Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xocalı faciəsinin otuzuncu ildönümnə həsr olunmuş silsilə mühazirələr

121

2022-ci ilin 23-25 fevral tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda silsilə mühazirələr təşkil olunub.

Tələbə və magistrantların iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən mühazirələrdə MDU-nun Humanitar fənlər kafedrasının akademik heyət üzvləri Mirzə Cavadov, Leyla Babayeva və Vüsalə Mövlayeva məruzələrlə çıxış ediblər.

Mühazirələrdə dövrün ictimai-siyasi şəraitindən, erməni millətçilərinin azərbaycanlılara qarşı düşmən münasibətlərinin tarixi köklərindən, onların məkirli planlarından, vəhşi və terrorçu xislətindən bəhs edən məruzəçilər Xocalı faciəsini dünya tarixində insanlıq əleyhinə törədilən ən qəddar soyqırım hadisəsi kimi dəyərləndirib, konkret faktlara istinad edərək amansız qətliamın və tarixi cinayətin miqyası və dəhşətləri barədə ətraflı danışıblar. Bildirilib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qəhrəman əsgər və zabitlərimiz döyüş meydanlarında düşmənə sarsıdıcı zərbə vuraraq tarixi ədaləti bərpa ediblər və şəhidlərimizin qanlarını yerdə qoymayıblar.

İnformasiya mübarizəsinin gücləndiyi müasir dövrdə tarixi həqiqətlərin öyrənilməsi və təbliğ edilməsinin vacib vəzifələrdən olduğunu diqqətə çatdıran mühazirəçilər qan yaddaşımıza həkk olan Xocalı soyqırımı, eləcə də digər hadisələr barədə dünya ictimaiyyətinin davamlı olaraq məlumatlandırılmasında gəncləri daha fəal olmağa çağırıb və onlara müvafiq tövsiyələrini veriblər.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, tələbə və magistrantların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Şərhlər bağlıdır.