Masallıda “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib
Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə oktyabrın 28-də Masallı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib. “Cənub xəbərləri” qəzetinin konfrans zalında keçirilən seminara Cənub bölgəsində fəaliyyət göstərən yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin, yerli QHT və internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, seminarın keçirilməsində məqsəd jurnalistləri və internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq olub: “ Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Seminar iştirakçılarına həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də xəbərin məzmun təhlükəsizliyi barədə bilgilər verildi. Bunlar, jurnalistlərin fərqli mövzularda araşdırmalar apararkən və ya münaqişə zonasından reportaj hazırlayarkən daha etibarlı hərəkət etmələrinə kömək etmək üçün vacib bilgilər idi”.
Müşfiq Ələsgərli qeyd edib ki, seminarda, həmçinin, yayılan informasiyaların məzmununa görə yaranan hüquqi məsuliyyət və təhlükəsizlik məsələləri barədə bilgi verilmişdir: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri sırasındadır. Masallıda keçirdiyimiz tədbirdə sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
JuHİ üzvü, beynəlxalq TOT təlimlərində iştirak etmiş Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri yerli seminar iştirakçıları ilə bölüşüb. İştirakçılara təhlükəsizlik məsələləri və tədqiqat hesabatı sahəsində ən yaxşı beynəlxalq təcrübələr barədə bilgi verilib.Təlimlər zamanı praktik məşğələlər aparılıb.
JuHİ Mətbuat xidməti
Şərhlər bağlıdır.