Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kasıblığın qurbanı olanlar

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə,  37 insan alverçisi axtarışdadır:  “Bu alverçilərin bəzilərinin adı Beynəlxalq Polis Təşkilatına (İnterpol) da verilib. Həm Azərbaycanda, həm də İnterpol kanalları ilə beynəlxalq axtarışda olan bu canilərin bəziləri 10 ildən çoxdur gizlənir”

Qızcığazın boşa çıxan ümidləri

Məmmədovların üç övladı dünyasını dəyişib. Zeynəb xanım bu faciədən sonra yeganə qızı Nailəni göz bəbəyi kimi qoruyurdu. Hətta qızı on birinci sinfi bitirənə kimi məktəbə birgə gedib-gəlirdilər. Lakin mayın 28-də ana sonuncu sevincini də itirdi. Axşamçağı həyətə enən Nailə bir daha geri dönmədi.

Ailənin maddi vəziyyəti acınacaqlı idi. Vasif dayı çörək pulu dalıyca Rusiyaya üz tutmuşdu, Zeynəb xanım isə aldığı məvaciblə qızı ilə bir təhər dolanırdı. Ailə ehtiyac içində yaşadığından  Nailə yaşıdlarından fərqlənir, hər an kasıblığın ağrısını çəkirdi. O, atasının böyük vəsaitlə qayıdacağına ümid edir,  xəyalında hər cür rahatlığı olan bir ev qururdu. Lakin atasının 6 ildən sonra qazancsız evə dönməsi onun arzu və ümidlərini boşa çıxardı.

Nailə yoxa çıxdı

Nailə qonşuluqda yaşayan Məlahət adlı qadınla tanış olmuşdu. Onlar tez-tez görüşür, vaxtaşırı zəngləşirdilər. Axşamlar isə qız anasına Türkiyədə asan yolla pul qazanmağın mümkünlüyündən, yüksək yaşayış səviyyəsindən həvəslə danışırdı. Ana isə deyilənləri təbəssümlə dinləyirdi.

Bir gün Nailə pasport almaq üçün anasından pul istədi. Buna imkanı çatmayan ana həmin məbləğin Məlahətdən alınmasına etiraz etmədi. Sənədi alandan az sonra Nailə yoxa çıxdı.

Valideynlər əvvəlcə qızın sevdiyi oğlanla getdiyini güman edirlər. Lakin 3 gündən sonra edilən anonim zənglə xəbəri verilirdi ki, Nailə  Türkiyəyə aparılıb. Təşvişə düşən ana və ata kömək üçün polis şöbəsinə müraciət etdilər. Lakin artıq gec idi.

“Rahat həyat” dalınca xaricə

Qızının axtarışı üçün heç bir tədbir görülmədiyini deyən ana göz yaşlarını saxlaya bilmir: “Fikirləşdik ki, həyəcan təbili çalarlar, aeroporta xəbər verərlər, balamın o tərəfə keçirilməsinə mane olarlar. Amma  bizə dedilər ki, qızınızın 19 yaşı tamam olub, o, artıq müstəqildir, özü qərar verir. Mən onunla nəfəs alırdım. Onsuz necə yaşayacağam?”.

Ara-sıra edilən zənglər vasitəsilə Nailənin aldadılaraq “rahat həyat” dalınca xaricə aparılmasında rolu olan qadınların adları çəkilirdi. Əlacsız qalan valideynlər qızlarının axtarışı ilə özləri məşğul olurdular. Onlar taksi sürücülərinin köməyi ilə həmin qadınların ünvanlarını tapır, onlarla əlaqə yarada bilirdilər. Lakin hər dəfə təzyiqlə üzləşir və eyni sözləri eşidirdilər: “Mən bilmirəm sizin qızınız haradadır”.

Əhali məlumatsız olduğu üçün

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü, Qarabağ qazisi Əbülfət Babayevin fikrincə, insan alverinin qol-budaq açmasının başlıca səbəbi əhalinin məlumatsızlığı və dövlət səviyyəsində lazımi tədbirlərin  görülməməsidir: “Az işçi qüvvəsi ilə yüksək gəlir götürməyə alışan “alverçilər” aztəminatlı ailələrin övldlarını aldatmağa nail olurlar. Onlara başqa dövlətdə  yüksək maaş, rahat iş vəd edilir. Hətta bir çox hallarda pasportun əldə edilməsi, viza açılması, təyyarə biletinin alınması ilə bağlı xərcləri də işbazlar öhdələrinə götürürlər. Bundan sonra isə qurbanlar fahişəliyə  məcbur edilməklə aylarla, hətta illərlə “işləməli” olurlar ki, “borclarını” qaytarsınlar».

