Yerli Qurumlar

Karantin rejimini yenidən sərtləşdirməyə zərurət yaransa da, həyat davam edir

Mingəçevirdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir: yollar genişlənir, park və istirahət mərkəzlərində yeni yaşıllıq sahələri salınır, uşaq əyləncə mərkəzləri, idman qurğuları quraşdırılır

Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə mart ayında ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə tətbiq edilən xüsusi rejim  müsbət nəticə verib.  Pandemiyanın ilk günlərindən Hökumətin qəbul etdiyi qərarlar və karantin   rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.  Elə bu səbəbdən də karantin rejimindən mərhələli şəkildə çıxmağa başlanılıb. Ölkəmizdə pandemiya ilə mübarizə məqsədi ilə izolyasiya tədbirlərinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, təhsil və  tərbiyə ocaqlarının, idarə və müəssisələrin, parkların, küçələrin, yaşayış binalarının ümumi istifadə sahələrinin dezinfeksiya edilməsi, insanların sağlamlığının  qorunması məqsədi ilə reallaşıb və davam etməkdədir. Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarın  verilməsi də böyüklərə göstərilən diqqət və qayğının bariz nümunəsi hesab edilə bilər.

Lakin son zamanlar əhalinin böyük hissəsinin karantin rejiminə əməl etməməsinə görə virusa yoluxanlar və sağalanlarının  sayında yaranmış fərq  karantin rejimini  yenidən sərtləşdirməyə  zərurət yaradıb.  Hökumətin qəbul etdiyi qərar, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.  Qapanma yalnız iki gün olacaq. Vətəndaşlar sağlamlıqları üçün əvvəlcədən ailələrinə lazım olan ərzaq mallarını və digər ləvazimatları əvvəlcədən almaqla evdə qalmalıdırlar.

Ölkəmizin hər bölgəsində vətəndaşlar karantin rejiminə ciddi əməl edib. İşləyənlərdən fərqli olaraq  yalnız lazım olduqda icazə ilə evdən çıxmaqla  dövlətimizin qərarlarına hörmətlə yanaşıb.

Mingəçevir şəhərində izolyasiya tədbirləri davamlı olaraq yerinə yetirilir. Dezinfeksiya işlərinin  mütəmadi aparılması əhali tərəfindən razılıqla qarşılanır, bu həm də antisanitariyanın qarşısını alır. Vəziyyətin  ciddiliyi, yəni pandemiya təhlükəsinin  artmaması üçün şəhər sakinləri son günlərdə sağlamlıqları üçün maskalardan daha çox istifadə efirlər. Banklarda, poçt şöbələrində, ərzaq mağazalarında, digər xidmət mərkəzlərində, ümumiyyətlə bütün ticarət obyektlərində, bazarda vətəndaşların böyük əksəriyyətinin maska ilə gəzdiyi  müşahidə olunmaqdadır.

Tətbiq edilən rejimə əməl etməklə hər kəs öz təhlükəsizliyini qoruyur.  Ölkəmizdə bir çox müəssisə və təşkilatların fəaliyyəti bərpa edilib. Yəni, həyat davam edir. Azərbaycanda abadlıq quruculuq işləri genişlənir,  parklar salınır, sənaye müəssəisələri, xidmət sahələri, idman sağlamlıq  mərkəzləri, məktəblər, səhiyyə ocaqları inşa olunur.  Mingəçevirdə də genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.  Yollar genişlənir, park və istirahət mərkəzlərində yeni yaşıllıq sahələri  salınır, uşaq əyləncə mərkəzləri, idman qurğuları quraşdırılır. Bu yaxınlarda  müxtəlif bölgələrdə  yeni xidmət sahələrinin açılış mərasimlərində iştirak edən  ölkə başçısı vətəndaşları diqqətli və ehtiyatlı olmağa səsləyib. İyunun 3-də Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin maskadan istifadə etməsi hər kəs üçün nümunə olmalıdır. Operativ Qərargahın qərarlarına əsasən tətbiq edilən rejimə ciddi əməl edilməlidir.   Bu hər kəs üçün vacibdir.  Sağlamlığımız  və dövlətimizə etimadımız öz əlimizdədir. Gəlin, ona ciddi yanaşaq.

 

Nurcamal ƏSGƏROVA,

YAP Mingəçevir şəhər təşkilatı Qadınlar şurasının sədri,

Tərəqqi medallı

Daha çox

Oxşar yazılar

Close