İlk rübə yekun vuruldu
25 aprel 2012-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “2012-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş iclası keçirilib.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Nazirlər Kabinetinin iclasında cənab Prezidentin tövsiyə və tapşırıqları barədə danışıb. O, bildirib ki, cənab İlham Əliyev ölkə iqtisadiyyatının birinci rübdə uğurla inkişaf etdiyini vurğulayıb, son illərdə əldə olunmuş nailiyyətləri təhlil edib: “Bütün iqtisadi göstəricilər bir daha sübut edir ki, Azərbaycan inkişafını gücləndirir və bu inkişaf davam edir”.
“2012-ci ilin birinci rübündə Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məlumat verib. O, qeyd edib ki, son illər şəhərimizdə aparılan işlər yanvar-mart aylarında davam etdirilib. Mingəçevir şəhərində əsas iqtisadi sahələr üzrə ümumi məhsulun həcmi 96,2 milyon manat olub (2011-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 milyon və ya 27% artım qeydə alınıb. O cümlədən şəhərin sənaye məhsulu istehsalı sahələrində artım 39,7% təşkil edib).
Məruzəçi bildirib ki, istehsal sahələrində orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 326 manata çatıb. 3, 6, 11 saylı orta məktəblərdə, 1, 16 saylı uşaq bağçalarında dövlət investisiya proqramına əsasən aparılan təmir, bərpa və tikinti işləri birinci rübdə öz ahəngliyində davam etdirib.
İlin 3 ayı ərzində ümumilikdə sənaye müəssisələrində 52,8 milyon manatlıq məhsul istehsal olunub ki, onun da 44,3 milyon manatlığı və ya 84%-i elektrik enerjisi istehsal edən “Az.İES” və “SES silsiləsi” MMC-lərin payına düşür. Ötən müddətdə şəhərin əhalisi, idarə və müəssisələr elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təmin olunublar.
Birinci rüb ərzində 2 yüksəkmərtəbəli binanın 1200 kv.m şifer dam örtüyü əsaslı təmir edilib, 2 binanın yumşaq dam örtüyü şiferlə əvəz olunub, məhəllədaxili ərazilərdə 2,1 min kv.metr sahəyə 196 min manatlıq asfalt örtüyü çəkilib.
Şəhər İcra Hakimiyyəti cari ilin müvafiq dövründə digər sahələrlə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafını, maddi texniki bazasının gücləndirilməsini diqqət mərkəzində saxlayıb.
Şura iclasında şəhər Maliyyə İdarəsinin rəisi Şahverdi İspəndiyarov, Dövlət Sosial Müdafiə Fondu şəhər şöbəsinin müdiri Cəlil Hətəmov, “Az.İES” MMC-in direktoru Bəhmən Nəcməddinov, Su-Kanal İdarəsinin müdiri Mustafa Kərimov, 8 nömrəli Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzi Qərib Abdullayev, Qaz istismar sahəsinin rəisi Nəriman Rəhimov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Vəli Vəliyev I rüb ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışıblar.
P.S. İclasın qərar layihəsi oxunandan sonra şəhər ağsaqqalı Baba Əliyev əlini qaldırıb, sözü olduğunu bildirdi. Onun narahatlığı əsasən ətraf mühitin çirkləndirilməsinə biganə münasibətlə bağlı idi: “Çirkab sular təmizlənmədən birbaşa Kürə axıdılır, ordan da qayıdır evlərimizə. Hər tində ət kəsib, zibilini kanalizasiyaya axıdırlar. Məgər aidiyyatı qurumlar bunları görmür?”
Şərhlər bağlıdır.