Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Anar İsmayılov hesab edir ki, bu günkü “İxriraçı Gənclər” sabahın alimləridir

Ötən ilin sentyabr ayının 15-dən başlayan “İxtiraçı Gənclər – “Sabahın alimləri” respublika müsabiqəsinə hazırlıq”  layihəsinə bu yekun vurulub. Bu münasibətlə 13 saylı məktəbdə bağlanış və mükafatlandırma mərasimi keçirilib. Dövlət Himni oxunduqdan sonra 7 saylı məktəbin direktoru və layihənin rəhbəri Anar İsmayılov 5 aydan artıq müddət ərzində görülən işlər və əldə edilən nəticələrdən danışıb: “Məqsədimiz yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq idi. Çox sevindiricidir ki, bu gün şagirdlərimiz “İxtiraçı Gənclər”ə, sabah isə alimlərə çavrilirlər. Belə yeniyetmələrin arasından hər il ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədlər müəyyənləşdirilir”.

Layihə rəhbəri diqqətə çatdırıb ki, iştirakçı kimi seçilən  60 şagirdə  8 fərqli mövzuda təlimlər keçirilib. Təlimləri “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri, fizika – riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti Samir Orucov aparıb.

Mərasimdə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov orta məktəb və universitet əlaqələrindən bəhs edib və  deyib ki, təhsil varisliyə söykənir: “Bu günkü orta məktəb şagirdi sabah universitet tələbəsi olur, universiteti bitirdikdən sonra yenidən məktəbə qayıdıb, şagird və tələbə yetişdiririr, yaxud digər sahələrə töhfəsini verir. Biz çalışırıq ki, belə dövrülük keyfiyyətli olsun və  cəmiyyətə faydasını versin”.

Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Cəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov da layihənin uğula bitdiyini vurğulayıblar. Layihənin eksperti Etiram Sadıqzadə isə hələ şagird yaşlarından ictimai və sosial fəaliyyətə qoşulmağın faydası barədə  fikirlərini bölüşüb: “Mən təhsil alarkən heç bir tədbirdən qalmırdım. Buna görə də evdə tapılmırdım. Hətta valideynlərim məni “dəli” hesab edirdilər. 30 nəfərlik qrupumuzda mən və bir yoldaşım belə idi. Bu gün isə daha çox qəbul olunan və pul qazana bilən biz ikimizik”.

Mərasim qalib və iştirakçıların, eyni zamanda layihənin icrasına dəstək göstərən müəllim və KİV nümayəndələrinin mükafatlandırılması ilə başa çatıb.

R.Mirabov adına 7 saylı tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsində “İxtiraçı gənclər –Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlıq layihəsi ilə qalib gələrək, maliyyə dəstəyi qazanan təhsil müəssisələrindəndir.

Şərhlər bağlıdır.