Məktəblər 20 ildir bufet həsrətindədir
Məktəblərdə təlim-tədrislə bərabər uşaqların qidalanması da aktual məsələrdəndir. Bəs Mingəçevir şəhərində bu sahədə vəziyyət necədir? Bu məqsədlə bir neçə məktəbə baş çəkdik. Məlum oldu ki, 2, 9 və 10 saylı məktəblərdə ümumiyyətlə bufet yoxdur.
10 saylı məktəbin “bufeti” kiçik, səliqəsiz otaqda yerləşir. Otaq göy polietilen salafanla iki yerə bölünüb. Bir tərəfdə adını demək istəməyən “bufetçi xala” perajki bişirir, digər tərəfdə isə kiçik masanın üstündə qoyulan şirniyyatlər satılır. Qadının dediyinə görə, bura bufet yox, müəllimlərin çay içdiyi yerdir.
Məktəbin direktor müavini Xuraman İbrahimli bufetin məcburi köçkünlər tərəfindən zəbt edildiyini dedi: “Aidiyyatı orqanlara yazmışıq. Cavabları o olub ki, məcburi köçkünlər məktəbdən çıxarılandan sonra bufet fəaliyyətə başlayacaq”.
Müəllimə Aytən Babayeva sualımıza sualla cavab verdi: “Bizdə bufet var ki? Bu otağı deyirsiniz? O, çox vaxt bağlı olur. Ordakı ərzaqlardan almağı uşaqlara məsləhət görmürəm. Özüm isə əksər halda paketlənmiş məhsullar alıram”.
7-ci sinif şagirdi Vüsalə Həsənovanın dediyinə görə, bufetdə gigiyena qaydalarına riayət olunmur. İstifadə üçün axar su yoxdur. 8-ci sinif şagirdi Fatimə Çərkəzli isə burdan aldığı kolbasadan zəhərləndiyini bildirdi: “Sinif yoldaşım isə şor-qoğal almışdı, arxası kiflənmişdi”.
Məktəbin ibtidai sinif müəllimi Rahilə Qasımova isə “Fikrimcə, başqa yerdənsə, uşaqların məktəbdən almaları daha yaxşıdır. Amma mən uşaqlara evdən yemək gətirməyi tövsiyə edirəm”.
Məsələylə bağlı Mingəçevir Təhsil Şöbəsinin müdiri Nazir Sultanovla əlaqə saxladıq. Onun dediyinə görə, şəhərimizdə yalnız Texniki-humanitar və Təbiət-riyaziyyat təmayüllü liseylərdə, 20, 18, 4 və 8 saylı məktəblərdə rəsmi orqanlarla müqaviləyə əsasən bufetlər fəaliyyət göstərir: “Sovet dönəmində bufetlərə məhsullar “fabrik mətbəx” adlanan restorandan gəlirdi. Və həmin şəxslər ərzağın keyfiyyətinə cavabdeh idilər. İndi isə tenderin qalibi cəmi altı məktəbi ərzaqla təmin edir. Fəaliyyət göstərən bufetlərdə işləyənlər məktəbin qanuni işçiləridir və hər biri əmək müqaviləsi əsasında fəaliyyət göstərir”.
Nazir müəllim güman edir ki, gələcəkdə bütün məktəblərimizdə bufetlər fəaliyyət göstərəcək.
20 ildir gözləyirik. Bu 20 ildə məktəblərimizdə neçə nəsil dəyişib. Amma neyləyək, gözləməkdən başqa əlimizdən nə gəlir.
Rufana Namiq qızı,
Güney Vüqar qızı,
“Mingəçevir işıqları” qəzeti nəzdində Jurnalistika Məktəbinin dinləyiciləri
Şərhlər bağlıdır.