Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda binaların üzlənməsinə çəkilən xərclərlə bağlı sensasiyalı faktlar üzə çıxdı

213

“Bizim Yol” qəzetinin əməkdaşı Satınalmalar Üzrə Dövlət Agentliyinin web-saytında 2010-2015-ci illər üzrə keçirilən müsabiqələrin reyestr məlumatlarını araşdırıb.

Yanğına görə hazırda bəzi rəhbər şəxsləri həbsdə olan \”Global Construction\” MMC-nin fasadların üzlənməsi ilə bağlı 5 il ərzində yalnız iki tenderdə iştirakını təsdiqləyən məlumat var. 2013-cü ildə Mingəçevir İcra Hakimiyyətinin sifarişi ilə adıçəkilən şirkət \”şəhərdə yüksək mərtəbəli yaşayış binalarının fasad hissələrinin təmir və üzlənmə işinin satın alınmasına görə\” 3999864,54 manat pul alıb. \”9\” rəqəmi adətən korrupsiya ilə assosiasiya olunur, burada isə ondan bir yox, düz üç dənə var. 2014-cü ildə yenə Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə şirkət eyni məqsədlə 9999254,51 manatlıq sifariş götürüb. Təkrar işin içində \”9\”lar var. Maraqlıdır, niyə bu 7777 olmur da, 9999 olur? Şirkətin hazırda qapalı olan saytında bir ay əvvəl göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür. Təkcə üzlük və dam örtüklərinin dəyişdirilməsinə bu qədər vəsaitin ayrılması irimiqyaslı korrupsiyadan xəbər verir. Amma yenə də Mingəçevir İH vəsaitləri tendersiz verməyib, formal da olsa Agentliyin saytında müsabiqənin keçirildiyi barədə rəsmi məlumat var. O tender həqiqətən olubmu, nə qədər şirkət orada iştirak edib və niyə məhz \”Global Construction\” onu \”qazanıb\”, bunu araşdırmaq istintaqın işidir. Əllərində materiallar məndəkindən çoxdur.

Şirkətin web-saytında Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, \”Günəş\” Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Saatlı rayon İcra Hakimiyyəti və daha 10-larla binada fasadlara və interyerə poliuretan örtüklərinin quraşdırılması işinin görüldüyü qeyd edilirdi. Lakin bu işlərin müsabiqə ilə aparıldığı Agentliyin məlumat bazasında təsdiqlənmir. Burdan da belə nəticəyə gəlmək olar ki, işlər müsabiqəsiz-filansız adıçəkilən şirkətə \”peşkəş\” edilib. Kağız üzərində rəhbər şəxsləri hazırda həbsdə olan \”TNH\” isə heç bir tenderdə yoxdur, işlədiyi 30-dan çox bina üzrə satın alan təşkilat kimi onun adı dövlət qurumunun saytında çəkilmir. Hökumətin bir satınalma təşkilatı var və onun hesabatlarında bu şirkətlərin adı yoxdursa, deməli işlər tenderdən kənar həvalə olunub. Son 5 ildə dövlət tərəfindən sifariş almayan bu şirkətlərə belə irimiqyaslı və məsuliyyətli bir işin həvalə olunmasının səbəbləri maraqlıdır. Hansısa bir nazirliyə kələm, kök alınmasına müsabiqə keçirilib, amma 263 binada üzləmə işlərinin görülməsi üçün dövlətin agentliyinin internet resurslarında 5 il ərzində cəmi 2 məlumat var ki, o da sadəcə bir bölgəyə aiddir və rəqəmlərin fantastik həddə böyüklüyü şübhə yaradır.

