Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra Hakimiyyəti başçısının müavini hansı təşkilatların fəaliyyətindən narazılığını bildirdi?

Avqustun 7-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının  vəziyyəti və qarşıda duran vəzifələrə həsr edilmiş iclası olub. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun giriş nitqindən sonra gündəlikdə duran məsələ barədə İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova məruzə edib. Şəhərimizin müxtəlif sahələrinin problemlərinə toxunulduğu üçün məruzəni bütünlüklə dərc edirik.

Hörmətli Şura üzvləri,

Hörmətli müşavirə iştirakçıları,

2019-cu il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahələrlə bağlı müşavirə keçirilmişdir.

Dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr icra olunur, ölkəmiz inamla inkişaf edir. Ölkə üzrə             6 ayda   iqtisadi göstəricilər 2,4 faiz, qeyri-neft sektorunda 3,2 faiz artmışdır. Kənd təsərrüfatı sahəsində artım 13 faiz olmuşdur. Respublika üzrə inflyasiya 2,5 faiz təşkil etmiş, əhalinin gəlirləri 6,6 faiz artmışdır.

Cənab Prezident sosial sahədə önəmli addımlar atıldığını bildirmiş, minimum əmək haqqının 2 dəfə artdığını, 130 manatdan 250 manata qaldırıldığını, pensiyaların 116 manatdan 200 manata çatdırıldığını, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artdığını, problemli kreditlərlə bağlı məsələlərin həll olunduğunu xüsusi vurğulamışdır.

Ölkə rəhbəri tərəfindən regionlara olan diqqət və qayğı şəhərimizin inkişafına da xüsusi təsir göstərməkdədir. Bu ilin 6 ayında şəhərdə aparılan yenidənqurma və abadlıq işləri daha da genişlənmiş və yüksək sürətlə davam etməkdədir.

İlin əvvəlindən şəhərin sənaye müəssisələrində 157,8 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 12,8 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 151,2 milyon manatlığı dövlət müəssisələrinin, 6,6 milyon manatlığı                   qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə  37,6  faiz artaraq 467 manat təşkil etmişdir.

Ötən 6 ayda şəhər miqyasında tikinti-quraşdırma işlərinə 9,4 milyon manat, əsas kapitala 10,8 milyon manat vəsait yönəlmişdir. Nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında yük daşınması 2,9 faiz, sərnişin daşınması 2,1 faiz artmışdır. Rabitə xidmətləri keçən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz artaraq                  778 min manat təşkil etmişdir.

2019-cu ilin hesabat dövründə şəhərin istehlak bazarında əhaliyə            210,5 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. O cümlədən, pərakəndə əmtəə dövriyyəsinin həcmi                        178,6 milyon manat, iaşə və pullu xidmətlərin həcmi 31,9 milyon manat təşkil etmişdir. Pərakəndə ticarət şəbəkələrində satılan istehlak mallarının 49,9 faizi ərzaq məhsulları, 50,1 faizi qeyri-ərzaq malları olmuşdur.

Bu ilin 6 ayında “Dostluq” parkında əsaslı yenidənqurma işləri aparılır. Şəhidlər xiyabanında “20 Yanvar” abidə kompleksi yenidən qurulub. Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin inzibati binalarının qarşılarına tamet örtük döşənib. N.Nərimanov və Naxçıvan küçələrində binaların fasadları rənglənir, ümumi istifadə yerləri əsaslı təmir olunur, binalara giriş qapıları quraşdırılır. Ümumiyyətlə yaşayış massivlərində geniş abadlıq işlərinə başlanmışdır. Az.İES yaşayış massivində Cəmil Əliyev küçəsində yerləşən                9 mərtəbəli 4 binanın, Naxçıvan küçəsində 9 mərtəbəli 1 binanın, sol sahil yaşayış massivində Vaqif Abdullayev küçəsində 9 mərtəbəli 2 binanın dam örtükləri əsaslı təmir olunmuşdur.  Sol sahil yaşayış massivində şəhərin ən böyük yaşayış sahəsi olan 127-ci məhəllədə əsaslı yenidənqurma və bərpa işləri davam edir.

