Yerli Qurumlar

Eyyub Rəşidov rəisi olduğu MMC-ni təhvil vermək istəməsə də…

Niyazi Bayramov təsisçisi İcra Hakimiyyəti olan “Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsi” MMC-nin artıq ləğv olunduğunu bildirib

Fevralın 13-də Mingəçevir Şəhər İcra Hakimiyyəti  başçısı  onun  10 fevral 2016-cı il tarixli sərəncamı ilə  ləğv olunan “Fərdi Yaşayış Sahələrinə Xidmət  İdarəsi” MMC-nin keçmiş kollektivi ilə görüşüb. Başçı bildirib ki,  Hesablama Palatasının kollegiyası həmin idarənin yaradılması və ona büdcə vəsaitlərinin verilməsini hələ 2 il qabaq  qeyri-qanuni  addım kimi dəyərləndirib.

İH başçısı Niyazi Bayramov deyib ki, Hesablama Palatasının qərarı ilə bağlı müvafiq tədbirlər görülüb, müvafiq sərəncam verilib, ləğvetmə komissiyası yaradılıb: “Təsisçisi İcra Hakimiyyəti olan  Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsi MMC  artıq ləğv olunub, onun funksiyaları və əmlakı İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilib”.

Başçının sözlərinə görə, Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin hələ 22 may 2007-ci ildə  Sərəncamı olub: “O zaman Mingəçevirdə mövcud sahəyə xidmət etmək üçün İH-nin təsisçiliyi ilə başqa adla yeni qurum-Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb,  uzun illər boyu bu təşkilata büdcədən vəsait ayrılıb. Hesablama Palatasının ən ciddi iradlarından biri də büdcədən kommersiya hüquqi şəxsin maliyyələşdirilməsiylə bağlı  idi. Halbuki  MMC öz göstərdiyi xidmətə görə gəlir əldə etməklə bütün xərclərini özü ödəməlidir.  Bundan sonra  bağ və fərdi yaşayış sahələrinə xidmət  Kommunal Təsərrüfatı İstehsalat Birliyində davam etdiriləcək”.

Keçmiş “Fərdi Yaşayış Sahələrinə Xidmət  İdarəsi”  MMC-nin bir neçə işçisi və rəisi Eyyub Rəşidov İcra Hakimiyyətinin sərəncamı ilə razılaşmadıqlarını bildiriblər. E.Rəşidov deyib ki, kollektiv MMC-nin ləğvini istəmir, çünki ümumi yığıncaq onun ləğvi ilə bağlı qərar qəbul etməyib. İH-nin hüquq şöbəsinin müdiri Mahir Əliyev isə açıqlama verib ki,  MMC-nin Nizamnaməsində, 9.1.1-ci maddədə yazıldığı kimi, “Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Cəmiyyətin ümumi yığıncağının  səlahiyyətləri Azərbaycan  Respublikası  Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir”. Şöbə müdiri onu da nəzərə çatdırıb ki, 9.1.2.8-ci maddəyə əsasən, “Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək” də təsisçinin hüququdur.

Görüşə yekun vuran İcra Hakimiyyəti başçısı deyib ki, artıq ləğv olunan idarədə 33 nəfər çalışıb: “Biz indiki ağır durumda insanların işsiz qalmasına yol verə bilmərik. Onların Sanitar Təmizlik və Yaşıllaşdırma İdarəsinə və  Kommunal Təsərrüfatı İstehsalat Birliyinə işə götürülməsi barədə göstəriş vermişik.   Bu adamlar yenə əvvəlki kimi köhnə işlərini görəcəklər. Buna görə də köhnə idarədən çıxmaları, yeni idarələrə qəbul olmaları barədə ərizə yazmaları xahiş olunur”.

Başçı eyni zamanda Eyyub Rəşidova tapşırıb ki,  ləğvetmə komissiyasının fəaliyyətinə normal şərait yaratsın.

Məlumat üçün bildirik ki, bu yaxınlarda Hesablama Palatası Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələrini  müzakirə edib. Audit zamanı 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş tövsiyələrin Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) struktur vahidləri tərəfindən tam təmin edilmədiyi, eyni zamanda  hazırkı auditlə əhatə olunan dövrdə  mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmadan, təxmini hesablamalar əsasında tərtib edildiyi üzə çıxıb.  Nəzarət tədbirinin nəticələri üzrə Auditorlar Palatasının kollegiya qərarı Mingəçevir Şəhər İcra Hakimiyyətində müzakirə edildikdən sonra ciddi qanun pozuntularına yol verdiklərinə görə şəhərdəki mənzil təmiri və abadlaşdırma müəssisələrinin rəhbər şəxsləri  (Vəli Vəliyev, Ağa Ağayev  və hər iki idarənin baş mühasibi) vəzifələrindən azad edilib, təsisçisi İcra Hakimiyyəti olan  Fərdi Yaşayış Sahələrinə Xidmət İdarəsi MMC (rəisi Eyyub Rəşidov) isə  müstəqil struktur vahidi kimi ləğv olunub.

Daha çox

Oxşar yazılar

Close