İstək liseyinin ilk məzunları müstəqil həyatın astanasında
Öncə Qarabag şəhidlərinin və 19 mayda Bakıda yanğın nəticəsində dünyasını dəyişənlərin ruhu yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra Liseyin direktoru Saday Möhnətov məktəbin nailiyyətlərindən danışıb: “Şagirdlərimiz fənn olimpiadalarında iştirak edib, riyaziyyat, fizika və informatika fənləri üzrə bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. Bakı 2015 Avropa Oyunları ərəfəsində paytaxtda və bölgələrdə fəaliyyət göstərən İstək liseyləri arasında idman spartakiadasında isə iki qızıl, bir gümüş və beş bürünc medal əldə etmişik. Üstəlik futbol komandamız İstək liseyləri arasında birinci yerə layiq görülüb. 2014-2015-ci tədris ili bitmədən iki şagirdiniz- Azər Qəmbərov və Fərid Həsənli xarici dövlətlərin universitetlərinə qəbul olunublar”.
Tədbirin gedişi zamanı müxtəlif yarışların qalibləri, 2015-2016-cı tədris ili üçün liseyə qəbulda yüksək bal toplayaraq, pulsuz təhsil alacaq şagirdlər, sınaq imtahanlarında 600-dan yuxarı bal toplayanlar və güləş üzrə birinci yer tutan və ilin şagirdi seçilən Asif Yolçuyev səhnəyə dəvət olunub və mükafatlandırılıblar.
Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev, Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, AMİ Mingəçevir filialının direktoru Rasim Şükürov, İstək liseyinin kadrlar şöbəsinin rəhbəri Saleh bəy və başqaları məzunlara xeyir-dualarını veriblər.
Şagirdlərin ifasında ana və vətənə aid şeir və mahnilar səslənib. Rəqs və gitaraçılar qrupunun çıxışları da maraq doğurub.
Ən möhtəşəm məqamlardan biri Azərbaycan bayrağının təntənəli surətdə səhnəyə gətirilməsi və məzunların onu opərək and içməsi olub. 11-cilər şərəflə daşıdıqları bu bayrağı 10-culara əmanət ediblər. Fərid Həsənli adı yazılmış kiçik lövhəni liseyin “Şərəf kötüyü”nə vurub, son zəngi çalmaq isə Qasım Cəfərliyə nəsib olub.
P.S. Kim bilir, neçə il keçəcək və bugunki məzunlar çəkdirdikləri xatirə şəkillərinə baxanda keçdikləri bir ömür yolunu yada salacaqlar.
Bu tədbirdə hər kəsin payı vardı. İllərlə bu uşaqların layiqli vətəndaş yetişdirilməsində əməyi olan müəllimlərin də. Övladının İstək liseyində təhsil alması üçün əziyyəti olan valideynlərin də. Bugün ya sabah imtahanlardan üzü ağ, alnı açıq çıxacaq məzunların da. Yolunuz açıq olsun!
Şərhlər bağlıdır.