Araşdırma

Azərbaycanda sığorta bazarı niyə yerində sayır?

Dünya Bankı ekspertlərinin hesablamalarına görə, “batmaqda” olan yerli sığorta bazarının potensialı 4,4 milyard, real sığorta yığımı isə 600-640 milyon dollardır

“İldə cəmi 150 manat ödəyirəm, evdə də arxayın yatıram”

Knyaz Kərimov “Sputnik AEM” adlı marketini 30 il əvvəl tikdirib və yeddi il əvvəl həyat yoldaşına icarəyə verib. Xanımı Gülbəniz Kərimova da ehtiyatlı tərpənib, vaxtı itrirmədən obyekti sığortaladıb: “2007-ci ildə “Azərsığorta” şirkəti ilə obyektin yanğından mühafizəsi məqsədilə sığorta müqavilə bağladım. Aradan heç 3 ay keçməmiş mağaza enerjidə olan nasazlıqdan, yəni qisa qapanmadan yandı. 100 min manata yaxın ərzaq və parfümeriya mallarımdan çox az şey qaldı. Mən ölməmişdimsə də, ölmüşə tay idim. Elə bu anda sığorta müqaviləsi yadıma düşdü. Müraciət edən kimi gəldilər. Müəyyən sənədləşmədən sonra bizə 6 min manat ödədilər”.
Gülbəniz xanım deyir ki, həmin vəsaitlə mağazanı yenidən bərpa etdirib: “O pul olmasaydı, mən itkilərin yerini necə doldura bilərdim? Bəzi firmalarla danışıqlar apardım. Zədələnməmiş malları yenisi ilə əvəz etdilər. Bankdan götürdüyümüz kreditlə borclu olduğumuz firmalara borcumuzu ödədik. Kim deyir ki, obyektimi sığortalatdım, başıma iş gəldi, sığorta şirkəti mənə pul vermədi, mən buna inanmıram. Mən sığorta işçilərindən çox razı qaldım”.
G.Kərimova deyir ki, cəmi bicə dəfə səhv edib, onun da acısını hələ uzun illər dadacaq: “Bizdə qəribə arxayınlaşma var. Bu, hamıya, elə mənə də aiddir. Bəzən qaydalara düzgün əməl etmirik, sonra da kimdənsə narazılığımız olur. Ötən il siğorta müqaviləsinin vaxtı bir ay idi ki, bitmişdi. Deyirdim ki, gedib, yenisini bağlayacam. Hər dəfə bir iş çıxırdı, günü günə satırdım. Bir gün işə gələndə gördüm ki, obyektin qarşısındaki küknar ağacı qırılıb düşüb mağazanın üstünə. Buna görə isə sığortadan vəsait ala bilmədim. Mən onda səhvimi başa düşdüm. Əgər vaxtında müqavilə bağlasaydım, belə qəzadan sonra mənə zərəri aradan qaldırmaq üçün yardım olunardı. Bu, mənə dərs oldu. İndi müxtəlif qəzalardan, təbii fəlakətlərdən, oğurluq və yanğın hadisələrindən əmlakımı sığortalamışam. İldə cəmi 150 manat ödəyirəm, evdə də arxayın yatıram”.

Risklər həmişə var

Dövlət Sığorta Şirkəti Mingəçevir filialının direktoru Nazim Səfərov deyir ki, yanğından sığorta binalara və onların içindəkilərə yanğın, ildırım, qizdırmaq və bişirmək kimi məişət məqsədləri üçün istifadə olunan qazın və ya buxar qazanlarının partlaması nəticəsində dəyən zərərlər üzrə riskləri əhatə edir: “Belə risklər həm evlərdə, həm də kommersiya istehsalat məqsədləri üçün istifadə edilən bina və tikililərdə baş verə biləcək hadisələri ehtiva edir”.
N.Səfrovun dediyinə görə, yanğınla bağlı riskləri əhatə edən standart sığorta müqaviləsi üzrə verilən təminat əlavə sığorta haqqı müqabilində digər risklərdən təminatla da genişlındirilə bilər: “Məsələn, kimsə partlayış (buxar qazanı və bu kimi səbəblərdən olmayan), qiyam, insanların qəzəbli hərəkətləri, zəlzələ, nəqliyyat vasitələrinin və digər kənar predmetlərin təsiri, tufan, daşqın, boru partlayışı, su sizması, oğurluq və digər bu kimi səbəblərdən də əmlakına dəyən zərərlərə təminat verilməsini istəyirsə, standart sığorta şəhadətnaməsi üçün ödədiyindən daha yüksək məbləğdə sığorta haqqı ödəməli olacaq. Lakin əmlakın oğurluq riskindən sığortalanması halında o zaman sığorta ödənişi verilir ki, əmlak bütün təhlükəsizlik tədbirlərinə əməl edilməsinə baxmayaraq, oğurlanmış olsun. Yəni evin qapısını bağlamağı unudan şəxs oğurluq baş verdiyi halda ödəniş ala bilməyəcək. Yəni sığortalanan obyektə giriş və ya çıxış zorakı vasitələrlə edilərsə, oğru məkana daxil olmaq üçün təhlükəsizlik vasitələrini dəf edərsə, bu halda oğurluq sığorta hadisəsi sayılacaq”.
Filialın direktoru onu da əlavə etdi ki, yanğın və oğurluq təminatlarında itki və ya zərər konkret bir riskin – yanğın və ya oğurluğun reallaşmasının nəticəsi olmalıdır, lakin əmlakın zərər çəkə biləcəyi başqa hallar da mümkündür və belə hallar üçün əmlakın bütün risklərdən sığortası təminatı təklif olunur: “Bu təminatda əmlak istənilən itkidən və ya zərərdən (o cümlədən yanğın və oğurluqdan) sığorta edilir. İstisnalar, yəni sığorta ödənişinin verilməyəcəyi hallar çox az olur. Məsələn, ən əsas istisnalar şüşənin, farforun və s. bu kimi əşyaların sınması, köhnəlmə, iqlim dəyişikliyinin və həşəratların vurduğu zərərlərə aid olur”.

