Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Orta təhsildə sivil məktəb şuralarının təbliği” layihəsi həyata keçirilir

Bu müddətdə həm Bərdədə yerləşən 1 saylı Ağdam Məcburi Köçkün Məktəbində, həm də Mingəçevirdəki 10 saylı Tam Orta Məktəbində təhsilin idarə olunmasında valideyn iştirakçılığının və səriştəliyinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb. Pilot məktəb kimi seçilən 10 saylı məktəbdə valideyn-müəllim-şagird üçlüyündən ibarət nümunəvi məktəb şurasını formalaşdırmaq üçün seçki keçirilib. Burada üzvlüyə namizədlər irəli sürülüb. Gizli səsvermədən sonra 9 nəfərdən ibarət məktəb şurası yaradılıb.

Qeyd edək ki, tədbirdə 10 saylı Tam Orta Məktəbinin direktoru Xumarə Mikayılova da iştirak edib. Layihə barədə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev qəzetimizə açıqlama verərək bildirib ki, bu tədbirlərdə əsas məqsəd eksperiment olaraq, Azərbaycanın iki bölgəsinin məktəbində fərqli bir nümunəvi məktəb şurasının modelini yaratmaqdır: “Bununla bağlı biz Mingəçevir 10 saylı Tam Orta Məktəbini və Bərdə şəhərində yerləşən 1 saylı Ağdam Məcburi Köçkün Məktəbini seçdik. İlkin olaraq, həmin məktəblərdə həm şagirdlər, həm müəllimlər, həm də valideynlər üçün ayrı-ayrılıqda təlimlər keçdik. Yeri gəlmişkən, qeyd edim ki, təlimləri əməkdaşımız Yeganə Nəbiyeva keçib. Burada məqsədimiz bu idi ki, bunlar qarşılıqlı əməkdaşlıq etməyi öyrənsinlər, çünki sonda bu üç qrup bir yerdə məktəbin təhsil problemlərini həll edə biləcəklər. Adətən, müəllimlər, yaxud da valideynlər ayrı-ayrılıqda şagirdlər haqqında düşünürlər və şagirdlər barəsində qərar verirlər. Amma biz hesab etdik ki, bu qərarvermə prosesində şagirdlərin öz iştirakı zəruridir. Çünki qərar bunların özlərinə aiddir. Hesab edirəm ki, belə layihələrin baş tutması irəliyə doğru bir addımdır. Sirr deyil ki, bu gün təhsil məktəbdən evə köçüb. Əksər valideynlər repetitorluğun, təhsildə korrupsiya və rüşvətin qarşısının alınmasına cəhd göstərir, lakin bu, pərakəndə və sistemsiz aparıldığından nəticə vermir. Layihə bu pərakəndəliyi və sistemsizliyi aradan qaldırmağa kömək edir. İndiyə qədər problemə seyrçi mövqeyində qalan bu insanlar artıq çıxış yolunu tapa bilirlər. Eyni zamanda faydalı yeniliklərin tətbiqi üçün hökumətin müəyyən addımlar atacağına inanırıq. Onu da deyim ki, layihənin nəticələri ilə əlaqədar yaxın günlərdə Təhsil Nazirliyinə təkliflər paketi təqdim edəcəyik”.

Şərhlər bağlıdır.