AraşdırmaAzərbaycanMingəçevir

Heç kəs əlillikdən sığortalanmayıb

Bahar xanım hesab edir ki, bu gün Azərbaycanda əlilliyi olan şəxslər cəmiyyətə inteqrasiya edilsələr də cəmiyyət onlara inteqrasiya olunmayıb

“Mənim etdiyimi sağlamların çoxu bacarmır”

Martın 8-də 45 yaşını tamamlayan Bahar Şıxıyeva 21 ildir ki, əlillikdən əziyyət çəkir. O, orta məktəbi bitirəndən sonra təhsil sektoruna işə düzəlmişdi, ali təhsil alıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyirdi. Amma 24 yaşında qazandığı tələbə həyatının şirinliyindən cəmi bir neçə ay dada bildi.

“Tusi adına Pedaqoji Universitetin filologiya fakültəsinə,  qiyabi şöbəyə qəbul olunmuşdum. Beş il də əmək stajım vardı. 1999-cu ilin yanvarında Hacıqabuldan Bakıya, qış sessiyasına gəlmişdim. 1-ci kursda oxuyurdum. Məktəbə gedərkən qarın üstündə ayağım sürüşdü və ağır zədə aldım. 3 il yataqda qaldıqdan sonra bir müddət çəliklə gəzdim, sonra təkərli stula ehtiyacım yarandı. Valideynlərim dünyasını dəyişəndən sonra rayondan çıxmalı oldum, çünki orada bizim üçün elementar şərait yox idi. Məcburiyyət üzündən gəldim Bakıya, əlilliyi olan şəxslərin bərpa mərkəzinə. Hazırda Masazır qəsəbəsində valideyn himayəsindən məhrum, kimsəsiz məzunlar üçün tikilən sosial evdə yaşayıram”.

Bahar xanım ali təhsil ala bilməsə də,  sonradan peşə kurslarını bitirib, yəni boş oturmayıb.  Hazırda xalça toxuyur, mozaika və rəssamlqla  məşğuldur. İdman isə həyatının bir hissəsinə çevrilib. Vaxtaşırı paralimpiya oyunlarına qatılır. Stend atıcılığı və paraşütlə tullanma üzrə fəxri göstəriciləri var. Boulinq üzrə IV Açıq Azərbaycan çempionatının qalibidir.

Müsahibimiz deyir ki, o, dövlətin 1-ci qrup əlilliyə görə verdiyi təqaüdə gözünü dikməyib: “163 manat idi, keçən aydan 2 aylıq artımla birgə 181 manat aldım. Bu, heç mənim taksi pulumu ödəmir.  Masazırdan Ramanaya-1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə  12 manata gəlirəm, 12 manata da qayıdıram. Həmin yerdən bizi götürəsi avtobus yoxdur. “BakuBus” avtobusları avtovağzaldan Ramanadakı mərkəzə qədər işləsəydi, heç dərdimiz olmazdı…”

Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimlinin mətbuata açıqlamasına görə, hazırda Bakı şəhərində 23 müntəzəm marşrut xətti üzrə 540-a yaxın sərnişin avtobusunda fiziki imkanları məhdud şəxslər üçün xüsusi mexanizm var. Həmçinin bu avtobuslarda əlilliyi olan şəxslər  (ƏoŞ) üçün ayrıca yerlər nəzərdə tutulub. Yeni gətiriləcək 300 ədəd avtobusda da mövcud kateqoriyadan olan şəxslərin rahatlığı nəzərə alınıb. 2017-ci ilin dekabrından başlayan və hazırda davam edən layihə çərçivəsində paytaxtın 70 küçə və 229 kəsişməsində panduslar quraşdırılıb. Keçmiş “Sovetski” adlanan ərazidəki yeni salınan yollarda görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi səs siqnalları ilə təchiz edilən işıqforlar yerləşdirilib. Digər yollarda da bu tip işıqfor və hiss edilə bilən (tactile) örtüklərin qoyulması planlaşdırılır.

Bahar xanım qeyri-hökumət təşkilatlarının ünvanına da narazılığını gizlətmədi: “QHT-lərlə iş birliyimiz var. Biz xalça toxuyuruq, onlar da sərgilərə aparır, satışını təşkil edirlər. Amma malımız satılsa da pulumuzu aylarla ala bilmirik. Neçə dəfə taksiyə minib, ofislərinə gəlirik. Elə sonda alacağımız pul taksiyə gedir. Yaxşı ki, ilin 2 ayı xalçaçılıq üzrə kurslar təşkil olunur, mən də təlimçi kimi kurs aparıb, gəlir əldə edirəm. Həmin müddətdə VÖEN-imi aktivləşdirib, dövlətə vergi də ödəyirəm.  Bu gün mənim etdiyimi əl-ayağı sağlam adamların çoxu etmir”.