Vanna otağında damarlarını doğrayandan sonra

Ucar rayon sakini Sahibənin etirafına görə, onu soyadını dəyişdirərək Türkiyəyə aparmışdılar: “Mən gün ərzində bütün müştərilərə xidmət etməli idim. Bəzən onların sayı  15-20 nəfəri keçirdi. Bədənimdə dözülməz ağrılar olduğundan işləməkdən imtina edəndə isə mənə qarşı zor tətbiq edirdilər”.

İşlə təmin olunacağına inanan Çimnaz da Türkiyədə fahişəliyə məcbur edilmişdi. O, “tələyə” düşdüyünü bilən kimi vanna otağında almazla ayaq damarlarını doğramışdı. Al qanın içində huşsuz vəziyyətdə tapılan qadının həyatını həkimlər çətinliklə xilas edə bilmişdilər. Çimnaz bildirir ki, həm onunla, həm də digər qadınlarla pis rəftar edilirdi: “Bizə çox az miqdarda qida verilirdi.   Naharda bir yumurtanın ümidinə qalırdıq. Həyətə çıxmaq, eyvanda görünmək, pəncərədən baxmaq da qadağan olunmuşdu”.

Müsahibimizin sözlərinə görə,  tam qapalı və asılı şəraitdə saxlanılan qurbanların bir hissəsi çıxış yolunu intihar etməkdə görürdülər: “Vəziyyətin kriminallaşacağından ehtiyat edən “alverçilər” tez-tez yerimizi dəyişdirir, məcburiyyət qarşısında qalanda isə qaçıb, aradan çıxırdılar”.

Aygün niyə qışqırdı?

Başqa ölkələrə gətirilən qurbanlar kirayələnmiş mənzillərdə, özü də  qeydiyyatsız şəraitdə saxlanılır. Şaxtalı qış günündə jandarma məntəqəsinə gətirilən Aygünü ancaq bir təsadüf xilas edə bilmişdi: “Bizə deyirdilər ki, sənədimiz olmadığından polis bizi həbs  edəcək və döyəcək. Buna görə də jandarmalar gələndə ya evin çardağına çıxır, ya da zirzəmidə gizlənirdik. Amma daha dözə bilmədim, onların növbəti gəlişi zamanı qışqırdım. Gəlib məni və o biri xanımları tapdılar”.

Sonuncu siyahıda 37 insan alverçisinin adı çəkilir

Hüquq müdafiəçisi İnqilab Həsənovun bildirdiyinə görə, bir neçə ay qabaq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi axtarışda olan insan alverçilərinin sayını açıqlayıb: “Siyahıda 37 insan alverçisinin adı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə barəsində axtarış elan edilən bu alverçilərin bəzilərinin adı Beynəlxalq Polis Təşkilatına (İnterpol) da verilib. Həm Azərbaycanda, həm də İnterpol kanalları ilə beynəlxalq axtarışda olan “mama rozalar”dan bəziləri 10 ildən çoxdur gizlənir. Onlar Azərbaycanda aldadıb tora saldıqları qadınları müxtəlif ölkələrə aparıb cinsi istismara məruz qoymaqda, fahişəliyə məcbur etməkdə təqsirləndirilirlər. İnsan alverçiləri kimi axtarışa verilənlər arasında 3 nəfər kişi də var”.

Anası inanır ki, qızı imkan düşən kimi ona zəng vuracaq

Artıq Nailənin itməsindən bir neçə il keçir. Zeynəb xanım gecə-gündüz telefonun yanında oturub, qızından xəbər gözləyir: “Mən bilmirəm onun başına nə gəlib. Buna görə də qızım haqqında heç nə deyə bilmərəm. Amma Nailə qoçaq qızdır, imkan düşən kimi zəng vuracaq”.

Gözünün yaşı qurumayan ana ürəyinin ağrılarına məhəl qoymadan övladının xilası üçün Tanrıya dua edir.

 

Məqalə Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə həyata keçirdiyi “Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” proqramı çərçivəsində dərc olunur.

Şərhlər bağlıdır.