Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Liepaidə uyuyan samuxlu qəhrəman

1941-1945-ci illərdə Azərbaycanda Sovet ordusu sıralarına 640 min nəfərədək azərbaycanlı səfərbər edilərək, cəbhəyə göndərilib. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak ediblər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad şəhərləri, Ukrayna, Belorusiya və Pribaltika respublikaları uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşublar. Bir sözlə faşist ordu hissələrinə qarşı mətanətlə müqavimət göstərib, onların hərbi texnikasını və canlı qüvvəsini məhv edib, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində və Berlinin süqutunda fəal iştirak ediblər. Onların çoxu bu yolda ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşublar.
İşğalçı millətçilərə qarşı döyüşən həmyerlilərimizin bir çoxu doğma yurdlarına qayıda bilsə də, xeyli sayda azərbaycanlı həlak olub və itkin düşüb. Hətta Sovet dönəmində itkin düşənlərdən bəzilərinin adı xalq düşməni kimi siyahıya salınıb. Elə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə bir müddət bəslənən münasibət bu fikri söyləməyə əsas verir. Demək olar ki, sovet rejimi ərəfəsində canını fəda edən yüzlərlə, bəlkə də minlərlə mərd oğulların adları “qara siyahı”ya salınıb. Xeyli sayda həmyerlimiz isə Əhmədiyyə Cəbrayılov kimilərin timsalında göstərdikləri şücaətə görə, həm öz adlarını, həm də xalqının adını tarixə qızıl hərflərlə yazıb.
II Dünya Müharibəsi zamanı Vətən uğrunda gedən şanlı, şərəfli döyüşlər barədə eşidəndə və ya kinofilmləri seyr edəndə bu gün də hər bir gəncin ürəyi qürurla dolur. Vaxtilə ümumi vətənimiz adlanan SSRİ uğrunda canlarını fəda edən, xüsusən də itkin düşmüş əsgərlərin taleyi və keçdikləri şərəfli döyüş yolu məni də çox maraqlandırırdı. Nəhayət mənim bu uşaqlıq arzumun gerçəkləşməsi üçün bir imkan yarandı. Belə ki, 2010-cu ilin 10-30 iyul tarixində Kaluqa vilayətində Azərbaycan, Rusiya və digər MDB ölkələrinin gənclərindən ibarət axtarış düşərgəsinin salınması barədə qərar verildi. Gənc arxeoloq olduğuma görə İctimai Birliyin rəhbəri olan Seymur Teymurovun dəstəyi nəticəsində Rusiya Federasiyasının Tula şəhərinə yollandım. Tula vilayətinin “İskatel” Gənclərin Axtarış Mərkəzinin rəhbərliyi ilə Kaluqa meşələrində, Jizdra çayının ətrafında, 1942-ci ilin yay aylarında gedən qanlı döyüşlərin baş verdiyi səngərlərin yerində axtarış-qazıntı işləri apardıq. Mərkəzin rəhbəri Oleq Aleksandroviç Zolotaryov gənclərin işləməsi üçün kifayət qədər gözəl imkanlar yaratdı. Axtarış prosesində daha təcrübəli yaşlı nəslin nümayəndələri gənclərlə öz bilik və təcrübələrini paylaşdılar. Xüsusi ilə torpaqdan təmizlənən (eksqumasiya) əsgər cəsədlərinin üzərində olan silah-sursat və yaxud hər hansı əşyaya diqqət yetirməyi həvəslə öyrədirdilər. Aparılan axtarış-qazıntı işlərinin yekun nəticəsi olaraq, bir neçə əsgər cəsədinin kimliyinin müəyyənləşdirilməsi, onların yaxın qohumları ilə əlaqə saxlanılması və bu əsgərlərin qardaş məzarlığında dəfn edilməsinin təşkil olunması qərara alındı. Neçə-neçə itkin düşmüş əsgərlərin adı əbədiləşdirildi. Çox təəsüf ki, Jizdra çayının ətrafında aparılan hərbi əməliyyatlarda həlak olan və itkin düşən əsgərlərin cəsədlərinin əksəriyyəti naməlum olaraq qardaş məzarlığında torpağa tapşırıldı və onların sırasında azərbaycanlıların olub-olmaması barədə məlumat əldə etmək mümkün olmadı.

