsələ vaxtaşırı qaldırılıb: “Hətta İcra Hakimiyyətində təhsillə bağlı məsələ müzakirə olunarkən biz bunu xüsusikə vurğuladıq. Kiminsə pulu var, övladını fərdi müəllim yanına göndərə bilir və sonra da qəbul imtahanlarında yaxşı nəticə göstərir. Amma imkansız ailələrin də qabiliyyətli övladları var, amma normal təhsil ala bilmədiklərindən universitetlərə çıxış imkanları qazana bilmirlər. Gəlin qəbul edək ki, orta məktəblərin hazırkı proqramı ali məktəbə qəbul olunmaq üçün yetərli deyil. Onsuz da əksər müəllimlər həm orta məktəbdə tədris aparır, həm də repetitorluqla məşğuldurlar. Biz təklif etmişik ki, həmin müəllimlərin üzərinə bir öhdəlik qoymaq olar ki, çalışdıqları məktəblərdə imkansız ailələrin övladlarını dərsdənkənar hazırlığa cəlb etsinlər, təbii ki, ödəniş tələb etmədən, ya da cüzi ödənişlə. Bizim məlumatımıza görə, Təhsil Nazirliyi gələcəkdə prosesi tənzimləmək fikrindədir. Belə ki, əksər məktəblər 9 illik icbari məktəbə çevriləcək, az sayda məktəb isə yalnız 10-11-ci siniflər üçün universitetlərə hazırlıq prosesini həyata keçirəcək. Bu məktəblərə yüksək məvaciblə hazırda repetitorluq işini görən şəxslər cəlb olunacaq. Həm də bu proses gələcəkdə məktəblərin özünəmaliyyələşmə mexanizminə keçməsi ilə paralel aparılacaq. Amma hökumət buna nə vaxt başlayacaq, hələ məlum deyil. Məktəb rəhbərləri deyirlər ki, hətta ən yaxşı məktəb qurulsa da, valideylər yaxşı təhsili kənarda-repetitor yanında axtarır. Amma sirr deyil ki, indi ibtidai sinifdən də uşaqların repetitor yanına göndərilməsi adiləşib. Bəz biz orta məktəbi necə görmək istəyirik? Hazırkı şəraitdə nəyi dəyişməliyik? Nə kimi yolllar təklif edə bilərik?”

İctimai Şura üzvü İnqilab Şirinli bildirib ki, 24 ildir təhsil sistemində çalışır:  “Təhsildə islahat olmalıdır, amma təhsil təcrübə poliqonuna çevrilməməlidir. Bu gün orta məktəbin tədris proqramında verilən bilgi ilə qəbul proqramı-Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın sualları arasında kəskin fərq var. Səhv etmirəmsə, Regional Təhsil İdarəsinin təhsil könüllüləri proqramı var. Məncə bu proqram üzrə müəllimləri məktəblərdə imkansız ailələrin övladları üçün əlavə qruplarda hazırlıqları aparmağa cəlb etmək olar. Amma könüllü olduğu üçün bu işi candərdi etməməlidir. Bu işi fakültətiv məşğələlər vasitəsilə də etmək mümkündür və bu məşğələlərin saatları artırılmalıdır”.

İclasa yekun vuran Şura sədri ümid etdiyini bildirib ki, həm könüllü müəllimlərin, həm də fakültətiv məşğələlərin köməyi ilə imkansız ailələrin övladlarının universitetlərə çıxışına kömək etmək olar: “Düşünürəm ki, bununla bağlı Regional Təhsil İdarəsinə məktub ünvanlaya bilərik. Biz idarənin rəisi Elçin Kərimov ilə bu yaxınlarda Yevlaxda görüşərkən onun problemlərin həllinə həssas yanaşdığının şahidi olduq. Məncə biz Regional Təhsil İdarəsi qarşısında məsələni qaldırmaqla prosesə start verə bilərik. Gələcəkdə isə bunu hərəkata çevirərik”.

İclas hər iki məsələ ilə bağlı müvafiq qərar qəbul edilib. Mingəçevirdə məktəbəqədər müəssisələrə ehtiyacın ödənilməsi və mövcud müəssisələrdə təmir və əsaslı təmir aparılmasına diqqəti artırmaqla bağlı Təhsil Nazirliyinə, şəhərin orta məktəblərində imkansız ailələrin övladlarınının ali təhsilə əlçatanlığını təmin etmək məqsədilə məktəblərdə fakültətiv məşğələ imkanlarını və könüllülük hərəkatını dəyərləndirmək üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinə müraciətlər göndərilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.