Təbriz, Züleyxa Həsənova, N.Nərimanov, Naxçıvan küçələrində müxtəlif ölçülü 7452 metr uzunluğunda beton səki daşı quraşdırılıb, 49 min kvadrat metr sahəyə yeni asfalt örtük salınıb və bu işlər davam etməkdədir.

2019-cu ilin 6 ayında şəhərin enerji istehsalı müəssisələrində aparılan modernləşmə və əsaslı yenidənqurma işləri davam etdirilmişdir.  “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də ilin birinci yarısında 139,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da natural ifada 3,9 milyard kilovatsaat elektrik enerjisi edir.  Stansiyada 2019-cu ilin əvvəlindən iri miqyaslı yenidənqurma və əsaslı təmir işləri aparılır. Belə ki, İdarəetmə Mərkəzi ilə birlikdə yeni inzibati bina inşa olunub, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kvt-luq qapalı yarımstansiya, azot və kislorod sexləri tikilir. 500 kvt-luq açıq paylayıcı və çirkab suların təmizlənməsi qurğularında yenidənqurma işləri aparılır.

“SES Silsiləsi” MMC ötən 6 ayda 7,2 milyon manatlıq məhsul istehsal edib ki, bu da 201 milyon kilovatsaat elektrik enerjisi edir. Stansiyada hesabat dövründə 2 ədəd hidroaqreqat və onlara aid köməkçi avadanlıqlar, 2 ədəd güc transformatoru cari təmir olunub.

Cari ilin 6 ayında “Azneftemaş”, “Mingəçevir Maşınqayırma Zavodu” ASC-lər və “Mingəçevir Tekstil”, “HTech İnvest”, “ASK  İzolit” MMC-lər  mövcud imkanları daxilində işlərini təşkil etmişlər.

2019-cu ilin birinci yarısında şəhərin sosial sahələrinin işi daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 6 ayın yekunu üzrə Mingəçevir şəhərində əmək pensiyası alan vətəndaşların sayı 17586 nəfər olmuşdur. Onlara pensiyaların çatdırılması hər ay vaxtında təmin edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən hesabat dövründə 1148 ailəyə və ya 8780 nəfərə sosial yardım verilməsi təmin edilmişdir.

Şəhər Məşğulluq Mərkəzinə 6 ayda 1569 nəfər şəhər sakini iş üçün müraciət etmiş, onlardan 1212 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmiş, 19 nəfərə işsiz statusu verilmiş, müavinət təyin edilmişdir. Onlardan               9 nəfəri qadınlardır.

2019-cu ilin I yarısında şəhərin kommunal  xidmət təşkilatları şəhərdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak etməklə yanaşı, öhdələrinə düşən vəzifələri də icra etmişlər.

6 ay ərzində “Mərkəzi Aran” RETSİ-nin şəhər Elektrik                        Şəbəkəsi tərəfindən şəhərin Nizami, M.V.Vidadi, C.Əliyev, Naxçıvan  küçələrində kabel xətləri yenisi ilə əvəz edilmiş, 6/04 kv. 2 ədəd zədəli transformator yeni 630 kVa transformatorla əvəz olunmuşdur. H.Əliyev prospekti 42, N.B.Vəzirov 12 saylı binalara yeni SİP kabel çəkilmişdir.                  6/0,4 kv-luq  3 yarımstansiyada 11 ədəd, müxtəlif  ünvanlarda 8 ədəd                 0,4 kv-luq dayaq basdırılmış, N.Nərimanov və R.Rza küçələrində zədəli dayaqlar yeni metal dayaqla əvəz edilmişdir.

Bununla yanaşı bu sahədə nöqsanlar vardır. Hələ də şəhərin bəzi yeni yaşayış massivlərində şəbəkə olmadığı üçün elektrik enerji ilə təminatında problem yaranır. Şəhərin küçə və məhəllədaxili ərazilərində vaxtilə səliqəsiz çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Digər bir problem küləkli havalarda elektrik enerjisinin etibarlılığının olmamasıdır.

