Araşdırma

“Mən öz evimi istəyirəm”

İnsanlar məlumatsızlıqları üzündən hiyləgər bank işçilərinin toruna düşürlər

Bütün həyatı boyu işləyib, min bir əziyyətlə qazandığı mənzili banka girov qoyub əvəzində əmlakının dəyərindən bir neçə dəfə az pul götürən insan evi əlindən çıxandan sonra ayılır. Amma daha gec olur.

Bu gün insanları “təhlükəli risk” etməyə vadar edən nədir?
Azərbaycanda banklardan kredit götürmək xəstəliyə çevrilib. Qonşum alıb, hər işini görüb. Mən də 20 min manat kredit götürüb ehtiyaclarımı ödəyəcəm”,- deyib banka üz tutanlara bəlkə də bu kredit heç lazım deyil. Və yaxud o, krediti necə qaytarmaq haqda düşünmədən buna gedirlər. Planlaşdirdiği işi insan kreditə girmədən də, gec də olsa, öz vəsaiti hesabına görə bilər. Lakin Bankın müştərisinə çevrilən şəxs ya tez varlanmaq, ya da əvvəldən yığılıb qalan borclardan yaxa qurtarmaq istəyir. Düşünmədən bu addımı atan adam nəticədə yüklənmiş kredit altına düşür və kredit portfelində daha çox vəsait itirir.
Bizim qəhrəmanımızın tarixcəsi bir qədər fərqli görünsə də mahiyyət etibarilə eynidir. Rəna Əliyeva anasının etibarından süi istifadə edən bank müdirinin toruna düşdüyünü deyir.

“Saxta sənədə görə evimdən oldum”

“Üç mənzili-ikisi bizim, bir də kimin idisə, bilmirəm, Mingəçevirdəki “MuğanBank”ın keçmiş müdiri Allahverdi beş il müddətinə girov qoyub, bankdan anamın-Vəzifə Əliyevanın adına 80 min manat pul götürmüşdü. Danışıqda pul anamla şərikli bölünməliydi. İki il yarımdan sonra Allahverdi götürülən məbləği ödədi, faizini isə anamın üstündə qoydu. Biz müqaviləni pozub, mənzillərimizi geri gotürmək istədik. Qara günlərimiz də elə bundan sonra başladı. Həmin şəxs dörd ay get-gəldən sonra mənim adıma olan evin sənədini qaytardı (orda anamgil yaşayır), amma anamın adına olan üç otaqlı mənzilin sənədini (mən qızımla orada yaşayırdım) vermədi. Mən bankın yolunda qalmışdım. Allahverdi hər dəfə bir bəhanə ilə məni yola verir və evimin sənədini verməkdən boyun qaçırırdı. “Bir aydan sonra gəl, beş gündən sonra gəl, evlərin sənədləri Bakıdadı, bir həftəyə gətirəcəm” və c. belə yalanların sayı yox idi.
Bu aralarda o, anamı gətirdib, ona hansısa sənədlərə imza atdırıb. Sən demə, bu “Muğanbank” ASC-nin Mingəçevir filialı ilə anam arasında Kredit və İpoteka müqavilələri imiş. Bu barədə anama açıqlama verməyib. Həmin sənədlə qeydiyyatda olduğum və yaşadığım 3 otaqlı mənzili mənim razılığım olmadan təkrar ipoteka edib və “MuğanBank”dan 20 min manat pul götürüb.
Anam şəkərli diabet xəstəsidir, 64 yaşı var, biznesi yox, heç bir yerdən gəliri yoxdu və pensiya ilə dolanır. Belə adama ipoteka kreditinin verilməsi hansı məntiqə sığır? Axı anam bu qədər pulu nəylə ödəyəcəkdi?”

“Etibarımdan süi-istifadə edərək…”

Mingəçevir Məhkəməsi “MuganBank”in xeyrinə qətnamə çıxarıb. Həmin qətnaməyə uyğun olaraq, Əliyeva Rəna Tofiq qızı yaşadığı Nərimanov küçəsində yerləşən 5 saylı evin 35-ci mənzilini boşaltmalı olub. Vəzifə və Rəna Əliyevalar “MuganBank”ın səlahiyyətli nümayəndəsinin qeyi-qanuni yolla mənzili ələ keçirdiyini təsdiq edən sənədlər təqdim etsələr də heç bir instansiya məhkəməsində bunlara əhəmiyyət verilməyib.
Vəzifə Əliyeva Ali Məhkəmənin Mülki İşlər Məhkəmə Kollegiyasına Səki Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində bildirir ki, “MuğanBank” ASC-nin Mingəçevir filialindan ona 20 min manat verilməyib: “Cavabdeh tərəf sadəcə olaraq mənim onlara olan etibarımdan süi-istifadə edərək və məni aldadaraq, mənə ətraflı məlumat vermədən həmin saxta müqavilələrin imzalanmasına nail olub. Müqavilədə bu rəqəm 20 min manat göstərilsə də ali instansiyalarda bu iddiaçı mənə 14999,9 manat kredit borcu verdiyini təsdiqləyib. Amma məhkəmələr araşdırma aparmadan bunun da üstündən sükutla keçdilər”.