Üzlüklərə xərclənən pullara binaları qızıl suyuna çəkmək olardı

Bir də 2013-cü ildə \”Global Construction\”nın \”AzərTac\”ın yeni inzibati binasında tikinti-quraşdırma işlərinin satın aldığı qeyd olunub. Satın alınan məbləğ 6956756,82 manatdır. Yenə də 6 milyonu 7 milyonun bir addımlığında \”saxlayan\” 9 rəqəmi, yenə də iri məbləğ. Vəssalam. Şirkətin 5 ildə tenderlə gördüyü 3 iş olub. Bundan əvvəl hər hansı bir müsabiqədə iştirakçı və ya qalib olduğu barədə məlumat verilmir. Bu şirkət özünü podratçı kimi qələmə verib, əsasən subpodratçılarla işləyib. Bir tikinti mütəxəssisi deyirdi ki, subpodrat işində korrupsiya riski daha yüksəkdir. Çünki pul qazanmaq istəyi sifarişçi və icraçıda olduğu kimi subpodratçının da iştahası var, o da qazancını \”çıxarmalıdır\”. \”Qazanc çıxarma\” söhbətini sözügedən şirkətin iş icraçısından da eşitmişdim.
Saytda fasadların üzlənməsi ilə bağlı bəzi tenderlərin keçirildiyi qeyd olunub. Formal xarakterli və ya gerçəkdən olduğunu bu gün demək çətindir. 2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin \”Bakı şəhərində binaların dam örtükləri və fasadların yenidən qurulması, təmir-bərpa və işıqlandırılma işlərinin satın alınması\”nda \”Vest-LTD\” MMC-yə 58709000 manat vəsait verilib. Eyni şirkətlə eyni məbləğdə və eyniprofilli iş üzrə təkrar tender var. Bilmirəm, bu, texniki səhvdir, ya yox, ikincidə \”təmizləmə\” sözünü də artırıblar. Sonra qurum \”Tarixi əhəmiyyətli binaların dam örtükləri və fasadlarının yenidən qurulması, təmir-bərpası, təmizlənməsi və işıqlandırılma işlərinin satın alınması\”nda 5-ci lot üzrə yenə \”Vest-LTD\” MMC-yə 30001376 manat ödəyib. Həmin il Sabirabad rayon İcra Hakimiyyəti 1 yaşayış binasının təkcə fasadının üzlənməsinə 1592780 manat vəsait verib. Şirvan şəhər İcra Hakimiyyəti şəhərin H.Əliyev prospektində yaşayış binalarının fasadı və giriş bloklarının əsaslı təmir işlərinin satın alınmasına 100196 manat xərc çəkib. Yuxarıda bir binanın fasadına 1,6 milyon manat, burada isə bir neçə binada iki iş üzrə 200 min manat sərf olunub. Bu məlumat da sonradan ya təkrar gedib, ya da eyni işə iki dəfə pul ayrılıb. Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının binasının fasadının aqlay daşı ilə üzlənməsi işini \”Fidan-2003\” şirkətindən cəmi 24050,02 manata satın alıb. Deməli, istədiyiniz zaman korrupsiya etməmək də olur. İcra Hakimiyyətlərinin rəqəmləri ilə müqayisədə inandırıcıdır. \”Yeyəndə\” də gərək insafla \”yeyəsən\”.

2012-ci ildə Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə H.Əliyev prospekti və M.Rəsulzadə küçəsindəki 5 mərtəbəli yaşayış binalarının dam örtükləri, ön və kəllə fasadlarının (yarımçıq işlərini göstərməklə özlərini burada da biabır edirlər-H.H.) təmirinin \”ATF\” MMC-dən satın alınma məbləği 999975,45 manatdır. Yenə psixoloji həddi keçməmək adına istifadə olunan dörd \”9\”. Sabirabad rayon İcra Hakimiyyəti \”H.Əliyev prospekti boyunca ictimai yaşayış binalarının fasad hissələri və dam örtüyünün müasir səviyyədə qurulması işlərinin satın alınması\”na 999869,28 manat ödəyib. \”9\”ları burada da unutmayıblar. Podratçı \”Yol Qurğularının İstismarı\” müəssisəsi 69 saylı YİM olub. Şirvan şəhər İcra Hakimiyyəti Şirvan şəhəri Energetik 9 saylı binanın fasad və dam örtüyünün əsaslı təmir işlərinin satın alınmasına 155459 manat xərcləyib. Baş Prokurorluğun inzibati binasının fasadının əsaslı təmir işlərinin satın alınmasına görə \”Azimport\” MMC-yə 989679,02 manat ödənib. Hətta prokurorluqla işbirliyində \”9\” rəqəmi məbləğin vacib səmtində durursa, vəziyyətin şərhə ehtiyacı yoxdur, fakt özü adamın gözünə batır. Təkcə fasad sözünü yazmaqla gələn rəqəmlərə baxın, durum ortadadır.