Layiqli həyat üçün şərait yaradılmalıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var. 2018-ci il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, həmçinin onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu, ölkə Konstitusiyasında və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də müvafiq normativ hüquqi sənədlərdə təsbit olunub.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci ildə qəbul olunan Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ƏoŞ-lərə  müyəssərlik üçün şərait yaradılması bir vəzifə kimi dövlətin üzərinə qoyulub: “Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür”.

Bu qanun, eyni zamanda “Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”  həmin kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası, tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün kompleks tədbirlərin həyata keçirilməsi və onların sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutsa da, ƏoŞ-lərin üzləşdiyi maneələr onları geri itələyir.

 Maillik gözlənilmir, panduslar da sürüşkəndir

Samir İmanov anadangəlmə serebral iflicə məruz qalsa da, xəstəliyə təslim olmayıb. 38 yaşlı bu gənc Azərbaycan, rus, türk və ispan dillərində sərbəst danışır. Sayt rəhbəridir. “Özünlə fəxr et”, “Hədəfdəki insan”, “Mənim hədəfim” kitablarının müəllifidir.  Ən başlıcası isə ailəlidir, bir oğul atasıdır.

Hərəkət məhdudiyyətləri ilə əlaqədar orta təhsilini evdə alıb. Əvvəllər qoltuq ağacı ilə yeriyirmiş, son beş ildə təkərli stula ehtiyacı yaranıb. Sovet dövründə tikilən beşmərtəbəli evin 4-cü mərtəbəsində yaşadığından küçəyə çıxa bilmirmiş. Bir ildir ki, Saray qəsəbəsində həyət evində məskunlaşıb: “Sovet düşüncəli insanlar həmişə olub. Onlar özlərinin və yaxınlarının nə vaxtsa əlil olacaqlarını ağıllarına belə gətirmirlər. Əslində bina tikiləndə əlliliyi olan şəxslər nəzərə alınmalıdır, hətta orda ƏoŞ olmasa da. Həm mühəndislər, həm tikinti rəhbərləri bunu başa düşməlidirlər, dərk eləməlidirlər. Axı bizim də qohumlarımıza, dostlarımıza baş çəkməyə, qonaq getməyə haqqımız var.  Amma necə gedək? Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunumuz beynəlxalq standartlara cavab versə də əksəriyyət əlilliyin mahiyyətini dərk etmir”.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 15-ci maddəsinin tələbinə görə, yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları həmin obyektlərin sifarişçisi tərəfindən əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan şəkildə uyğunlaşdırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil edilən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılmalıdır. “Görmə qabiliyyətinin zəif olduğu piyada” və “digər əlillyi olan şəxslərin” təhlükəsiz hərəkətini təmin etmək üçün yol işarələri də təyin edilib. 

Samir deyir ki, küçələrdəki infrastrukturun yetərsiz,  bərbad olması bu gün əlliliyi olan şəxslərin bir nömrəli problemidir: “Vacib əhəmiyyətli obyektlərdəki panduslar həddən artıq keyfiyyətsiz materialdan hazırlanıb və texniki cəhətdən istifadəyə yaramır. Məsələn, polisin, İcra hakimiyyətinin inzibati binalarında panduslar həm  sürüşkəndir, həm də maillik tələbinə cavab vermir. Kənarlarında çıxıntılı yer olmalıdır ki, araba sürüşəndə təkərləri ora ilişib dayansın, o da yoxdur. Əl tutmağa məhəccərləri də qoymurlar. Yəni hər yerdə texniki cəhətdən çox pis quraşdırıblar.”

Birinci  fotodakı pandus istifadəyə yararsızdır, ikincidəki isə istifadə olunur. Beynəlxalq standartlara görə pandusların maksimal malillik dərəcəsi 5 % və ya  2.86 dərəcə olmalıdır (Pandusun malillik dərəcəsi = H/L.  H – Yerin səthindən olan hündürlük,  L – Pandusun üfüqi proyeksiyasının uzunluğu).

