MDU Samir Zəngəzurlunun “Kədərinə vəfalı” çıxdı
Mingəçevir Dövlət Universitetində gənc yazar, şair-publisist Samir Zəngəzurlunun “Kədərinə vəfalı” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. MDU-nun rektoru Akif Hacıyev ləyaqətli ömür yaşayan Samirin həm də layiqli əsərlər yaratdığını diqqətə çatdırıb.
MTK-nın direktoru Əyyub Əyyubov, MDU-nun kafedra müdiri Mayıl İsmayılov, Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı, psixoloq İlhamə İsmayılova, “Mingəçevir leysanı” jurnalının, “Azərbaycan işıqları” və “Mingəçevir” qəzetlərinin redaktorları İsmayıl İmanzadə, Yusif Ələkbərov və Mirsədi Daşdəmirov, təqaüdçü müəllim Dilşad İlyasova, kommunal sahədə çalışan Ağa Ağayev və başqaları kitabdakı əsərlərin məziyyətlərindən, xüsusən axıcı dilindən, dərd yanğısı ilə yoğrulan müxtəlif obrazların ustalıqla yaradıldığından, psixoloji məqamlarından danışıblar. Çıxışlarda vurğulanıb ki, bir neçə povest və hekayədən ibarət olan kitab özündə böyük dəyərləri birləşdirir, vətən sevgisini, insani keyfiyyətləri, torpağa bağlılığə təbliğ edir. O da qeyd olunub ki, müəllif müharibənin törətdiyi ağrı-acıları, qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın sosial-psixoloji hisslərini, o cümlədən cəmiyyətimizdəki bəzi arzuolunmaz halları bədii təsvir müstəvisinə gətirib, cəsarətlə qaçqınlığı insan həyatının damğası hesab edib.
Təqdimat mərasiminin iştirakçıları hekayə və povestləri ilə ədəbi mühitdə özünə yer tapa bilən Samirin daha böyük əsərlər, romanlar yazacağına , dərdli, faciəli qəhrəmanlarının gələcəkdə xoşbəxt həyatlarını da qələmə alacağına inandıqlarını dilə gətiriblər.
Tədbir boyu universitetin tələbələrinin ifasında müəllifin şeirləri, sözlərinə yazılmış mahnılar oxunub, hekayələri əsasında hazırlanmış səhnəciklər təqdim olunub. “Cəza” hekayəsi isə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində səsləndirilib. “Mən atamla fəxr edirəm. Onun adına layiq olmaq, yaxşı oxumaq istəyirəm” deyə zala müraciət edən balaca Sunayın bir neçə cümləlik çıxışı alqışlarla qarşılanıb. Elə müəllifin yekun sözü də qızının fikirlərinin davamı olub: “Ümid edirəm ki, bu gün bu zalda tələbə kimi əyləşən gənclər elmin sirlərinə dərindən yiyələnəcək və yaxın vaxtlarda işğaldan azad olunacaq torpaqlarımızda əmək fəaliyyətinə başlayacaqlar”.
Samir Zəngəzurlu Qərbi Azərbacanın Sisian rayonunun Sofulu kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Bir sıra mətbuat orqanlarında çalışıb. “Qızıl qələm” mükafatçısıdır. “Sevgi Qəbri”, “Ruhların qiyamı”, “Ömürdən izlər”, “Mənalı ömürlər”, “Yağış məni ağlayır” adlı bədii və publisistik kitabların müəllifidir.
Şərhlər bağlıdır.