Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə birinci mono tamaşalar festivalı nə ilə yadda qaldı?

Açılış mərasiminə qatılan hökumət rəsmiləri iki istirahət günündən ən azı birini səhərdən axşama qədər Mingəçevir teatrına “xərcləsəydilər”, orucluq günlərində xeyli savab qazanardılar

Kür üstündəki şəhərdə Azərbaycan teatrının 150 və Mingəçevir teatrının 55 illik yubileyləri əvvəlki illərdən fərqli forma və məzmunu ilə diqqəti cəlb etdi. Aprelin 15 və 16-da ölkədə ilk dəfə baş tutan “Bir teatr-bir festival” mono tamaşalar festivalında yerli sakinlərlə bərabər paytaxt və bölgə teatrlarından gələn qonaqlar 20-dək tamaşanın ayrı-ayrı versiyalarını izləyə bildilər. Həm gənc, həm də peşəkar aktyorlar iki gündə 3 məkanda-teatrın böyük və kiçik zallarının, eyni zamanda direktor kabinetinin səhnələrində potensialllarını ortaya qoyaraq, nəyə qadir olduqlarını nümayiş etdirdilər.
Bəzən aktyorlar belə fikir səsləndirirlər ki, tərəfmüqabili zəif olduğu üçün oyunu alınmır. Amma bu dəfə bəhanələrə yer qalmadı. Hər kəsə öz rolunu təkbaşına təqdim etmək şansı verildi. Məlum oldu ki, bu insanlara indiyədək daxili imkanlarını üzə çıxartmağa münbit şərait yaradılmayıb. Xüsusən teatrın keçmiş rəhbərlərinin dövründə bu müqəddəs sənət ocağı söz-söhbət yuvasına çevrilib. Amma baş rejissor və direktorun dəyişməsindən sonra köhnə kollektivdə sağlam yaradıcı mühit formalaşıb. İndi burada hamı yaxşı repertuar seçimindən, uğurlu tamaşa həllindən danışır. İş-gücdən dedi-qoduya vaxt qalmayıb. Və belə vəziyyət son vaxtlara qədər tamaşaçısız qalan, bilet sata bilməyən əyalət teatrını bağlanmaq təhlükəsindən xilas edib.
Adətən insanlar ən yaxşı halda ayda bir-iki tamaşanı canlı izləyə bilirlər. Mingəçevir teatrsevərlərinin isə bəxti gətirdi. 2 gün ərzində 20-yə yaxın versiyaya baxmaq, sonda fikirlərini bölüşmək, hətta iradlarını bildirmək fürsəti qazandılar. Teatrın uzun illər bağlı qalan yeməkxanası da bu dəfə nəfəs aldı: çay və nahar fasilələrində masa arxası təkcə qəlyanaltı deyil, həm də müzakirə yerinə çevrildi.
Təbii ki, festival müsabiqə deyil və onun da fərdi qalibləri olmur. Amma mənim nəzərimdə 2-3 versiya zalı və tamaşaçını daha çox titrətdi. Oğlunu evləndirmək, qızını köçürmək, xoşbəxt yaşamaq istəyən anaya Qarabağ faciəsinin gətirdiyi dəhşətləri Afət Əliyeva “Adsız” tamaşasının monoloqunda çılpaqlığı ilə çatdıra bildi. Yıxıldıqdan sonra şan-şöhrətini, gələcəyini itirən məşhur sənət ustasının ümidsizlik bataqlığında hıçqırtıları Şıxı Yaqubovun gözlərindən axan yaşa döndü (“Son reportaj. İblisin monoloqu”). “Kibrit satan qız”ın səhnə tərtibatı isə sözün əsl mənasında şok yaratdı: Aktrisa Aytən İsmayılova ilə birgə tamaşaçılar da qışın soyuğundan üşüyən insanlara “çevrildilər”.
Festivalda teatrın aktyorlarından Ella Yaqubova və Aydın Quliyev özlərinə məxsus yazılarına səhnə quruluşu verərək, tamaşaçı qarşısına çıxdılar. Onlar peşəkar yazıçı və ssenaristlər deyillər, amma səhnəyə yenilik gətirmək cəhdləri təqdirə layiqdir.
Təbii ki, açılış mərasiminə qatılan hökumət rəsmiləri iki istirahət günündən ən azı birini səhərdən axşama qədər Mingəçevir teatrına “xərcləsəydilər”, orucluq günlərində xeyli savab qazanardılar. Amma bu mənəvi qidadan dada bilməyənlər özləri itirdilər.

Şərhlər bağlıdır.