İnternet media ailə dəyərlərinə ciddi təsir edir
Bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan nümayəndəsi, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli iyunun 14-də Mİngəçevir Media Mərkəzində “İnternet medianın ailə dəyərlərinə tətbiqi” mövzusunda keçirilən tədbirdə söyləyib.
“Dünyada internet təhlükəsizliyi ilə bağlı cidddi müzakirələr gedir. İnternetlə baglı əsas məsələlər internet təhlükəsizliyi və ifadə azadlığıdır. Bu fikirlər bir birinin əksidir. Ona görə də konkret nəticəyə gəlmək çətin olur. Təhlükənin qarşısını almaq üçün qanuni mexanizmlər var. Bunlardan biri də 2013-cü ilin noyabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində yaradılmış elektron təhlükəsizlik mərkəzidir” –deyən M.Ələsgərli qeyd edib ki, istənilən media nümayəndəsi həmin sayta girib problemlə bağlı yardım ala bilər.
Tədbirdə layihənin eksperti, jurnalist Seymur Verdizadə internetin ailə dəyərlərinə təsiri mövzusunda danışıb. O bildirib ki, Azərbaycanda əhalinin 70%-i internet istifadəçisidir: “İnkişaf etmiş ölkələrdə bu göstərici 80-90%-dir. Amma saxta profillər baş alıb gedir. Narahatlıq doğuran həm də budur ki, artıq virtual məkandan real həyata gələn və insanların həyatını korlayan hallar artmaqdadır. Bunlar isə sağlam Azətbaycan ailəsini dağıdır”.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Nigar Ağakişiyeva Şuranın son illər mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrə daha çox yer ayırdığını vurğulayıb: “Biz Azərbaycan ailəsini qorumağın vacib olduğunu, eyni zamanda internetin buna təsirlərindən kanatda qalmaq olmadığını başa düşürük. Buna görə də belə maarifləndirici layihələrə dövlət davamlı olara dəstək verir. Elə JuHİ-nin layihəsini də Şura maliyyələşdirib”.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, şair Elşən Əzim, psixoloq İlhamə İsmayılova, şəhər sakini Yunis Yolçiyev və başqaları mövzu ilə bağlı maraqlı fikirlərini bölüşüblər.
Müzakirələr çay süfrəsi ətrafında davam etdirilib.
Aytən Kosayeva
Şərhlər bağlıdır.