Məcəllədə ƏoŞ-larla bağlı xüsusi tələblər var

Milli Məclisin İnzibati və Hərbi Qanunveicilik şöbəsinin müdir müavini Səyyad Kərimov da infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin nəzərə alınmasını vacib sayır: “Şəhərsalma və Tikinti Məcəlləsində bununla bağlı xüsusi tələblər var. Həmin tələblər sırasında hərəkət imkanları məhdud şəxslərin tikinti obyektlərinə çatım və onlardan istifadə imkanları nəzərdə tutulub. Məcəllənin 57-ci maddəsinə əsasən, yeni tikilən hər bir yaşayış binası pandusla təchiz olunmlalıdır.  Yəni tikinti obyektləri elə layihələndirilməli və tikilməlidir ki, hər bir şəxs kənar müdaxilə, yardım olunmadan özü həmin obyektdən istifadə edə bilsin. Bunun üçün o qədər də xərc tələb olunmur. Amma xərci də qoyaq bir tərəfə. Hərəkət məhdudiyyətli şəxslərin ehtiyacları ilə bağlı bizim  öhdəliyimiz xərclərdən daha önəmlidir. Dövlət vətəndaşı üçün bu təminatları etməyə borcludur. Bu, mənəvi-etik, əxlaqi məsələdir və cəmiyyətin hərəkət məhdudiyyətli insanlara qarşı münasibətinin göstəricisidir. Problem daha çox əvvəlki illərdə, xüsusən sovetlər dövründə inşa olunan və bu Məcəllədən qabaq  tikilənlərlə bağlıdır”.

Amma S.Kərimov da hesab edir ki, bir çox yeni tikililərdə də lazımi maillik dərəcəsi gözlənilmir: “Heç kolyaskaları da ordan aşağı salmaq mümkün deyil…”

Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsi fərdi mənzillərə aid edilmir. Adətən şəxsi ev tikdirənlər bu barədə fikirləşmirlər. Fərdi evlərdə bunun nəzərə alınması fərdi ev sahibinin işidir. Bu barədə danışan “Memarlıq-Tikinti Layihə Bürosu” MMC-nin rəhbəri Üzeyir Paşayev onu da deyir ki, layihə zamanı bunun nəzərə alınması demək olar ki, xərc tələb etmir, sonradan uyğunlaşdırma üçün çəkilən xərclər isə kifayət qədər ciddi olur: “Biz layihələndirmə zamanı onları məcbur edə bilmərik ki, sən  bunu etməlisən. Adətən fərdi ev sahibinin buna ehtiyacı varsa, təbii ki, nəzərə alacaq. Amma heç kim əlillikdən sığortalanmayıb. Ən sağlam adamın belə bir gündə əlil olmuş şəxsə çevrilməsi mümkündür. Həm də nəzərə almaq lazımdır ki, yaşlaşanda,  ayaqlar sözə baxmayanda gəzən stuldan istifadə etməyə məcbur olursan. Belə vəziyyətdə bir çoxları mənzillərini dəyişmək, ya da xeyli xərc çəkib uyğunlaşdırma aparmaq zorunda qalır. Xüsusən nəqliyyat qəzaları olandan, istehsalatda bədbəxt hadisələr baş verəndən sonra insanlar düşünürlər ki, kaş evi tikəndə pandüs də, hələ imkan varsa lift də quraşdıraydıq.”

İstehsalatda baş verən bütün xəsarətlər təhqiq olunmalıdır

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova canlı təlimlərlə, sosial çarxlar hazirlayib internet və TV-lərdə paylaşmaqla cəmiyyəti maarifləndirməyi mümkün sayır: “Biz orta məktəblərin 7-ci və 10-cu siniflərinin şagirdləri  arasında maarifləndirmə apardıq. Sonra gördük ki,  müəllimlərin də ehtiyaci var. Çünki çoxu məlumatsız idi. İnandirim sizi, əlilliyi olan şəxslərin əksəriyyəti də hüquqlarını bilmir. Onlara da çox şeyi başa salmaq lazımdır”.

S.Kərimova diqqətimizə çatdırdı ki, qanunla istehsalatda əlil olmuş şəxsə əmək qabiliyyətini itirmə faizinə uyğun müavinət təyin olunmalıdır: “Tibbi Ekspert Komissiyası əmək qabiliyyətini itirmə faizini müəyyən edib, şəxsə əlillik təyin edir. Lakin bir çoxları elə güman edir ki, əlillik dərəcəsi varsa, müavinətə ehtiyac yoxdur. Halbuki işçi müəssisədə xəsarət alıbsa, bununla bağlı müavinəti müəssisə ödəməlidir, özü də həmin vəzifə üzrə orta aylıq əmək haqqı qədər. Və indeksləşmə getdikcə bu müavinət də dəyişməlidir. Təəssüf ki, bu müavinətlər vaxtında və tam ödənilmir”.