“Sığorta şirkətlərini qohumlara bənzətmək olar”

“Başqa xalqlara yaxşı mənada həsəd aparmaq olar. Onlar ilin 10-11 ayını işləyib, 1-2 ay istirahət etmək üçün dünya səyahətinə çıxırlar. Əcnəbilərdən fərqli olaraq, biz firavan yaşamaq, övladlarımızın gələcəyini təmin etmək üçün uzun illər əlimizə düşəni toplayır, onu çayxana, market və başqa gəlir gətirən obyektlərin tikintisinə xərcləyirik. Günlərin birində isə ya vəlvələdən, ya zəlzələdən baş verən bədbəxt hadisədən olan-qalanımız əlimizdən çıxır. Müflisləşmiş insanın yenidən güc tapıb, ayağa qalxması isə onun sağlamlığını və illərini aparır. Bəzən qohum-əqrəba yığışıb, “yıxılmış”a kömək edirlər. Sığorta şirkətlərini də qohumlara bənzətmək olar”.
Atəşgah Sığorta Şirkətinin Qərb Regionları üzrə Satışların İdarəedilməsi Şöbəsinin mütəxəsisi Xəyalə Qarayeva belə düşünür. O, deyir ki, gündəlik həyatımızda hər an birbaşa olaraq bizim və ya tanışlarımızın başına gələn hadisələrin şahidi olur, bu barədə xəbərlərə televiziyada, internetdə, qəzetlərdə tez-tez rast gəlirik: “Bu cür qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur, yaranan maddi fəsadları minimallaşdırmaq üçün isə mexanizm var. Bu mexanizm sığortadır. Sığorta – qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Öncədən sığorta şirkəti ilə müqavilə bağlayanlar maşınını, evini, uşağını, özünü qarşılaşa biləcəyi maddi zərərdən qorumuş olur”.

“İnsanlar düşünürlər ki, sığortaçılar onların hesabına varlanırlar”

