İnsanlar odla oynayırlar
Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını almaq mümkündür və Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşısında duran əsas vəzifə budur.
Dövlət Yanğın Nəzarəti Xidməti hər il payız-qış mövsümünün başlanması ilı əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir.
Baş verən ən faciəli yanğın hadisəsi insan tələfatı ilə nəticələnən yanğınlardır və təbii ki, bu da mənzillərdə baş verən yanğınlar zamanı qeydə alınır. Mütəmadi olaraq əhali arasında təbliğat xarakterli söhbətlər aparılsa da, kütləvi informasiya və təşviqat vasitələrindən istifadə edərək maarifləndirmə işləri görülsə də vətəndaşlarımız eyni səhvləri yenidən buraxır, beləliklə də yeni-yeni yanğınlara, digər fəlakətlərə yol açırlar. Nəticədə isə ağır xəsarətlərlə xəstəxanaya düşür və ya həyatlarını itirirlər. Odur ki, hündürmərtəbəli binalara, yaşayış evlərinə baxışların keçirilməsi, əhali arasında yanğın-texniki biliyin artırılması məqsədilə təbliğat xarakterli işlərin görülməsi vacibdir və bu məsələ daimi olaraq müəssisə rəhbərlərinin diqqətində olmalı, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilmiş göstəriş və tövsiyələrin icrası ilə bağlı müvafiq tədbirlər görməlidirlər.
Payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mənzillərdə baş verən yanğınların və insan tələfatının qarşısını almaq məqsədilə ərazi və regionlarda yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təbliğat xarakterli tədbirlər həyata keçirirlər.
Yanğınların təhlilinin nəticəsi göstərir ki, mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, uşaqların odla dəcəlliyi və s. olmuşdur. Ona görə də respublika ərazisində payız-qış mövsümü ilə əlaqədar havaların soyumasını nəzərə alaraq, yanğınların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparılmış, işıqlandırmaq üçün açıq alovdan, yəni şam və məşəldən istifadə edilməsinin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və cihazlarından istifadənin, bacaların yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının saxlanılmasının, nasaz qaz cihazlarının istismarının, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yaratdığı əhalinin nəzərinə çatdırılmışdır. Eyni zamanda bu məqsədlə sakinlərə Xidmət tərəfindən hazırlanmış “Vətəndaşların nəzərinə” adlı yaddaş vərəqələrinin paylanması, binaların lift kabinələrinə “Mənzildə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsindən qorunma qaydası” adlı stikerlər yerləşdirilməsi təmin edilmişdir. Bu işə mənzil-kommunal istismar sahələrinin, qaz və elektrik enerjisinin istismarı idarələrinin, rayon bələdiyyə və icra hakimiyyətlərinin nümayəndələri də cəlb edilmişdir.
Son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.
Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən isə insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr də baş verir. Bu cür fövqəladə halların baş verməməsi üçün yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır. Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!
Əhali ilə görüşlərdə yanğına qarşı təbliğat apararkən onların nəzərinə çatdırılmalıdır ki, yaşayış binalarının bloklarında və mərtəbələrində quraşdırılmış paylayıcı elektrik lövhələrinin saz vəziyyətdə olmasına, “Elektrik qurğularının quraşdırılması qaydaları” və “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun olaraq istismar edilməsinə, elektrik lövhələrində yalnız standarta uyğun elektrik qoruyucularından istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin çardaqların daim təmiz saxlanılması, taxta konstruktiv elementlərinin odadavamlı məhlulla hopdurulması, mövcud pəncərələrin şüşələnməsi, çardağa çıxış qapılarının, eləcə də yanğına qarşı divarlarda və ventilyasiya kameralarında quraşdırılmış qapıların bağlı və kip vəziyyətdə olması təmin edilməlidir. Yaşayış binalarının zirzəmiləri daim təmiz saxlanılmalı, giriş qapıları bağlı vəziyyətdə olmalı və açarlar birinci mərtəbədə yerləşən mənzillərdən birində və yaxud komendatda olmalıdır. Binaların birinci mərtəbəsində və zirzəmisində fəaliyyət göstərən obyektlərdə qaz cihazlarından istifadəyə yol verilməməlidir.
Yaşayış binalarının birinci mərtəbəsində layihə üzrə nəzərdə tutulmuş yanğın keçidlərinin açıq vəziyyətdə saxlanılmasına, başqa məqsədlər üçün istifadə edilməməsinə daim diqqət yetirilməlidir. Keçidlərin müəyyən təşkilat və idarələr, sakinlər tərəfindən tutulmasına imkan verilməməlidir.
Yaşayış evlərində elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Yaşayış binalarının birinci mərtəbəsində, zirzəmisində tezalışan və yanar mayelərin saxlanılması, istənilən müəssisələrin, emalatxanaların və digər obyektlərin fəaliyyət göstərməsi, pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması, eləcə də pilləkən marşları altında və onların meydançalarında ev əşyalarının yığılması qadağandır.
Hündürmərtəbəli yaşayış binalarının mərtəbələrində yanğına qarşı daxili yanğın su kranlarını şlanqlarla, birləşdirici başlıq və lülələrlə təchizini, su təzyiqini qaldırmaq üçün nəzərdə tutulmuş nasosxanaların,avtomatik yanğınxəbərverici siqnalizasiya sisteminin, tüstüqovucu və ventillyasiya sistemlərinin işlək vəziyyətdə olması təmin edilməlidir.
Qəsəbə və kənd yaşayış məntəqələrində, fərdi həyətyanı sahələrdə də quru otların daşınması, yığılması, sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da ciddi diqqət yetirilməlidir. Bütün bunlar isə əlbəttə ki, mənzillərdə, fərdi yaşayış sahələrində yanğınların baş verməməsinə və hadisə zamanı insan itkisinin qarşısının alınmasına xidmət edir.
FHN DYNX-nin Yanğına Qarşı Təbliğat Şöbəsi
Mingəçevir su anbarında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər aşkarlanıb STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün maşın və qoşqu hədiyyə etdi Mingəçevirdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib
Şərhlər bağlıdır.