Su kanal idarəsi tərəfindən 6 ay ərzində su şəbəkəsində baş vermiş 1666 sayda qəza aradan qaldırılaraq şəhərin müxtəlif küçə və yaşayış massivlərində su xəttinin 2700 p/m hissəsi təmir edilmişdir. Yeni su təchizatı şəbəkəsinə keçidlə əlaqədar olaraq hündür mərtəbəli yaşayış binalarının su təchizatının nasosdan asılılığı aradan qaldırılmışdır.

Hesabat dövründə idarənin abonent bazasına əhali qrupu üzrə                      847 yeni abonent daxil edilmişdir. Abonentlərin sayğaclaşma səviyyəsi 80% olmuşdur.

Kanalizasiya şəbəkəsində baş verən 3381 sayda qəza aradan qaldırılmış, 51 ədəd nəzarət baxış quyusu təmir olunmuş, 543 ədəd nəzarət baxış quyusu və uzunluğu 39302 p.m olan kanalizasiya xətləri lildən, məişət tullantılarından və ağac köklərindən təmizlənmiş,  uzunluğu  25 p.m olan kanalizasiya xətti yenisi ilə əvəz edilmiş, 14 ədəd nəzarət baxış quyusunun qapağı asfalt səviyyəsinə qaldırılmışdır. Su-kanalizasiya xidmətlərinə görə ödəniş əhali üzrə 86,6%, ümumi istehlakçılar üzrə 97% təşkil etmişdir.

“Dövlət Proqramına uyğun olaraq 2019-cu ilin 6 ayı ərzində                                          ümumilikdə 5810 p.m kanalizasiya xətti çəkilmiş, xətlər üzərində  71 ədəd nəzarət baxış quyusu və 418 ədəd ev bağlantı quyusu quraşdırılmışdır.

Şəhər ərazisində Dövlət proqramı çərçivəsində içməli su sisteminin  yenidən qurulması üzrə işlər başa çatmışdır. Bu ilin may ayından şəhərin içməli suyu yeni su şəbəkəsindən təmin olunur. Lakin yay aylarında içməli suya tələbatın artması ilə əlaqədar şəhərin yaşayış binalarının yuxarı mərtəbələrində suyun zəif gəlməsi problemi yaranmış və bu da əhalidə haqlı narazılıqlara səbəb olur. Bu problemi yaradan səbəblər Sukanal İdarəsi tərəfindən araşdırılmalı və həlli istiqamətində tədbirlər görülməlidir.

Hazırda cari ildə kanalizasiya sistemində yenidənqurma işləri aparılır. Lakin fəaliyyət göstərən köhnə kanalizasiya şəbəkəsindəki qəzalar zamanı yaşayış binalarının zirzəmilərinə axan çirkab su axıntıları və  bu səbəbdən antisanitar vəziyyət əhalidə ciddi narazılıq yaradır. Yol və səkilərdə çirkab su axıdılan quyularının asfalt səviyyəsindən aşağı olması nəqliyyat vasitələrinin,  eləcə də piyadaların  hərəkətinə maneə yaradır.