Hüquq müdafiəçisi Cianşa Ömərovun fikrincə, sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün tərəflərini əhаtə еtməкlə əhаlinin mаddi rifаhının və sаhibкаrlıq risкinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və fövqəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qоrunmаsınа, dövlətin mаliyyə sistеminin möhкəmləndirilməsinə təsir göstərir: “Qanuna görə, heç bir məcburi sığorta obyekti kənarda qala bilməz. Sığortaçının sığortalanmış əmlakdan istifadə etdiyi bütün dövr ərzində məcburi sığorta fəaliyyətdə olur, əmlakın başqasına keçməsi vaxtı da dayandırılmır. Yalnız sahibsiz və köhnəlmiş əmlak bu sığortaya aid edilmir, sığortalanmış əmlak öldükdə və ya məhv olduqda öz qüvvəsini itirir”.
Hüquqşunas onu da dedi ki, məcburi sığоrtаdаn fərqli оlаrаq sığоrtаnın кönüllü fоrmаsı кönüllü müqаvilə əsasında bаğlаnılır: “Bu zaman кönüllü sığоrtа müqаviləsi əvvəlcədən müəyyən еdilmiş sığоrtа müddəti üçün bаğlаnılır. Qanun könüllü sığortaya aid olan bütün obyektləri müəyyənləşdirib. Konkret şərait sığorta qaydaları vasitəsilə tənzimlənir. Könüllü sığоrtаda fasiləsizlik yalnız müddət bitməmişdən qabaq təkrar müqavilənin bağlanması yolu ilə müəyyən edilir və sığоrtа ayırmalarının həm bir dəfəyə, həm də dövrü olaraq ödənilməsi şəraitində fəaliyyət göstərir”.
“Bəzən insanlar düşünürlər ki, sığortaçılar onların hesabına varlanırlar”. Bu məsələyə aydınlıq gətirən C. Ömərov deyir ki, sığorta ehtiyatları sığortaçılar tərəfindən şəxsi sığorta, əmlak sığortası və məsuliyyət sığortası üzrə alınmış sığorta haqqlarından əmələ gəlir, vergilər ödənildikdən sonra qalan vəsait sığortaçıların sərəncamına daxil olur: “Bu gəlirlərdən onlar öz fəaliyyətini təmin etmək üçün zəruri olan fondlar yarada bilərlər. Sığortaçılar sığorta ehtiyatlarını və digər vəsaitləri investisiya etmək və digər üsulla yerləşdirmək, eləcə də şəxsi müqaviləyə dair bağlanmış müqavilə üzrə sığorta məbləği həcmində bu müqaviləni bağlayan sığortaçılara borc vermək hüququna malikdir. Qanuna görə, öz tədiyyə qabiliyyətini təmin etmək üçün sığortaçılar aktivlərlə onların qəbul etdiyi sığorta öhdəlikləri arasında normativ nisbətlərə riayət etməlidirlər. Bəzən bu, pozulur”.

Sığorta bazarının problemləri

İnkişaf etmiş ölkələrdə insanlar sığorta mexanizmindən artıq uzun illərdir ki, bəhrələnirlər. Bu il təkcə həyat sığortası üçün ödənən vəsaitin 1,85 trilyon Euroya çatacağı gözlənilir. Bu, o deməkdir ki, insanlar dünyada baş verən hadisələr zamanı maddi itkilərinin qarşısını almaq üçün çıxış yolunu sığortada görürlər.
Lakin Azərbaycanın sığorta bazarındakı potensialın 15%-dən istifadə olunur. Fins.az-ın “Turan” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu qənaətə Dünya Bankının ekspertləri gəlib. Onların hesablamalarına görə, yerli sığorta bazarının potensialı 4,4 milyard dollar, real sığorta mükafatı yığımı isə 600-640 milyon dollardır.
İcbari Sığorta Bürosunun (İSB) rəhbəri Elxan Quliyevin fikrincə, ölkədə əhalinin icbari sığorta barəsində kifayət qədər məlumatlı olmaması bu sahə üzrə əsas problemlərdən biridir : \”Bir neçə ildir ki, biz əhalinin icbari sığortaya olan inam və etibarının təmin edilməsinə və əhalinin bu məsələ üzrə məlumatlandırılmasına çalışırıq. Bütün səylərə baxmayaraq, bugün əhalinin bu seqmentə inamı olduqca aşağıdır və bu problem hal-hazırda öz həllini gözləyən ən önəmli məsələdir. Dövlət Yol Polisindən verilən məlumata görə, keçən ilin sonlarına doğru ölkədə 1,2 milyondan çox avtomobil qeydiyyata alınmış və onlardan yalnız 600 mindən çoxu sığortalanmışdı\”.
Quliyevin sözlərinə görə, cari il ərzində zərərlilik dərəcəsinin 75-78% civarında dəyişəcəyi güman edilir: “Bu tendensiya sığorta bazarına ciddi mənfi təsiri ilə diqqət çəkəcək\”.
Başqa bir problem Maliyyə Nazirliyinin sığorta bazarını nizamlayan orqan kimi şirkətlər üçün nizamnamə kapitalınnı həcmini artırması ilə bağlıdır. Bu, Azərbaycan bazarında fəaliyyət göstərən xarici və yerli sığortaçıların bir qismini bağlanmaq təhlükəsi ilə üz-üzə qoyub. Ekspertlərin qənaətincə, onların əksəriyyəti 10 milyon manat sığorta ödənişi yığa bilmir, artımın olacağı da gözlənilmir. “Azadlıq” qəzeti məsələnin mahiyyətini inhisarçı qüvvələrin bu sahəni tam ələ keçirmək üçün indidən tədbirlər görməsi ilə izah edir. virtualaz.org səhifəsinin yazdığına görə, nizamnamə kapitalının artırılmasından sonra sığortaçılar sığorta fəaliyyətinin sərfəli olmayacağını görüb bazarı tərk edəcəklər: “Ola bilsin Maliyyə Nazirliyinin də məqsədi elə sığortaçıların sayını azaltmaqdır” .

Daha çox

Oxşar yazılar

Close