Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qasım bəy hamamı 30 ildən sonra ziyarətçilərin üzünə açılır

16 noyabrda  saat 18.00-20.30-da  “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Muasir İncəsənət Sərgisi açılacaq. Açılış  İçəri şəhərdə yerləşən və ”Yaşıl aptek” kimi tanınan tarixi memarlıq abidə olan Qasım bəy hamamında baş tutacaq.

Bu barədə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyindən “Mingəçevir işıqları” qəzetinə məlumat verilib. Məlumatda bildirilir ki, sərgi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırılır və dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə bilikləri genişləndirmək məqsədi daşıyır: “Sərgi 17 noyabr – 1 dekabr tarixlərində, XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir”.

Qasım bəy hamamı son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir
işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil
olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər vardır. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilmişdir. 1970-ci ildə, hamamda yenidənqurma işləri aparılıb və bundan sonra, 90-cı illərə qədər burada fəaliyyət göstərən “Yaşıl aptek” adı ilə tanınan əczaxanaya çevrilib.
Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “ŞƏRQ İRSİ” sərgisi, Əqdəs Bağırzadə
(Azərbaycan), Andréas Lanq (Almaniya), André Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.
Sərgi tarixləri: 17 noyabr – 1 dekabr 2021
Ç. a. – bazar 14:00–20:00-dək.
Giriş sərbəstdir.

“Zəhər tuluğu” gəlir – Rəsmi tizer VİDEO 300 000 Avro qrantı Azərbaycanda hansı şəhər alacaq: Şəki, Xırdalan, yoxsa Lənkəran? Dənizkənarı Milli Parkda fotosərgi

Şərhlər bağlıdır.