Aktual

Bələdiyyə kimindir?

İnsanın ən yaxşı bacarığı onun bir az özünə güvənməyi, bir az da başqalarının etibarını qazanmağıdır.

 

Bizim ölkədə uzaq yola heç kim təkbaşına çıxmaz, çünki nə özünə, nə də başqalarına güvənməzlər. “Heç kim” ifadəsi sizə bir az mübaliğə, yəni şişirtmə kimi gələ bilər, amma bu həqiqətdir, yəni çoxluq üçün. Hər kəs də hər gecə yatıb, aydın sabaha, güvənli günə oyanmaq istəyir. Hər güvənli sabah isə, sən yatana qədər çəkdiyin zəhmətin, qazandığın etibarın, gördüyün faydalı işlərin nəticəsində mümkündür. Deməli, əziyyət çəkmirsənsə yaxşı nəticə də gözləmə və doğrudan da illərdir ki, insanlarımız heç kimdən heç nə gözləmirlər. Bu hal onları haqlı çıxarmır, əksinə cəmiyyəti ölü vəziyyətinə saldıqları üçün çox ağır şəkildə cəzalanırlar və belə insanların sayəsində hamımız cəzalanırıq.

 Yol yoldaşın kimdir?

Uzaq yola çıxmaq qorxulu deyil, yetər ki, yol yoldaşın sənin vicdanın olsun. Cəmiyyət üçün də uzaq yolların yoldaşı çox vacibdir. Qəribə sözdür deyilmi, bəlkə də o qədər də qəribə deyil, sadəcə biz alışmamışıq belə fikirlərə. Cəmiyyət üçün uzaq yol yoldaşı, onun seçib vəzifələrə gətirdiyi insanlardır: bələdiyyə nümayəndələri, parlamentin deputatları və prezidentlər. İllərdir ki, insanlarımızda bu cür seçimlərə laqeydlik və ümidsizlik hakimdir. Cəmiyyətimiz tam bir ətalətlilik və süstlük halındadır. Doğrusu əsl səbəbini mən də bilmək istərdim, amma müşahidələrimə dayanaraq deyərdim ki, məncə səbəbi, bilikli, bacarıqlı, cəsarətli namizədlərin olmaması, varsa da irəli duracaq və mübarizə aparacaq gücünün olmaması, insanların etibarını qazanmaq üçün zaman və əziyyət sərf etməmələridir. Yaxud cəmiyətin belə insanları tanımaq marağının olmaması, onlara lazım olan dəstəyi verə bilməməsidir. Lakin hər bir cəmiyyətin uzun zaman və uzaq yol üçün sadiq və bacarıqlı yol yoldaşına hər zaman ehtiyacı olur. Unuduruq ki, biz seçim etmədikcə, başqaları bizim əvəzimizə “seçəcəklər” və özü də, onlara necə namizəd, necə yol yoldaşı sərf edirsə onu seçəcəklər.

     Haradasınız, ay camaat?

Yaşadığımız yerlərə nə qədər sadiqik, nə qədər diqqətli və məsuliyyətliyik? Bu sualın cavabını hər birimiz verməliyik və cavab verməyə də borcluyuq. Yaşadığımız evin, kəndin, yaxud rayonun problemləri nələrdir bilirikmi, ya da bu problemlərin həllində nə dərəcədə maraqlıyıq və ya bizim köməyimiz nədən ibarətdir? Sadəcə olaraq hamımız ağıllı çıxıb şikayətlənirik:- yollar bərbaddır, evlərə gələn su çirklidir, yaxud tez-tez kəsilir, sanitariya qovşağı normal işləmir, borular köhnədir, tez-tez tutulur, üfunət iyindən evdə oturmaq olmur, yaşıllıqlar suvarılmır, ağaclar qanunsuz kəsilir, hara baxırsan zibillikdir və sair. Bu işlərə cavabdeh olanlar yaxşı işləmirlər, şikayətlərə baxmırlar, vətəndaşları veclərinə almırlar. Çünki onları tanımırıq, onları biz seçməmişik, ona görə də onlara ağız açmağı mənasız hesab edirik. Məgər bu, problemi həll edir? Təbii də ki, xeyr. Unuduruq ki, həmin məmurlar da bizlərdən biridirlər və sadəcə olaraq bizim səhlənkarlığımız onları vəzifəyə gətirir. Bəli, bunu etiraf edə bilmirik, başqasını günahlandırmaqla isə səhvimizi ört-basdır edirik. Təqribən iki aya yaxın bir zamandan sonra ölkəmizdə bələdiyyə seçkiləri olacaq. Kəndlərdə, rayonlarda, şəhərlərdə bələdiyyə sədrləri və üzvləri seçiləcəkdir.

Hələ ki, heç bir səs-soraq yoxdur və bu heç də normal deyil. Kəndlərin, rayonların əhalisinin çoxu yerində-yurdunda deyil, dolanmaq üçün ya paytaxtdadırlar, ya başqa rayonlarda, ya da başqa ölkələrdə. Hər kəs “başını dolandırmaq” üçün mühacirət edib.( Zatən köçkün rayonların da bələdiyyələri yoxdur…) Əgər, seçkilərə qədər, elə bu cür davam edərsə, deməli yaxın beş il ərzində nə həyatımızda, nə kənd-kəsəyimizdə, nə də rayon və şəhərlərimizdə yaxşıya doğru heç də çox şey dəyişməyəcək. Hansı ki, vəziyyəti yaxşıya doğru dəyişmək üçün çox yaxşı bir fürsət yaranmışdı. Keçən beşillikdə də bələdiyyələrin işi heç də ürəkaçan olmadı. Sonuncu müşavirədə prezidentimiz demişdi ki, “bizə ağıllı, yeni düşüncəli, yeni təfəkkürlü gənclər lazımdır ki, işləsinlər, çalışsınlar”. Əgər doğrudan da belə gənclərimiz varsa, onlar da irəli dursunlar, namizədliklərini versinlər, təbliğat aparsınlar və çalışmaq fürsətini qazansınlar. Mənə belə gəlir ki, ən azından bu beşillik üçün fürsəti dəyərləndirməyə dəyər. O ki, qaldı Bələdiyyənin kimin  olmağına, bunu da məhz seçkilər göstərə bilər.

Mehparə Rəhimqızı, Mingəçevir şəhəri.

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close