Media azadlığı media məsuliyyəti fonunda
Məqsəd mətbuata daha da çox azadlıq verməkdir
Dünyanın sivil ölkələrində olduğu kimi, Azərbaycanda da KİV-in normal fəaliyyət göstərməsi üçün hüququ və iqtisadi baza mövcudur. 16 il əvvəl mətbuat üzərində senzuranı həyata keçirən dövlət nəzarəti orqanı ləğv edilib, medianın iqtisadi müstəqilliyini möhkəmlətmək üçün \”Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası\” qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.
“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir\”.
Bu fikirlərin müəllifi, ölkədə milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə 2002-ci ildə “Jurnalistlərin dostu\” mükafatına layiq görülən Heydər Əliyev açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi: \”Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir\”.
Dövlətin maraqlarını qorumaq üçün
Ümummilli liderin oğlu və siyasi varisi Prezident İlham Əliyevin KİV-in inkişafına, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair imzaladığı sərəncamlar da mətbuata diqqət və qayğının bariz ifadəsidir. 2 dəfə \”Jurnalistlərin dostu\” mükafatına layiq görülən ölkə başçısı bunu əməyinə verilən qiymət kimi xarakterizə edir: \”Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini \”Jurnalistlərin dostu\” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur\”.
İ.Əliyev hesab edir ki, dövlət maraqlarını qorumaq üçün də bu addımların atılması zəruridir: “Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq\”.
Gerçəkliyin insanlara çatdırılmasını mətbuatın əsas vəzifəsi sayan cənab Prezident cəmiyyətin müsbət notlar üzərində köklənməsini, insanlarda xoş ovqat yaradılmasını da vacib bilir: \”Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun\”.
Çıxş yolu maarifləndimədən keçir
Jurnalist və media qurumu üçün informasiyanın yayılmasından cəmiyyyətin nə dərəcədə fayda götürməsi həmişə aktual məsələ olub. Yəni ictimai önəm daşıyan informasiya yayılan zaman həddən ziyadə məsuliyyətli olmaq, həmin məlumatın gətirə biləcəyi nəticə və hətta fəsadları nəzərə almaq vacibdir.
“Təəssüf ki, sosial şəbəkələrdə təhqirlər və digər xoşagəlməz hallar yer alır. Bu da bəzən intiharlara, ailələrin dağılmasına gətirib çıxarır”.
Sosial mediadan çirkin məqsədlər üçün istifadə edənlərin artmasına təəssüflənfiyini bildirən AMİ Mingəçevir filialının müəllimi, psixoloq İlhamə İsmayılova çıxış yolunu ictimaiyyətin rolunu artırmaqda görür.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin eksperti Tofiq Türkelin sözlərinə görə, virtual aləmdə neqativlərin qarşısını almaq üçün konkret reseptlər yoxdur: “Maarifləndirmə ilə sosial şəbəkələrdə olan insanların daha dözümlü və səbrliliyinə nail olmaq olar. Bir insanın hər hansı bir şey haqqında daha məlumatlı olması neqativ halların qarşısını ala bilər”.
İnternet ailə dəyərlərinə ciddi təsir edir
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin fikrincə, dünya praktikasında yeni mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulur: “Bizdə də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə tutulur. İnformasiya yaymaqla bağlı bu müddəaları vahid bir məcəllədə birləşdirmək məqsədəuyğun olardı”.
Azərbaycanda əhalinin 70%-nin internet istifadəçisi olduğunu xatırladan jurnalist Seymur Verdizadə internetin ailə dəyərlərinə təsir etdiyini vurğulayır: “Narahatlıq doğuran həm də budur ki, artıq virtual məkandan real həyata gələn və insanların həyatını korlayan hallar artmaqdadır. Bunlar isə sağlam Azətbaycan ailəsini dağıdır”.
Bir çox yeni media orqanlarının fəaliyyəti cəmiyyətin tələblərinə adekvat deyil
«RUH» AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov hesab edir ki, internet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri olmalıdır: “Təəssüf ki, internet media ilə bağlı yeni praktik situasiyaların şahidi oluruq. Burada mənəvi dəyərlərin qorunmasına lazımı qədər riayət olunmur. Xüsusən bir çox yeni internet media orqanlarının fəaliyyəti cəmiyyətin tələblərinə adekvat deyil»
Dünya miqyasında internetin hüquqi tənzimlənməsi praktikasına üstünlük verilmədiyini vurğulayan Ə.Rüstəmov belə bir durumda ictimai tənzimlənmənin aktual tərəflərinə diqqət çəkir. Əlavə edir ki, ictimaiyyətin diqqəti internet media müstəvisində meydana çıxan və milli-mənəvi dəyərlərin pozulması ilə müşaiyət olunan məsələlərə yönləndirilməlidir.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Nigar Ağakişiyeva Şuranın son illər mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrə daha çox yer ayırdığını vurğulayır: “Biz Azərbaycan ailəsini qorumağın vacib olduğunu, eyni zamanda internetin buna təsirlərindən kanarda qalmaq olmadığını başa düşürük. Buna görə də maarifləndirici layihələrə dövlət davamlı olara dəstək verir”.