Qaz İstismar Xidməti tərəfindən hesabat dövründə müxtəlif diametrli 2755  p.m yeraltı, 985 p.m. yerüstü, ümumilikdə isə 3740 p.m. qaz xətti çəkilmişdir. Qaz təchizatının nizamlanması üçün müxtəlif ünvanlarda 10 ədəd ŞQTM quraşdırılmış, 843 ədəd qaz sayğacı yenilənmiş, yeni qazlaşmış ünvanlarda 153 ədəd qaz sayğacı quraşdırılmış, 104 qəza xidmətinə daxil olmuş 787  çağırışa əsasən abonentlərə xidmət göstərilmişdir. Hesabat dövründə güzəştsiz əhali sektorunun ödənişi 116 % təmin edilmişdir. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Borçalı” yaşayış massivində 8305 metr metal boru xətləri quraşdırılmış, ümumi işlərin 60%-i icra olunmuşdur.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən 6 ay ərzində şəhərin müxtəlif küçə və parklarında 2010 ədəd müxtəlif növ ağac tingi,                    5450 ədəd  həmişəyaşıl  kol, 1900 ədəd primula mövsümi çiçək əkilmişdir, 5110 p.m. diametr  su xətti çəkilmiş, 20 ədəd su sıxacı qoyulmuş, mövcud su xətləri təmir edilmişdir. 6 ay ərzində 1124 baş sahibsiz it mövcud qaydalara əsasən zərərsizləşdirilmişdir. Bununla yanaşı sahibsiz itlərlə mübarizə sahəsində işlər gücləndirilməlidir. Şəhərin küçə və məhəllədaxili ərazilərində  qurumuş ağaclar kifayət qədərdir. Hələ də şəhərin ümumi bəlası olan müəyyən olunmayan yerlərə zibilin tökülməsi sahəsində aidiyyəti qurumun və yaranmış nəzarət qruplarının fəaliyyəti qənaətbəxş deyildir. Şəhərin yeni yaşayış massivlərini də əhatə etməklə müəyyən olunmuş yerlərdə mövcud zibil qutularının yararsızlarının yeniləri ilə əvəzlənməsinə və əlavə zibil  qutularının qoyulmasına böyük ehtiyac vardır.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından mühafizə kanalının 3500 m-lik hissəsi və yol kənarındakı köməkçi sel-sularından mühafizə kanalının 3600 m-lik hissəsi təmizlənmişdir.  “Şəfa” bağçılıq yaşayış massivi ərazisində 1 ədəd yeni sərnişin dayanacağı quraşdırılmış, “Mingəçevir kəndi”, “Günəşli” yaşayış massivləri, Bağlar, Şəfa, Şəfəq bağçılıq təsərrüfatları ərazisində təmizlik və abadlıq işləri aparılmışdır.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən görülən işlərlə yanaşı şəhərin yağış sularını ötürən sisteminin əsaslı təmirə ehtiyacı vardır. Ayrı-ayrı hissələrində təmir edilsə də hələ də güclü intensiv yağışlar zamanı şəhərin bəzi ərazilərində yağış sularını ötürən sistemin ötürücülük qabiliyyətinin zəifliyi səbəbindən problemlər yaşanır. Gələcəkdə ümumiyyətlə yagış sularını ötürən sistem yenilənməlidir.

“İşıqlanma” İdarəsi tərəfindən 571 km uzunluqda işıqlanma sisteminə və 8137 ədəd işıq nöqtəsinə xidmət edilməklə yanaşı hesabat dövründə                       136 ədəd yeni işıq nöqtəsi qurularaq istismara verilmiş, işıqlanma şəbəkəsinin kabelləri dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir. Həmçinin  Y.Muradov, N.Nərimanov  küçələri işıqlandırılmış və şəhər İcra Hakimiyyətinin qarşısında günün tələblərinə cavab verməyən işıqlandırma sistemi sökülərək yeni, müasir dizayna malik işıqlandırma sistemi ilə əvəz olunmuşdur. 74 saylı yaşayış məhəlləsi, “Az.İES” yaşayış massivində yaradılan nümunəvi məhəllə tam,                  127 saylı məhəllə isə qismən işıqlandırılmış, məhəllənin digər hissəsinin də işıqlandırılması üçün müvafiq hazırlıq işləri aparılır.

Son dövrlərdə küçə və məhəllələrdə işıqlanma sisteminin qurulması əhalini narahat edən məsələlərdəndir və maliyyə vəsaitinə uyğun bu istiqamətdə işlər davam etdirilir.