MİS-in saxta arayışı məhkəmədə qəbul olundu

Vəkil Tahir Qurbanovun dediyinə görə, “İpoteka haqqında” AR-nın Qanunun 59-cu maddəsinə əsasən, Kredit və İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən tələbin evə (mənzilə) yönəldiyi halda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürürlər.
Amma Rəna və həmin mənzildə qeydiyyatda olan digər şəxslər “MuğanBank” tərəfindən nə rəsmi, nə də şifahi surətdə Kredit və İpoteka müqavilələrinin bağlanması haqda məlumatlandırılmayıb və onların razılıq ərizələri alınmayıb.
Digər fakt. Həmin mənzildə Əliyeva Rəna və azyaşlı qızı, bacısı-Reyhan Xudaverdiyeva və onun iki övladı qeydiyyatdadır. Amma 10 sayli MİS-dən alınan və “MuğanBank” tərəfindən məhkəməyə təqdim olunan saxta Forma-2də bu yaşayışçıların adları yazılmayıb. “Sənəddə” N.Nərimanov küşəsindəki 5 sahlı evin 35-ci mənzilində qeydiyyatda olmamasına baxmayaraq, Vəzifə Əliyevanın adı qeyd olunub.

“Borcalanın kreditləşmə qabiliyyətini təhlil edilməyib”

Vəkilin sözlərinə görə, “MuğanBank”la V.Əliyeva arasında bağlanan müqavilədə bankın hüquq-larına daxil edilən aşağıdakı müddəa nəzərə alınmayıb və bankın nümayəndəsi sözügedən mənzildə bir dəfə də olsun görünməyib: “Borcalanın kreditləşmə qabiliyyətini təhlil edir, yerində iqtisadi, maliyyə, mühasibat uçоtu və kreditləşmə ilə əlaqədar tədbirin mahiyyəti üzrə yохlamalar həyata keçirir, bu sahədə görülən işlərin gedişinə və kreditdən istifadənin bütün dövrü ərzində girоv üzrə Bоrcalanın (və ya İpоteka qоyanın) üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edə bilər.
Həm də ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahı-sında borcalanla birgə yaşayan yet-kinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələrinin surəti, ipoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış və qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti tələb olunur. Lakin bu sənədlərin “MuğanBank” tərəfindən tələb olunmaması deməyə əsas verir ki, Rəna Əliyevanin mənzili qanunsuz ipoteka alma obyektinə çevrilib, sonradan hərraca çıxarılılıb və satılaraq özgəninkiləşdirilib.

“Əhalinin müəyyən hissəsi bank hesabına yaşayır”

Jurnalist Səadət Akifqızı bankdan kredit götürən insanlara haqq qazandırır: “Kimsə ev almaq istəyir və ya soyuducuya ehtiyacı var. Bunu nəğd almaq imkanı olmadığı üçün o bankdan kredit götürməyə məcburdur. Bu yolla işlərini həll edir. Lakin hər bir şəxs zəruri olan halda banka müraciət etməlidir. Məsələn, mənim kredit kartım var və zəruri olanda ondan istifadə edirəm. Heç kimdən də borc almıram. Amma elə adam da var ki, kartındakı pulu lazımsız yerə xərcləyir. Kredit götürəndə də insan düzgün planlaşdırma aparmalıdır”.
Bank məsləhətçisi Elnur Vəliyev Azərbaycanda 44 bankdan 42-nin, 133 qeyri-bank təşkilatının fəaliyyət göstərdiyini deyir: “Bu bankların 23-ü xarici banklarla əlaqəli işləyir. Ona görə onlar faizi az qoyurlar”. E.Vəliyev vətəndaşın bankla işləmə mədəniyyətinin artmasını bəyənsə də digər tərəfdən onun maliyyə məhdudiyyətinin olmasından narazıdır: “Təəssüf ki, əhalinin yaşayış səviyyəsi aşağıdır. İmkansız ailələr bank kreditindən istifadə edirlər. Bəzi insanlarda isə kreditlə yaşamaq adi hala çevrilib. Onlar eyni zamanda bir neçə bankın müştərisi olur, bir bankdan kredit götürüb, başqasına faiz ödəyirlər. Zəncirvari gedən bu prosesdə adamlarda tənbəllik yaranır və onlar bank hesabına yaşayırlar”.

