Jurnalistlər üçün növbəti təhlükəsizlik təlimi fevralın 15 və 16-da Mingəçevir Media Mərkəzində baş tutub. Bölgədə fəaliyyət göstərən və təlimd iştirak edən 15 jurnalistə qaynar nöqtələrdə (fövqəladə vəziyyətlərdə, müharibə bölgələrində) işlədikləri zaman öz təhlükəsizliklərini necə qorumalı olduqları barədə bilgilər verilib. Onlar Beynəlxalq Jurnalistlər Federasiyasının ekspertləri David Rees Bevan (Böyük Britaniya) və Svetlana Svistunovanın (Rusiya) rəhbərliyi ilə hazırlıq öncəsi və planlaşdırma, ballistik maarifləndirmə, tibbi xidmət və xəstənin dəyərləndirilməsi, ürək –ağciyər zədəsi, qanaxmalar, yanıq və sınıqlar zamanı ilk tibbi yardım barədə nəzəri və praktik tapşırıqları yerinə yetiriblər. Devid deyib ki, 25 ildir müharibə bölgələrində çalışır: “Son 10 ildə CNN, Fox news, Əlcəzirə və s. tv-lərdə və jurnallarda jurnalist kimi çalışmışam. İraq, Əfqanstan, Suriya, Pakistan, Somali, Keniya, Sudan kimi “qaynar nöqtələrdə” olmuşam. İndi də Qafqaz ölkələrində təlim keçirəm. Azərbaycan haqqında planlaşdırma apararkən ilk ağlına gələn yol təhlükəsizliyi-tıxac və qəzalar oldu”.
Təlimə yerli təlimçi Teymur Zahidoğlu da qatılıb. O, planlaşdırma, avtomatlar, onların istifadə olunması, cəbhə bölgəsindəki jurnalistin davranışları haqqında məlumat verib.
“Təlimlər müharibə vəziyyətində olan 7 ölkədə keçirilir. Onlardan biri də Azərbaycandır. Çünki ölkəmiz qaynar nöqtələrdən sayılır və jurnalistlər tez-tez cəbhə bölgələrində olurlar. Təlimləri keçməkdə məqsədimiz jurnalistlərə fövqaladə vəziyyətlərdə (yanğın, daşqın, uçqun və s), həmçinin cəbhə xəttində reportaj hazırlayarkən necə davranmaq lazım olduğunu öyrətməkdir” -JuHİ sədri Müşfiq Ələsgərli belə deyib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) mərkəzi ofisi Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) dəstəyi ilə “Avropa Şərq Tərəfdaşlıq Proqramına daxil olan ölkələrdə jurnalistlər üçün müstəqillik mədəniyyətinin, təhlükəsizlik standartlarının və hüquqi meyarların qurulması” layihəsini həyata keçirir. İcrasına 2011-ci ilin sentyabrından başlanan layihə 2014-cü ilin mart ayında başa çatacaq.
Aytən Kosayeva
P.S Təlimdən çox şey öyrəndim. Xüsusən də Devidin ilkin tibbi yardım dərslərinin həyatımız üçün nə qədər vacib olduğunu başa düşdüm.
Şərhlər bağlıdır.