İstilik Sistemlərinin İstismar Sahəsi tərəfindən 6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial  obyektlərə və yaşayış binalarına qrafikə                uyğun istilik enerjisi verilmiş, o cümlədən məcburi köçkün  şəhərciyində              1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilmişdir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin Mingəçevir Regional Bölməsində                                12  şəhərdaxili marşrut fəaliyyət göstərir. Həmin marşrutlarda 131 ədəd avtonəqliyyat vasitəsindən istifadə edilir.

Şəhər nəqliyyatında kifayət qədər problemlər qalmaqdadır. Aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq bu sahədə hələ də dönüş yaranmamışdır. Sərnişindaşımada sahibkarlar tərəfindən göstərilən nəqliyyat xidməti insanlarda haqlı narazılıqlar yaradır. Şəhərdaxili marşrutlarda normativlərə uyğun olmayan, texniki vəziyyəti bərbad olan, insanların həyat və sağlamlıqlarını təhlükə altına qoyan nəqliyyat vasitələrinin sayı kifayət qədərdir. Yeni salınmış massivlərə yeni marşrutların açılması və ya mövcud marşrutlarda dəyişikliklərin aparılması, xətlərə müasir avtobusların salınması, nəqliyyat vasitələrinin səriştəli sürücülər tərəfindən idarə olunması, sərnişinlərlə  nəzakətli davranış günün tələblərindəndir.

Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi tərəfindən 2019-cu ilin                 6 ayı ərzində 26 şifer, 22 metalkirəmit yumşaq dam örtüklü binaların                       1422 kv.metr sahəsi cari təmir edilmişdir. 112 binanın tüstü və havaçəkən boruları təmizlənmiş,  78 binanın yağış ötürücü borusu cari təmir edilmişdir.              11 binanın girişində cari təmir işləri aparılmışdır.

Hesabat dövründə məhəllələrdə 520 ədəd müxtəlif növ ağac, 600 ədəd həmişəyaşıl kol və 91 ədəd gül kolu əkilmişdir. Vətəndaşların müraciətləri əsasında məhəllələrdə təhlükə törədən, vegetasiya dövrünü başa vurmuş ağaclar budanmış, 392 binanın zirzəmisinin giriş hissələrində dezinfeksiya işləri aparılmışdır.

Cari ilin 6 ayı ərzində Mənzil Kommunal Təsərrüfatı Kombinatının xidməti ərazisində 7 yaşayış evinin yumşaq 320 kv.metr dam örtüyü cari təmir edilmiş, əhalinin isti su ilə təchizatının yaxşılaşdırılması üçün 178 p/m uzunluğunda yararsız boru yeni xətt ilə dəyişdirilmişdir.

İnzibati ərazidə 503 ədəd  Eldar şamı və müxtəlif növ ağaclar və                     430 ədəd gül kolu  əkilmişdir. C.Əliyev  və Y.Mənsurov küçələrinə əkilmiş ağacların sulanması üçün 227 p/m poletilen boru ilə suvarma xətti çəkilmişdir. Qurumuş, təhlükə yaradan ağaclar budanaraq götürülmüşdür. Məhəllələrdə  22 ədəd oturacaq təmir olunmuşdur. 32 ədəd binanın tüstü və havaçəkən bacaları təmizlənmiş, 47 ədəd binanın yağışötürücü borusu cari təmir edilmişdir.

Liftlərin Quraşdırılması, Təmiri və Xidməti  İdarəsi yüksək mərtəbəli evlərdəki 48 ədəd sərnişin liftinə texniki xidmət və təmir işlərini yerinə yetirmiş, 1289 nəfər yaşayışçıya lift xidməti göstərmişdir.

Hesabat dövründə xidmət göstərən bütün liftlərdə yağlama işləri aparılmış, sıradan çıxmış hissələr yenisi ilə əvəz olunmuşdur.

Hal-hazırda liftlərin hamısı işlək vəziyyətdədir.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hesabat dövründə  aparılan yoxlama və araşdırmalar zamanı 14 akt tərtib etmişlər. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə əsasən icrası məcburi olan 4 göstəriş verilmişdir.

Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduğuna görə 1 fiziki şəxs 300 manat, Yerin təki haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəzifəli şəxs 2000 manat cərimə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 saylı qanununa əsasən müəssisə və təşkilatlara 16773 manat ödəmə tətbiq edilmiş və həmin vəsaitin Nazirliyin fonduna ödənilməsi təmin edilmişdir.

Hal-hazırda Mingəçevir şəhərində ermənilərin torpaqlarımıza etdiyi təcavüz nəticəsində  öz torpaqlarından didərgin  düşmüş   5391 məcburi köçkün ailəsi, 20243 nəfər məcburi köçkün məskunlaşmışdır.                   Sosial-məişət problemlərinin həlli istiqamətində şəhər rəhbərliyi məcburi köçkünlərin məskunlaşdıqları tikililərin dam örtüklərinin təmirində, su ilə təchizatında , kanalizasiya xətlərinin  təmirində yaranmış problemlərin həllində imkan daxilində köməkliklər göstərir. Vaxtaşırı məcburi köçkün rayonların  Mingəçevir şəhərindəki səlahiyyətləri nümayəndələri ilə görüşlər keçirilir, onlarla birgə məcburi köçkünlərin sosial məişət problemlərinin həlli yolları müzakirə edilir və müvafiq  tədbirlər görülür.

Şəhər İcra Hakimiyyətinin müraciətləri əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  tərəfindən 6 ay ərzində               5 №-li DBM zavodunun və “Energetik” kooperativinin inzibati ərazisində  yerləşən binada  məcburi köçkünlər məskunlaşmış tikililərin dam örtükləri əsaslı təmir edilmişdir.

2019-cu ilin 6 ayında digər sahələrlə yanaşı şəhər İcra Hakimiyyəti təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işini də daim diqqət mərkəzində saxlamış, yaranan problemlərin həllində lazımi köməklik göstərmişdir.

Ötən müddət ərzində “20 Yanvar” hüzn günü, 26 fevral “Xocalı soyqırımı” günü, 31 mart “Azərbaycanlıların soyqırımı” günü, “Novruz bayramı” şənliyi ilə bağlı şəhər ictimaiyyətinin iştirakı ilə geniş tədbirlər həyata keçirilmişdir.

Hesabat dövründə şəhər Təhsil şöbəsi üzrə 11-ci sinifləri 765,                        9-cu sinifləri 1131 şagird bitirmişdir. Fənn olimpiadalarının respublika turunda iştirak edən 22 nəfərdən 8 nəfəri qalib gələrək 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmışlar.

13 saylı məktəbin tədris korpusu sökülərək yeni bina tikintisinə,                      16 saylı tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılmışdır.

Cari ilin mart ayında şəhərin ümumtəhsil məktəblərindən 40 nəfər şagird “Ölkəmizi tanıyaq” devizi altında Lənkəran-Astara-Masallı rayonlarına səfər etmişlər.

Şəhər  Mərkəzi Xəstəxanasında ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ilin  fevral ayının 11-dən may ayının                 11-dək əhalinin 78709 nəfəri tibbi müayinədən keçirilmişdir.

Hesabat dövründə Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq İdarəsi, Dezinfeksiya Stansiyası və Taun Əleyhinə şöbə öz işlərini qanunvericiliyə və təsdiq olunmuş profilaktiki tədbirlərə uyğun qurmuşlar. Bununla belə görülən işlərin kəmiyyəti və keyfiyyəti artırılmalıdır.

Cari ilin 6 ayında Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyi tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni avadanlıqlarla təchizatı, binaların təmiri sahəsində müəyyən işlər görülmüşdür. Nümayəndəliyə  tövsiyə olunur ki, əhaliyə göstərilən mədəni xidmətlərin daha cəlbedici olmasına diqqəti artırsın.