Ancaq müharibənin getdiyi bəzi ərazilərdə salınan qardaş məzarlıqlarında Azərbaycan oğullarının da adları az deyil. Bu fikirləri isə mənimlə söhbət zamanı latviyalı Aleksandr Borisov söylədi. Hətta mən ondan azərbaycanlı general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov barədə bir neçə foto-sənəd və xeyli məlumat topladım. Daha sonra Latviya ərazisindəki döyüş yerlərində qazıntılar aparan “Libava” axtarış dəstəsinin rəhbəri Aleksandr azərbaycanlı əsgər cəsədinin aşkar olunduğunu bildirdi. Cəsədin üzərində olan medalyonda Məmmədov Bəşir Şəfi oğlunun adının qeyd olunmasını xüsusi vurğuladı. Bununla yanaşı Aleksandr mənə əslən azərbaycanlı itkin düşmüş əsgərlərin adları olan arxiv sənədini təqdim etdi. Əsasən bu siyahıda Samux rayon sakinləri olan azərbaycanlıların adları yer alıb.
1. Yusifov Xızır Mehdi oğlu- sıravi atıcı, Samux rayonu Qarasaqqal kəndi
2. Yusubov Nəsib Hüseyn oğlu- sıravi atıcı, Samux rayonu Mircəfərli kəndi
3. Məmmədov Bəşir Şəfi oğlu- sıravi atıcı, Samux rayonu Mircəfərli kəndi
4. Məmmədov Qələndər Şəfi oğlu- sıravi atıcı, Samux rayonu Mircəfərli kəndi
5. Həsənov Əhməd Hüseyn oğlu- sıravi atıcı, Samux rayonu Lüksemburq kəndi, Yenikənd kənd soveti
6. Əliyev Məsim Qədim oğlu- sıravi atıcı, Samux rayonu Lüksemburq kəndi, Yenikənd kənd soveti
7. Babayev Məmməd Hüseyn oğlu- sıravi atıcı, Samux rayonu, Lüksemburq kəndi, Yenikənd kənd soveti
Latviya axtarışçılarının Məmmədov Bəşir barədə verdiyi məlumatda bildirir ki, Məmmədov Bəşir və digər əsgərlər mühasirəyə alınıb və döyüş zamanı həlak olublar.

Bu dəstədə olan əsgərlərin hamısı eyni ərazidə dəfn olunub. Bu ilin 21 aprel tarixində isə Latviyanın Liepai şəhərində təntənəli surətdə digər naməlum əsgər cəsədləri ilə yanaşı Bəşir Məmmədovun da cəsədi qardaş məzarlığında dəfn olunacaq. Bu qardaş məzarlığında təkcə bir azərbaycanlı əsgərin adı qeyd olunacaq: Bəşir Məmmədov. Digər əsgərlərin adlarının əvəzinə isə “naməlum əsgər” sözü yazılacaq. Dəfn olunma mərasimi təntənəli surətdə keçiriləcək, müharibə veteranları, yerli hakimiyyət oqanları, hərbçilər və bir çox təşkilatların nümayəndələri də iştirak edəcəklər.
Bu mərasimdə dəfn olunan qəhrəman həmyerlimizin qohumlarının, ölkəmizin Latviyadakı səfirliyinin və ölkəmizin elm adamlarının iştirak etməsi vətəndaşlarımıza verilən yüksək dəyər baxımından mühüm addım olardı. Onu da qeyd edək ki, Azərbaycanın igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun keçirdiyi son hərbi əməliyyatlar da məhz bu ərazilərdə olub. Onun adı ilə bağlı və bizə məlum olmayan bir çox mühüm arxiv sənədləri “Libava” axtarış dəstəsi tərəfindən araşdırılıb və bu yaxınlarda Həzi Aslanovun ev muzeyinə təqdim olunacaq. Onu da vurğulayım ki, Aleksandr Borisov və onun “Libava” axtarış dəstəsinin araşdırmaları nəticəsində həmyerlimiz Məmmədov Bəşir Şəfi oğlunun cəsədinin aşkarlanması və öyrənilməsi digər bir məqalədə də öz əksini tapıb. Bu işlərin önəmli olmasını qeyd edərkən onu da əminliklə deyə bilərəm ki, görülən işlər o zaman cərəyan edən tarixi hadisələrin fonunda faşizm ideologiyasının yayılmasına qarşı əvəzolunmaz xidmətlər kimi qiymətləndirilməlidir. Elə həmyerlimiz Məmmədov Bəşir Şəfi oğlunun bu yolda qəhrəmancasına həlak olması onu ölümsüzlüyə, bir sözlə sonsuz dərəcədə ali və müqəddəs zirvəyə daşıyıb.

İnqilab Şirinbəyli

Şərhlər bağlıdır.