1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 21-il bundan əvvəl , 1 iyun 1998-ci ildə şəhid balaları öz bayram günlərində doğma Qarabağımızın ərazi bütövlüyü uğurunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmış atalarının məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanına gəldilər. Qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş, hər birimizə örnək olan Kişilərin övladları!
Niyə bu foto mənə bu qədər əzizdir? Çünki onların atalarının əksəriyyətinin tapşırıqsız, qəlblərinin hökmüylə Qarabağ savaşına yollanmalarının şahidi olmuşam. Sonra müxtəlif cəbhə bölgələrində görüşdük. Bəzən yardım apardığımız maşınla geriyə şəhid tabutu ilə qayıtmalı oldu1. Və sonralar hər şəhidin son xatirə vida nitqini söyləmək nəsib oldu mənə.
Əksəriyyəti çox gənc idi, yenicə ailə qurmuşdu. Çoxunun övladı onlar cəbhədə olanda ,ya da şəhidliyə ucaldıqdan sonra dünyaya gəldi.
… İllər keçdi,şəhid balaları pərvazlandılar. Atalarının məzarları önündəki xatirə nitqlərimi onların həyatının əlamətdar günlərində söylədiyim təbrik çıxışları əvəz etdi. Qəhrəman oğullarımızın yadigarlarını atalı uşaqlardan da ürəkli, gözütox böyüdən bu gənc anaların saçlarına nə vaxt dən düşdüyünü heç özləri də hiss etmədilər. Ömürlərini sevdikləri Böyük Vətən Oğullarının əmanətlərinə həsr etdilər bu analar!
… Özümü tanıyandan həmişə söyləmişən ki, öz soykökünə hörmətlə yanaşan, öz kimliyini bilmək istəyən hər birimiz ən əvvəl yurdumuzu gəzməli, sonra isə əzəli torpaqlarımız olan, zaman-zaman bizlərdən qoparılaraq aramızda sərhəd dirəkləri çəkilmiş Təbrizə, Dərbəndə, Borçalıya da getməlidir. İllər öncə Təbrizdə oldum. Bütün tarixi, böyük Şəhriyarın, Xaqaninin uyuduqları yerləri ziyarət etdim. Hər addımında insalarının doğmalığını hiss etdiyim, “Doğransalar da dilim-dilim” ana dilini qoruyanların, yaşadanların şəhəridir Təbriz.
Təbrizdə mənim üçün ən yaddaqalan, xoş məqamlardan biri “Azərbaycan” muzeyi yerləşən ərazidəki xiyabanda bir dəstə uşağın öz şirin ləhcələri ilə mübahisə edərək, bir-birinə “güzəştə” getməmələri, bütün ərazini başına götürmüş səs-küyləri ilə velosiped yarışmasında hər birinin qalib olmağa can atmasını görməyim, onlarla söhbətləşməyim oldu. Bütün bunlara çox sevindim və dərhal düşündüm ki, bu uşaqlar Təbrizin-Azərbaycanın çox etibarlı gələcəyidir. Onlara heç nəyi zorla qəbul etdirmək mümkün olmayacaq. Nə bilmək olar, bəlkə də gələcək dühalarımız, sərkərdələrimizdən biri olacaqlar?! Onlarla şəkil çəkdirdimvə böyüyəndə bu taydakı Azərbaycana, o cümlədən Mingəçevirə gələmələrindən çox məmnun olacağımı bildirdim.
…Artıq hər iki şəkildəki uşaqlar böyüyüb. Lakin anaları üçün onlar hələ də uşaqdırlar. Həyatları uğurlu olsun!
Mən, Azərbaycanımızın, doğma şəhərimizin bütün uşaqlarını, eləcə də Təbrizli balalarımızı qəlbən təbrik edir, onların sağlam, gələcəkdə Azərbaycanımızın layiqli övladları və milli ruhun daşıyıcıları olmalarını arzulayıram!
Hörmətlə,
Bayram Mustafa.
23.05.2019
Şərhlər bağlıdır.