Mingəçevir Dövlət Universitetinin hüquqşünası Əlövsət Ramazanov açıqlayır ki, əvvəllər Dövlət Əmək Müfəttişliyində çalışarkən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlillik qazanan şəxslərlə bağlı təhqiqatlar aparıb: “Təəssüf ki, bəzi müəssisələr 25-30 il bundan qabaq təyin olunan müavinətləri bu günə qədər ödəməyiblər. Məsələn, Mingəçevirdəki keçmiş Texniki Rezin Məmulatı Zavodunda 53 nəfərə müavinət təyin olunsa da, heç biri ala bilmir. Çünki müəssisə işləmir. Hazırkı halda müavinəti ödəmək öhdəliyi dövlətin üzərindədir”.

Ə.Ramazanov vurğuladı ki, “Əmək Məcəlləsi”nə görə, ağırlıq dərəcəsindən asılı olmayaraq, istehsalatda baş verən bütün xəsarətlər təhqiq olunmalıdır: “Yəni işçi xəsarətlə bağlı işə bir gündən artıq fasilə verirsə, bunun təhqiqatına başlanmalıdır. Sadəcə təşkilat dərhal Dövlət Əmək Müfəttişliyinə məlumat verməyə borcludur. Amma məlumat başqa yerlərdən də sıza bilər. Təəssüf ki, müəssisələrdə peşə xəstəlikləri və bədbəxt hadisələrin uçotu dəqiq aparılmır, hətta bu məlumatların gizlədilməsinə cəhd göstərilir.  Nəticədə iş yerində əlillik qazanan şəxs müavinətini ala bilmir, üstəlik evini tələbatına uyğun dəyişmək üçün şəxsi vəsaitini xərcləyir. Halbuki istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər üçün onların yaşadığı fərdi evlər təqsirkar şəxslərin vəsaiti ilə uyğunlaşdırılmalıdır”.

Əlilliyin dərki üçün bir sıra addımlar atılmalıdır

Hazırda Azərbaycanda ƏoŞ-in istifadəsi üçün “London” taksilərindən başqa yararlı avtomobil yoxdur. Bu taksilərin sayı 430-a qədərdir  və onlar ancaq paytaxtda fəaliyyət göstərir. Birinci Avropa Oyunları zamanı həmin taksilər təxminən 2 ay müddətinə Mingəçevirə də gətirilmişdi, amma yenidən Bakıya qaytarıldı. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərovun fikrincə, müvafiq müraciət əsasında rayonlar da bu tipli taksilərlə təmin edilə bilər:  “Bu taksilərə inzibati bina, dayancaq və servis məntəqəsi üçün yer ayrılmalıdır. Avtomobillərin özü isə taksometr, POS-terminal və  fərqlənmə nişanları ilə təmin edilməlidir”.

C.Ömərov  diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulub: “Fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilirlər. Hesab edirəm ki, mövcud norma ƏoŞ-in hüququnun pozulmasına gətirib çıxaran inşaat pozuntularına görə də tətbiq olunmalıdır, ya da məcəlləyə ayrıca maddə daxil edilməlidir”.

Ekspertlər hesab edirlər ki, administrativ qanunlar sərtləşdirilməli, əlilliyi olan şəxslərə müyyəssərliyin təmin olunması üçün ciddi qaydalar hazırlanmalıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov insanların, xüsusilə vəzifəli şəxslərin əlillik anlayışını dərk etməsi üçün bir sıra addımların atılmasını zəruri sayır: “Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsi Azərbaycan  hakimləri üçün təlimlərin təşkil olunmasını tövsiyə etmişdir. Müəyyən dövlət orqanlarının nümayəndələri üçün də, əlbəttə təlimlər təşkil oluna bilər. Amma ayrı-ayrı kateqoriyalı şəxslər var ki, onları təlimlərə cəlb etmək olmur. Halbuki onlar əlilliyi olan şəxslərə standartlara uyğun şərait yaratmalıdırlar. İstərdim ki, səlahiyyətli şəxslərin, xüsusən qərar qəbul edənlərin əlilliyi dərk etməsi könüllü baş versin. Onların tabeliyində olan qurumlar da buna alışsın. İndi şəhərdə pandusların tikilməsinə insanlar baxır və yavaş-yavaş alışırlar. Beləliklə özləri də bilmədən müyəssərliyi, eyni zamanda əlilliyi olan şəxslərin problemlərini şüuraltı olaraq anlaya bilirlər”.

Bəs Avropadan nəyi öyrənməliyik?                                   

