Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlin 9 ayında şəhərin qeyri-neft sənayesinin vəziyyəti

Respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, Mingəçevir əsas sənaye mərkəzlərindən də biridir. Şəhər sənayesində elektroenergetika, kimya, yüngül, mədənçıxarma, maşınqayırma və başqa qeyri-neft sahələri cəmləşmişdir. Uçot Vahidlərinin Dövlət Reystri üzrə 01 oktyabr 2012-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 86 olmuşdur ki, onlarından 44-ü 2012-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərmişdir.

Sənaye fəaliyyəti ilə məşğul olan 44 müəssisənin işçilərin sayına və gördükləri işin həcminə görə 10-u və ya 22,7%-i iri və orta sahibkarlıq subyekti, 34-ü və ya 77,3%-i isə kiçik sahibkarlıq subyekti sayılır.
2012-ci ilin yanvar-sentyabr aylarında şəhərdə kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla təşkilati hüquqi formasından asılı olmayaraq bütün sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulların (natural ifadəsində) həcmi 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 143,6% təşkil etmişdir. 2012-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhərin sənaye müəssisələri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 130,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Cəmi istehsalın tam əksəriyyəti, 99,9%-i müəssisələrin əsas fəaliyyətindən, qalan 0,1%-i isə müəssisələrin qeyri-sənaye fəaliyyətindən yaranmışdır. 2012-ci ilin yanvar-sentyabr aylarında cəmi istehsalın 117,9 milyon manatı və ya 90,2%-i dövlət sektoru müəssisələrinin, 12,8 milyon manatı və ya 9,8%-i isə qeyri-dövlət sektoru müəssisələrinin payına düşmüşdür.
2012-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun və xidmətlərin həcmi 128,4 milyon manat olmuşdur ki, bu da 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13,9% çoxdur. 2012-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun və xidmətlərin həcminin 91,2%-i və ya 117,1 milyon manatı dövlət sektorunda, 8,8%-i və ya 11,3 milyon manatı isə qeyri-dövlət sektorunda olan müəssisələr tərəfindən yerinə yetirilmişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun və xidmətlərin həcmi 2,3 milyon manat olmuşdur ki, bu da 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,8% çoxdur. 2012-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun və xidmətlərin həcminin 34,8%-i və ya 0,8 milyon manatı dövlət sektorunda, 65,2%-i və ya 1,5 milyon manatı isə qeyri-dövlət sektorunda olan müəssisələr tərəfindən yerinə yetirilmişdir.
Hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sənaye sahəsində fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla hesabat ilinin yanvar-sentyabr aylarıında sənaye məhsulunun 87,8%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 9,9%-i emal, 0,3%-i mədənçıxarma, 2,0%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunmuşdur.

Sənaye məhsulu istehlakçılarına 2012-ci ilin yanvar-sentyabr aylarıında cəmi və o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan və əvvəlki illərin hazır məhsullarının qalıqları da daxil olmaqla 130,8 milyon manatlıq məhsul göndərilmişdir. 2012-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün sənaye müəssisələrinin anbarlarında 1367,3 min manatlıq məhsulların qalığı mövcud olmuşdur ki, bu da 2012-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 6,1% və ya 89,5 min manat azdır. Hazır məhsul qalığının hamısı emal sənayesinin müəssisələrində olmuşdur.
Şəhər sənayesinin əsasını elektroenergetika təşkil edir. Cari ilin yanvar-sentyabr aylarıında istehsal edilmiş sənaye məhsulunun 114,1 milyon manatı və ya 87,3%-i bu sahənin müəssisələri tərəfindən yerinə yetirilmişdir. 2012-ci ilin yanvar-sentyabr aylarında ölkədə istehsal olunan elektrik enerjisinin 41,3%-ni Mingəçevirdə fəaliyyət göstərən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC və “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC tərəfindən hasil edilmişdir.
Belə ki, 2012-ci ilin yanvar-sentyabr aylarıında şəhərdə 6346,8 milyon kvt.saat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1% və ya 1188,9 milyon kVt. saat çox elektrik enerjisi istehsal olunmuşdur ki, onun 10,3%-i su elektrik stansiyasının, 89,7%-i isə istilik stansiyasının payına düşmüşdür. 2012-ci ilin yanvar-sentyabr aylarıında şəhərdə 3831 Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% və ya 35 Qkal çoxdur.
2012-ci ilin yanvar-sentyabr aylarında şəhərdə yeni məhsul növü – 910 ədəd radio və televiziya qəbulediciləri üçün daxili antennalar (rabitə avadanlığı) istehsal edilmişdir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun (işlərin, xidmətlərin) fiziki həcmi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində (31,5%), mədənçıxarma sənayesində(19,3%), emal sənayesində (361,3%) artmışdır.
2012-ci ilin yanvar-sentyabr aylarında emal sənayesində maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 67,4%, rezin və plastmas məmulatların istehsalının xüsusi çəkisi 19,6%, qida məhsulları istehsalının xüsusi çəkisi 6,2%, kompüterlərin istehsalının xüsusi çəkisi 3,3%, digər qeyri-metal mineral məhsulların istehsalının xüsusi çəkisi 1,4%, poliqrafiya fəaliyyətinin xüsusi çəkisi 0,5%, geyim istehsalının xüsusi çəkisi 0,5%, sair məhsulların istehsalının xüsusi çəkisi 0,5%, içki istehsalının xüsusi çəkisi 0,3%, hazır metal məmulatların istehsalının xüsusi çəkisi 0,3% və s. təşkil etmişdir.

