İnsan alveri problemi ilə bağlı tələbə-gənclər üçün də təlim keçirilib
Noyabrın 25-də Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində gənclər üçün təlim keçirilib. «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda tələbə -gənclər qatılıb. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimi “Mingəçevir Valdeynlər Assosiasiyası” İctmai Birliyinin idarə heyətinin üzvü və proqramın eksperti Yeganə Nəbiyeva aparıb.
Tədbir «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumu tərəfindən hazırlanan sosial çarxın nümayişi və müzakirəsi ilə başlayıb. İnteraktiv keçən təlim zamanı iştirakçılara insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları ilə bağlı məlumat verilib. Həmçinin, iştirakçılar insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirilib.
Təlim daha sonra rol oyunları ilə davam etdirilib. İştirakçılar qruplara bölünərək, hazırladıqları kiçik rol oyunları ilə insan alveri problemi ilə bağlı əldə etdikləri bilikləri nümayiş etdiriblər.
Tədbirin sonunda region jurnalistlərinin insan alveri problemi mövzusunda yazdıqları məqalələrə görə müsabiqənin qalibləri elan olunub. Bu barədə məlumat verən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, oktyabrın 22-də və 23-də keçirilən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən media qəzetlərin əməkdaşları qatılıb: “Təlimdən sonra elan edilən müsabiqəyə 5 yazı təqdim olundu. Münsiflərin qiymətləndirməsindən sonra 3 qalib müəyyələşdi. Müsabiqənin nəticəsinə görə, “Bərdə” qəzetinin baş redaktoru Elburus Məmmədov birinci, “Oğuz yurdu” qəzetinin baş redaktoru Nazim Hüseynli ikinci, “İsmayıllı xəbərləri” qəzetinin müxbiri Elnarə Günəş isə üçüncü yerin qalibi olub”.
Elə həmin tədbirdə qaliblərə pul mükafatları təqdim olunub. Təlimə BMqT Mingəçevir ofisinin nümayəndəsi Ləman Nəbizadə də qatılıb.
Qeyd edək ki, proqram çərçivəsində “Üç nöqtə” və “Mingəçevir işıqları” qəzetlərində 7 araşdırma yazı dərc edilib, insan alveri problemi ilə bağlı bir saatlıq veriliş və videoçarx hazırlanaraq “Qarabağ TV” və “Mingəçevir TV”də yayımlanıb.
Xalid Vahidoğlu
Şərhlər bağlıdır.