Almaniyada depozitə görə 1% alırsansa xoşbəxtsən, Azərbaycanda 12% alırsansa bədbəxtsən

Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (BƏƏKF) təmsilçisi Eduard Şmitt bank-müştəri münasibətlərində yara-nan problemi belə izah edir: “Almaniyada 2100 bank var və bu bankların bəziləri öz məhsullarını maliyyələşdirmək üçün yaradılıb. Bir sahə üzrə ixtisaslaşmış banklar var. Fəaliyyətini ancaq kredit vermək üzərində quran banklar kredit verərkən müştərini öyrənir, onun resurslarını yoxlayır və onu dərəcəylə qiymətləndirir. Kredit faizini də ona uyğun həyata keçirir. Yəni, bank bununla öz riskini nəzərə alır. Məbləğ nə qədər çox olarsa, müştərinin onu qaytarmaq şansı az ola bilər. Bu halda bank daha çox itirir. Böyük məbləğlə kredit verən bank daha çox riskə məruz qalır. Buna görə də Almaniyada banklar xırda məbləğlərə üstünlük verirlər. Bununla yanaşı universal banklar isə bütün işləri görür və eyni hüquqları həyata keçirir. Azərbaycandakı bankların hamısı universaldır”.

Bank müştəri ilə eyni dildə danışmalıdır

Bank məsləhətçisi Elena Frankın fikrincə, bank müştəri ilə eyni dildə danışırsa, onlar uzun illər üçün yaxşı tərəfdaş ola bilər: “Bank yaxşı maliy-yə məsləhətçisidir. İnsanlar bank institutları ilə işləməkdən qorxmamalıdırlar. Bank işçiləri onları ətraflı başa salanda müştəridə faizi qaytarmaq yönündə yeni fikir yaranır. Bank müştərisi ilə bağladığı müqavilənin şərtlərini ona sabrlə və ətraflı başa salmalıdır. Müştəri isə həmin müqaviləni oxuyub başa düşəndən sonra imzalamalıdır. Bankla bütün əməliyyatlar yazılı şəkildə aparılır. Lakin acınacaqlı haldır ki, Azərbaycanda müştəri müqavilə şərtlərini oxumadan imzalayır, öz səlahiyyətlərini başqasına etibar edir. Bundan istifadə edən bank işçisi onu aldada bilir”.
Xanım Frank region əhalisinin bankla birgə əməkdaşlığının artırılması üçün maariflənmənin vacibliyi və bankların ucqar kəndlərdə də filiallarının yayılmasının tərəfdarı olduğunu bildirir.
Onun dediyinə görə, Avropada kredit faizləri yüksək deyil: “Avropada banklar insanlara müxtəlif məqsədlər üçün kiçik məbləğlərdə kreditlər aylrırlar. Qış aylarında daxili enerjinin saxlanması üçün verilən kredit hesabına insanlar evlərini, mülklərinin isti saxlayırlar. Təbii ki, mənzil isidilərsə, vətəndaşın daxili enerjisi də qorunar. Bu o qədər də böyük məbləğ deyil. Onu istənilən pensiyaçı hissə-hissə ödəyir. Azər-baycanda isə bu heç yaxın gələcəkdə də görünmür”.

Vətəndaş nə vaxt kreditdən imtina edəcək?

Pusiya Federasiyasında müştərilərin banklara müraciəti fərqlidir. Onlar kredit götürmək yox, daha çox banklara depozit yatırmaqda maraqlıdırlar. Çünki inflyasiyaya baxmayaraq, Pusiyada banklar daha çox müştəri cəlb etmək üçün vaxtaşırı xüsusi reklam aksiyaları təşkil edirlər. Bu onu göstərir ki, banklar arasında müştəri qazanmaq rəqabəti güclüdür.
Digər tərəfdən, ilin axırında insanlara çalışdıqları müəssisələrdən verilən mükafatlar dərhal banka depozit şəklində yatırılır. Pusiya Mərkəzi Bankının açıqlamasına görə, 2011-ci ilin dekabr ayında yatırılan depozit hesabına bank sisteminə 700 milyard rubl daxil olub. Bu rəqəm 2012-ci ildə bir qədər az olsa belə banklar arasında mübarızə səngiməyəcək.

P.S. Rəna indi başqasının mülkiyyətinə çevrilmiş mənzilinin yanından keçərkən pəncərəsindəki yad pərdələrin onun şırın xatirələrini içəri buraxmamasından inciyir. Onu isti yuvasından məhrum edən, nəfisləri üzündən yaşam düzənini pozan şəxslər özləri kirayədə yaşamağa məhkum olunsaydılar, Rəna kimilərini xatırlayardılarmı? Rəna öz ocağının istisini duymaq, yeganə balasının beşiyi başında yuxusuz gecələr keçirdiyi şirin anlara qovuşmaq üçün bəlkə də cox şeydən keçməyə hazırdır.

Daha çox

Oxşar yazılar

Close