Hesabat ilinin yanvar-sentyabr aylarında sənaye müəssisələrində məşğul olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 2,6% və ya 75 nəfər artaraq 2998 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində (1607 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 53,6%-ni təşkil etmişdir. Emal sənayesində 737 nəfər və ya cəmi işçilərin 24,6%-i məşğuldur. 2012-ci ilin yanvar-sentyabr aylarında su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi sahəsində, emal sənayesində, rezin və plastmas məmulatların istehsalı sahəsində, elektrik avadanlıqlarının istehsalı sahəsində, maşın və avadanlıqların istehsalı sahəsində, qida məhsullarının istehsalı sahəsində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Bundan başqa elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, mədənçıxarma sənayesində, digər qeyri-metal mineral məhsulların istehsalı sahəsində işləyənlərin sayının azalması müşahidə olunmuşdur.
2012-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələrində 2664 nəfər məşğul olmuşdur ki, bu da 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,7% və ya 70 nəfər çoxdur. 2012-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində 334 nəfər məşğul olmuşdur ki, bu da 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,5% və ya 5 nəfər çoxdur.
2012-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrdə əmək haqqının artması müşahidə olunmuşdur. Cari ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində işləyən işçilərə cəmi 8478,3 min manat əmək haqqı hesablanmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% və ya 178,0 min manat çoxdur. Hesablanmış cəmi əmək haqqının 88,3%-i və ya 7490,0 min manatı dövlət sektorunda işləyən işçilərin, 11,7%-i və ya 988,3 min manatı isə qeyri-dövlət sektorunda işləyən işçilərin payına düşmüşdür. Hesablanmış cəmi əmək haqqının 76,1%-i və ya 6448,5 min manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində mövcud olmuşdur.

Hesabat ilinin yanvar-sentyabr aylarında şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 314 manat 22 qəpik olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 0,4% və ya 1 manat 30 qəpik azdır. 2012-ci ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 369 manat 06 qəpik, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 147 manat 79 qəpik olmuşdur. Ən yüksək orta aylıq nominal əmək haqqı (445 manat 86 qəpik) elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində mövcud olmuşdur.
2012-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,7% və ya 29 manat 38 qəpik artaraq 332 manat 40 qəpik olmuşdur. 2012-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində siyahı tərkibində olan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq ilə müqayisədə 59,1% və ya 244 manat 87 qəpik azalaraq 169 manat 19 qəpik olmuşdur.

Orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində 1,7% azalmış, mədənçıxarma sənayesində 4,3% və emal sənayesində 14,1% artmışdır. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə olan orta göstəricidən 131 manat 64 qəpik və ya 41,9% çoxdur.
Sənaye sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqı respublika üzrə orta aylıq nominal əmək haqqından 31,9% az, “Aran iqtisadi rayonu” üzrə isə orta aylıq nominal əmək haqqından 6,9% çoxdur.
Fəaliyyət göstərən sənaye müəssisələrində 2012-ci ilin yanvarın 1-i vəziyyətinə siyahı tərkibində olan işçilərin sayı 4041 nəfər olmuşdur.2012-ci ilin yanvar-sentyabr ayları ərzində 362 nəfər işə qəbul edilmiş və 362 nəfər isə işdən çıxaraq 01 oktyabr 2012-ci il vəziyyətinə siyahı tərkibində 4041 nəfər işçi qalmışdır.Bunun da 78,2%-i və ya 3161 nəfəri dövlət sekorunda çalışan işçilərdir.
Son illər şəhərdə quruculuq işləri artmış və abadlıq işləri geniş vüsət almışdır. 2012-ci ilin yanvar-sentyabr aylarında şəhərin sənaye müəssisələrində 94,1 min manat dəyərində yeni əsas fondlar istifadəyə verilmişdir. 2012-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələri hesabına şəhərin sənaye müəssisələrində əsas kapitala cəmi 11524,2 min manat investisiya yönəldilmişdir.Cəmi investisiyanın hamısı dövlət sektoruna yönəldilmişdir. 2012-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyanın hamısı istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur ki, bunun da hamısı dövlət sektoruna aiddir. Cari ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələrində tikinti quraşdırma işlərinə 11323,7 min manat investisiya qoyulmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların hamısı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsinə yönəldilmişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında şəhərin iri və orta sənaye müəssisələrınin fəaliyyəti nəticəsində mal və xidmətlərin satışından əldə edilən gəlir ötən ilin müvafiq dövründən 11,7 % və ya 19725,0 min manat artaraq 187913,9 min manat olmuşdur. Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclərin (maya dəyəri) məbləği isə ötən ilin müvafiq dövründən 17,7 % və ya 26281,6 min manat artaraq 174705,1 min manat olmuşdur.
2012-ci ilin yanvar-sentyabr aylarında şəhərin iri və orta sənaye müəssisələrində satışdan yaranan mənfəətin məbləği 13208,8 min manat, ümumi mənfəətin məbləği isə 17854,5 min manat təşkil etmişdir.Cari ilin hesabat dövrü ərzində şəhərin iri və orta sənaye müəssisələri üzrə 388,9 milyon manatlıq tələbləri (debitor borcları), 658,2 milyon manatlıq öhdəlikləri (kreditor borcları) yaranmışdır.

Şərhlər bağlıdır.