Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş konfrans

95

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “Xocalı faciəsi: erməni terrorunun təzahürü” mövzusunda elmi konfrans keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynovun moderatorluğu ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov otuz il ötməsinə baxmayaraq xalqımızın qan yaddaşına həkk olan Xocalı soyqırımının hər il eyni acı ilə xatırlandığını və heç bir zaman unudulmayacağını bildirib, faciə qurbanlarının daim böyük ehtiramla və rəhmətlə anıldığını qeyd edib.

Respublikada Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan çoxlu sayda tədbirlərin reallaşdırıldığını diqqətə çatdıran Ş.Bayramov bu çərçivədə son günlərdə MDU-da xüsusi mühazirələrin, konfransların və anım tədbirlərinin keçirildiyini, Xocalıdan olan məcburi köçkün ailələrinin ziyarət edildiyini və faciənin canlı şahidləri ilə görüşlərin təşkil edildiyini bildirib. Rektor vurğulayıb ki, gənc nəslin maarifləndirilməsində və vətənpərvərlik ruhunda yetişdirilməsində bu tədbirlər mühüm rol oynayır.

Konfransda iştirakına görə türk tarixçi alim və politoloq Mehmet Perinçekə təşəkkürünü bildirən rektor qeyd edib ki, tarixi həqiqətlərin araşdırılması, aşkara çıxarılması və dünya ictimaiyyətinə çatdırılmasında, uzun illər boyu xalqımıza qarşı yönəlmiş erməni millətçilərinin vəhşi, vandal və terrorçu xislətinin ifşa olunmasında yerli və xarici alimlərin birgə elmi fəaliyyətləri xüsusi önəm kəsb edir.

Universitetdə tarix müəllimliyi üzrə pedaqoji kadr hazırlığının həyata keçirildiyini və tarix elmi istiqamətində müvafiq tədqiqatların yerinə yetirildiyini diqqətə çatdıran Ş.Bayramov konfransda əldə edilən konkret nəticələrin bu istiqamətdəki fəaliyyətlərə töhfə verəcəyinə əminliyini söyləyib və iştirakçılara uğurlar arzulayıb.

MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən tarixçi alim Mehmet Perinçek dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Konfransda M.Perinçek “Erməni terroru: tarixi hadisələr, faktlar, sənədlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində tarixçi alim uzun illər araşdırdığı çar Rusiyası və sovet dönəminə dair arxiv sənədlərindən bəhs edib və erməni millətçilərinin terror siyasətini ifşa edən faktlardan danışıb.

Sonra, MDU-nun akademik heyət üzvlərindən İlham Məmmədov “Xocalı soyqırımı ksenofobiyanın və etnofobiyanın radikal təzühürüdür”, Mətanət Yusifova “Xocalı soyqırımı hərbi-siyasi cinayət kontekstində”, Tahirə Quliyeva “Xocalı soyqırımı azərbaycanlılara qarşı çoxəsrlik etnik təmizləmə aktının davamı kimi”, Şəfa Quliyeva “Xocalıya ədalət və ədalətin təntənəsi!  Xocalı faciəsinin hüquqi aspektləri”, Gülər Əjdərzadə “44 günlük Vətən müharibəsi və Xocalı intiqamı” və Aygün Qədirova “Xocalı dünən və bu gün: Xocalı faciəsi milli şüurun və tarixi yaddaşın obyekti kimi” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

Şərhlər bağlıdır.