Müqayisə korrupsiya miqyasının fantastik olduğunu ortaya qoyur

2013-cü ildə yenə Bakı şəhər İcra Hakimiyyəti başçısının (?) Mənzil-Kommunal Təsərrüfatı departamenti \”Bakı şəhərində binaların dam örtüklərinin və fasadların yenidən qurulması, təmir, bərpa, gücləndirmə və işıqlandırma (binalar nə gündəymiş, onları söküb yenidən tiksələr daha yaxşıdır-H.H.) işlərinin satın alınması\” üçün \”Tarixi Memarlıq\” MMC-yə 67999798 manat vəsait ayırıb. Bir dəfəyə 68 milyon manat, həm də yenə dörd \”9\”la. Həmin il Lənkəran Rayon İcra Hakimiyyəti \”Azərkommunallayihə\” KLİ-i podratçı şirkət kimi tutub, 21 iş üzrə təkcə köhnə binaların bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına üst-üstə 311730 manat vəsait ödənib. Hər binanın layihə-smeta sənədi 12500-30000 manat arasında dəyişir. Sadəcə bir iş dam örtüyü və fasadın təmirinə aiddir, bu da 244812,67 manatla \”Kristal-S\” MMC-yə həvalə edilib.
Saytda başqa maraqlı rəqəmlərə də rast gəldim. Agentliyin 2010-cu il üzrə reyestrində \”Azərpoçt\”un inzibati binasının ön, yan fasadının rekonstrusiya və təmirinin satın alma qiyməti 967518,89 manat olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom İstehsalat Birliyinin Qəbələ Telekommunikasiya Qovşağının \”Rabitə evi\”nin fasad və dam örtüyünün yenidənqurulması işlərinin satın alınması üçün \”Azəri Trans\” MMC-yə 1350000 manat vəsait ödəyib. DİN Daxili Qoşunlar Baş İdarəsinin inzibati binasının fasadının təmiri 177920 manat olub. Bəlkə də ikincidə iş həcmi azdır, amma sifariş qiymətində 5 dəfədən çox fərq var. 2011-ci ildə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının fasadında təmir və yenidənqurma işləri 14396 manata satın alınıb. İstəsəydilər onlar da bu vəsaiti 10-na vurardılar, lakin etməyiblər. İş həcmini bilmirəm, amma təmir üçün milyon çox deyilmi cənablar, fasadı qızıl suyunamı çəkirsiz? Təzə bina tikməmisiz, sadəcə fasad və dam örtüyünü yeniləmisiz. Bu arada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əksər bölgələrdə binalarının cari təmiri, üzlənməsi ilə məşğul olub və buna kifayət qədər böyük pullar ayırıb. İllər üzrə baxanda elə rəy yaranır ki, əksər nazirlik və büdcə təşkilatı yalnız təmir və üz dəyişməklə məşğul olub. Bu məlumatlar təhlil edildikcə hansı nazirlik, dövlət qurumlarının və şirkətlərin daha çox korrupsiya ilə məşğul olduğunu görmək mümkündür. Büdcə vəsaitlərinin 50-60 faizi təmir, rekonstruksiya adı altında \”silinir\”.

Sabirabad rayon İcra Hakimiyyəti \”yaşayış binasının fasadının üzlənməsi\” işini \”Azəryolservis\” ASC \”Yol qurğularının istismarı\” MMC \”69 saylı yol istismar müəssisəsi\”ndən 1592780 manata satın alıb. 1 bina üçün fantastik rəqəmdir. Naftalan Şəhər İcra Hakimiyyəti də 2014-cü ildə binaların fasadlarının yenidənqurulmasının satın alınması üzrə \”İlqar-MR\” MMC-yə 1999847,63 manat müqavilə haqqı ödəyib. Bəs nə yaxşı poliuretan üzlüklər bizə \”həzm etdirilir\”, amma onların keyfiyyətinin uyğunluğuna cavabdeh olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Gəncədə laboratoriya binasının fasadını aqlayla üzlədir? Deməli, poliuretanın nə olduğunu məmurlar yaxşı bilirdilər. Bu sayt çox maraqlıdır, əminəm ki, dərindən təhlil olunsa dövlət qurumlarının fırıldaqları ortaya çıxar. Kim-kimə tenderi \”qazandırır\”, hansı qiymətə, kimin rəhbərlik etdiyi qurumun büdcəsi hara gedir və s. Mətbuatın zəif yerlərindən biri də ölkədə keçirilən tenderləri müşahidə etməyə maraq və təşəbbüs göstərməməsidir. Suallarımıza cavab vermirlərsə məlumatları özümüz qazıb çıxaracağıq.

İndi də yanan binanın təmiri üçün tender keçirildiyini deyirlər. Faciədən 7 gün ötüb, məmurlar yenə öz amplualarındadırlar. O müsabiqə nə vaxt oldu, kimlər orada iştirak etdi, iş hansı səbəbdən \”Azəraqrartikinti\” ASC-yə həvalə olundu, cəmiyyətə məlumat vermirlər.

H.HƏMİDOVA
bizimyol.info

Şərhlər bağlıdır.