Bu gün Almaniyada dövlət qeyri-kommersiya təşkilatlarına əvəzsiz yardımlar ayırır ki, əlil olan şəxslərə uyğun iş tapmaqda,  peşə təlimi və baza təhsili almaqda köməklik etsin. ƏoŞ müəssisədə çalışdığı halda onun məcburi pensiya sığortasını təşkilat ödəyir. Amma evdə işləyərkən pensiya almaqda davam edir, bu halda pensiya fondu reabilitasiya xidmətini öz üzərinə götürür. Xidmətin nümyəndələri əlilliyi olan şəxsin evinə gün ərzində bir və ya bir neçə dəfə  gələrək, müalicə prosesini yerində aparırlar. Sadəcə ƏoŞ öz gəlirindən pensiya fonduna az da olsa sığorta haqqı ödəməklə sağlamlıq  problemi ilə bağlı məcburi pensiya sığortası yaradır.

Bunlardan danışan həmkarımız Malik Bayramov həm də deyir ki, işə qəbul zamanı ƏoŞ-lərə digər namizədlərlə müqayisədə daha üstün hüquq verilir: “Bir müddət əvvəl yaşadığım şəhərdə bir fabrikdən iş təklifi almışdım. CV-im xoşlarına gəlmişdi və müsahibəyə dəvət olunmuşdum. Amma sonra mesaj yazdılar ki, bağışlayın, boş iş yerinə əlilliyi olan şəxs də müraciət edib, buna görə sizi işə götürə bilmərik”.

M.Bayramovun sözlərinə görə, son 6 ildə məskunlaşdığı bu Avropa ölkəsində əlilliyi olan şəxslərin orta və ali məktəblərdə təhsil alması, müxtəlif təşkilatlara getməsi üçün də problem yaşanmır: “Hər gün nəzərdə tutulan vaxtda xüsusi ayrılmış maşınlar ƏoŞ-ləri məktəbə gətirir və sonra evlərinə aparır. Əlilliyi olan şəxs hündürmərtəbəli binadan küçəyə çox asanlıqla çıxa bilir. Əlil olan şəxs pilləkəndəki qaldırıcı qurğu ilə rahatlıqla yuxarı qalxır və aşağı enir. Pandus quraşdırmaq mümkün olmayan digər yerlərdə də belə qurğulardan istifadə edilir. Küçələrdə hərəkət qabiliyyəti məhdud şəxslərin rahat gəzməsi üçün müyəssərlik tam təmin olunub. Həmin şəxslər müxtəlif binalara, o cümlədən kitabxanalara, kino və teatr salonlarına kiminsə köməyi olmadan və maneəsiz daxil ola bilirlər.”

“Həyatımı arabasız və çəliksiz də yaşaya bilərəm…”    

Bahar xanım düşünür ki, əlilliyi olan şəxslərdən daha çox əlilliyi olmayan şəxsləri maarifləndirmək vacibdir: “Bu gün Azərbaycanda ƏoŞ-lər cəmiyyətə inteqrasiya edilsələr də cəmiyyət onlara inteqrasiya olunmayıb. Müəyyən hissə əlilliyi olan şəxsləri dilənçi kimi tanıyır və gətirib onlara pul verir. Kimsə dilənməkdən, əl quzusu olmaqdan xoşlanırsa, bu, onun öz işidir. Amma belə münasibəti ƏoŞ-lər üçün təhqirdən də betərdir. Həmin düşüncədə sağlamlar da var, evdə oturub gözləyirlər ki, kimsə qazansın, onlar yesinlər.”

Əllilliyi olan şəxslərin  ailə qurmasının çətinliyindən danışan Bahar xanım bunun əksər hallarda baş tutmamasının səbəbini özünü sağlam hesab edən insanlarda görür: “Şəxsən tanıdığım bir qız və oğlan evlənmək istəyirdi. Oğlanın nə əli, nə də ayağı işləmir, qızın isə bir ayağı gödək idi. Amma oğlanın anası bu izdivaca razılıq vermədi. Dedi ki, oğluna sağlam qız alacaq. Əslində bu yerdə əlil o oğlanın  anasıdır. Çünki xəstə düşünür”.

Bahar Şıxıyeva gənclik illərində qarın üstündə məruz qaldığı ağır zədədən sonra ən böyük yaranı xəstəxanada aldığından da danışdı: “Həkimin valideynlərimə dediyi sözlər beynimə çökdü: “Qızınız yaşayacaq, amma ömrü boyu çəliyə və arabaya möhtac olacaq”. İllər boyu bu fikirin təsirindən çıxa bilmədim. Amma artıq dəyişmişəm. Bu gün əminəm ki, yaxşı maliyyə tapsam, əməliyyata girib, nəinki arabamı, hətta çəliyimi də ata bilərəm…”

Tag
Daha çox

Oxşar yazılar

Close