Gənclər arasında idmanın geniş yayılması, yarışların keçirilməsi sahəsində bir sıra işlər görülmüş nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə Gənclər və İdman İdarəsinin nəzdindəki idman məktəblərinin yetirmələri bir sıra uğurlar əldə etmişlər. Ümumilikdə müxtəlif idman növləri üzrə ötən müddətdə 21 qızıl, 8 gümüş, 15 bürünc medal qazanılmışdır.

2019-cu ilin 6 ayı ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən              24 rəsmi qəbul, 25 səyyari görüş keçirilmişdir. Rəsmi qəbulda 464 vətəndaş qəbul olunmuşdur. Səyyari görüşlərdə 2753 nəfər iştirak etmiş, 252 sakindən 354 müraciət dinlənilmişdir. Səyyari görüşlərdə olunan müraciətlərin 156-sı icra edilmiş, digər qaldırılan 198 məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir.

İcra Hakimiyyəti başçısı və aparatın məsul işçiləri tərəfindən vətəndaşların qəbulu işi daha da yaxşılaşdırılması daimi diqqətdə saxlanılır. Belə ki, vətəndaşların qəbulu zamanı ortaya çıxan məsələləri yerindəcə həll etmək məqsədilə aparatın məsul işçiləri, eləcə də şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri də qəbulda iştirak edirlər.

Hesabat dövründə şəhər İcra Hakimiyyətinə rəhbər orqanlardan, idarə və müəssisələrdən, vətəndaşlardan 818 (2018-ci ilin 6 ayı – 605), ərizə, müraciət və təklif daxil olmuşdur. O cümlədən vətəndaşların müraciətləri əsasında rəhbər orqanlardan 412 (2018-ci ilin 6 ayı – 363) müraciət daxil olmuşdur. Eyni zamanda vətəndaşlar tərəfindən birbaşa şəhər İcra Hakimiyyətinə 406 (2018-ci ilin 6 ayı – 242) müraciət daxil olmuşdur. Təkrar ərizələrin sayı 49 (2018-ci ilin 6 ayı – 36) olmuş, şikayətlərin sayı 12-yə                (2018-ci ilin 6 ayı -10) çatmışdır. Vətəndaşların müraciətlərinin 163-ü təmin edilmiş, 6-sı qismən təmin edilmiş, 1-i baxılmamış saxlanılıb, 4-ü əsassız sayılmış, 33-ü baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 603-nə müvafiq izahat verilmiş, 8-i icradadır. Qəbulda və görüşlərdə olan müraciətlər əsasən məhəllədaxili abadlıq işləri, su və kanalizasiya sisteminin təmiri, ağacların suvarılması, istilik sisteminin bərpası, yolların təmiri, mənzillərin tüstü bacalarının təmizlənməsi, işlə təmin olunma, oturacaqların qoyulması və sair məsələlərlə bağlı olmuşdur.

Bildiyiniz kimi ölkə rəhbəri yekun nitqində əldə olunmuş nailiyyətlərlə yanaşı əhalini narahat edən bir sıra problemlərin də mövcudluğunu qeyd etmişdir. Süni qiymət artımının qarşısı alınmalı, küçə işıqlanmasına ciddi diqqət göstərilməli, nümunəvi həyətlərin yaradılması, liftlərin dəyişdirilməsi, nəqliyyat sahəsində ciddi tədbirlər görülməli, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır. Vurğulanmışdır ki, vəsaitlərdən çox qənaətlə istifadə edilməli, xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olunmalıdır.

İlin birinci yarısının təhlili göstərir ki, şəhərimizdə iqtisadiyyatın dirçəlməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, kommunal sahələrdə yaranan problemlərin ardıcıl şəkildə həlli və digər sahələrdə aparılan işlər uğurla davam edir.

Hesab edirik ki, bu günkü müzakirə, qeyd olunan problemlərin aradan qaldırılması, cari ilin ikinci yarısında daha uğurla fəaliyyət göstərməyimizə imkan yaradacaqdır.

Diqqətinizə görə sağ olun.

Şərhlər bağlıdır.