Bütün tərəflərin mövqeləri öyrənilməlidir
Bu gün azad fikirlə medianın ictimai məsuliyyəti bir-birini tamamlamır. Xüsusən sosial şəbəkələrdə və xəbər portallarında obyektivliyin gözlənilmədiyinin, qərəzliyə yol verildiyinin şahidi oluruq. Təqdim olunan xəbərlərin və araşdırmaların əksəriyyətində bütün tərəflərin mövqeləri öyrənilmir, faktların təhrifinə yol verilir, Nəticədə informasiyanın dövlət və kommersiya sirrinə, qadağan edilmiş informasiyalar kateqoriyasına, şəxsi həyata aid olması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalar çox vaxt “unudulur”.
Bir sıra ekspertlərin fikrincə, media ilə bağlı qanunvericiliyə və digər qanunlara dəyişiklik etməklə hüquqi tənzimləmələr aparılmasını ehtiyac var. Əslində “KİV haqqında” qanunda informasiyanın ictimai məsuliyyəti nəzərdə tutulur. Amma gerçəklikdə bu məsuliyyət hissi bir kənara qoyulur, yayılan informasiyaların çoxu şəxsi xarakter daşıyır.
Yeni media sahəsində də özünü tənzimləmə prosesinə başlamaq təklif olunur
Ekspert Azər Həsrət Azərbaycanda fikir azadlığı və media azadlığı üçün demək olar ki, bütün gərəkli şərait yaradıldığını, dövlətin bu yöndə üzərinə düşəni etdiyini deyir: “Yəni bu gün hətta bizi tez-tez tənqid etməyə alışmış bir çox beynəlxalq təşkilatlar belə, ölkəmizdə ifadə və media azadlığı məsələlərində yetərincə yüksək standartlara uyğun hüquqi bazanın mövcudluğunu etiraf edirlər. Bu, məsələnin bir tərəfidir və yaxşı göstəricidir. Ancaq təəssüflər olsun ki, yaradılmış əlverişli şəraitdən sui-istifadə halları da yox deyil. Ölkəmizdə elə kəsimlər var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfislərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Bu baxımdan deyərdim ki, ölkə mediasının ictimai məsuliyyətini anlamadığı hallar da az deyil”.
Yeni mediada ictimai məsuliyyət məsələsinin ənənəvi media ilə müqayisədə daha dözülməz olduğuna diqqəti yönəldən A.Həsrətin fikrincə, bu sahədə də özünütənzimləmə prosesinə başlamaq lazımdır: “Konkret yeni media ilə bağlı qanunun qəbulu ilə bağlı hələ ki, ciddi bir addım atılmayıb. Amma düşünürük ki, artıq belə təşəbbüslərin zamanı çatıb. Burada söhbət yeni media sahəsində hansısa məhdudiyyətlərin tətbiqindən getmir. Bizim istəyimiz yalnız odur ki, yeni mediadakı hərc-mərclik aradan qaldırılsın. Bunun üçünsə, təbii ki, bəlli bir tənzimləyici sənədə ehtiyac var. Düşünürəm ki, bu yöndə Mətbuat Şurasının üzərinə əlavə vəzifə düşür”.
Hər bir KİV məsuliyyətsiz addımdan çəkinməlidir
Böyük Britaniya Mətbuat Şurasının üzvü Aydan Vaytın sözlərinə görə, medianın özünütənzimləmə şərtlərindən biri KİV sahiblərinin şəffaflığı və peşə etikası normalarına riayət etməklə bağlı könüllü öhdəlikləridir: “Digər tərəfdən, özünütənzimləmə həm redaksiyaların nizamnamələri, həm də KİV-lər arasında peşə etikası normalarına riayət edilməsi haqqında sazişlərlə həyata keçirilir. Bununla belə internet geniş imkanlarla yanaşı, hədələrdən, təhqirlərdən, böhtandan müdafiə üçün yeni çağırışlar doğurub və bu sahədə on-line jurnalistikanın özünütənzimləmə və məsuliyyət mexanizmlərini işləyib hazırlamaq lazımdır”.
Medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Şuranın icraçı katibi Rəhim Hüseynzadənin dediyinə görə, qurum jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması üçün son 11 il ərzində ciddi işlər görüb: “Media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantları araşdırılıb, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılması həyata keçirilib. Şurada təkcə bu ilin 6 ayı ərzində 651 müraciət və şikayətə baxılıb ki, onlardan 499-u KİV-dən şikayət idi. Hazırda 79 nəşrin adı “qara siyahı”dadır. Bununla da çoxsaylı KİV-ləri məhkəmə çəkişmələrindən xilas etməyə nail olmuşuq. Amma bütün bunlar nə həmin, nə də başqa KİV-ləri gələcəkdə məsuliyyətsiz addımlar atmaqdan sığortalamır”.
Şərhlər bağlıdır.