“Hər qapının ağzına bir polis qoya bilmərik”
Mayın 5-də Mingəçevir Polis şöbəsində polis polkovniki Ələsgər Bədəlov jurnalistlərlə görüşüb. 2014-cü ilin birinci rübünün yekunları barədə danışan polis rəisi 59 cinayət hadisəsi baş verdiyini nəzərə çatdırıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisəsi 13 dəfə azalıb. Narkotiklə bağlı 19 fakt aşkara çıxarılıb. Ötən ildə 2 dəfə az olub. Nəticədə 310 qramdan artıq narkotik maddə, əsasən heroin dövriyyədən çıxarılıb”.
Ə.Bədəlovun dediyinə görə, bu dövrdə 82 oğurluq hadisəsi qeydə alınıb: “Əksər vətəndaşlar öz əmlakını-evini, obyektini qorumaq barədə fikirləşmirlər. Oğurluq hadisələrinin istintaqı zamanı məlum olur ki, onların nə söğortası var, nə mühafizəsi. Halbuki Mingəçevirdə regional mühafizə xidməti fəaliyyət göstərir. Sadəcə bu təşkilatla müqavilə bağlamaq və müəyyən qədər ödəniş etmək lazımdır. Bunun əvəzində isə həmin insanlar bizi ittiham edirlər ki, polis hara baxır? Biz 150 nəfərlik heyətlə 120 min əhalisi olan şəhərin təhlükəsizliyini qoruyuruq, lakin hər qapının ağzına bir polis qoya bolmərik. Vətəndaşlar öz əmlaklarının qorunmasına özləri cavabdehlik daşımalıdırlar”.
Jurnalistlərin suallarına cavablandıran polis rəisi deyib ki, yol hərəkəti qaydalarına əməl etməyən sürücülər, eyni zamanda piyadalarla bağlı polis müvafiq tədbirləri görür, lakin ictimai qınaq olmadan bunun tam həllinə nail olmaq mümkün deyil. Ə.Bədəlov müxtəlif dini qruplaşmaların cəmiyyətə mənfi təsirinin qarşısının alınması istiqamətində görülən tədbirlər, polisin əvvəllər yerləşdiyi binanın sökülməsi və yerində yenisinin tikilməsi ilə bağlı yaranan narahtlıqlar barədə suallara da aydınlıq gətirib: “Azərbaycan Konstitusiyası vətəndaşlarına vicdan azadlığı verib, lakin kimsə bundan sui-istifadə edib, başqalarının asayişini pozmaq, zorla dini təsiri altına salmaq fikrinə düşməməlidir. Biz belələrinə qarşı kəskin mübarizə aparırıq. O ki qaldı Daxili İşlər Nazirliyinin balansında olan köhnə binaya və onun yerləşdiyi torpaq sahəsinə, narahat olmayın, gələn ilin mart-aprel aylarınadək burada milli arxitektura əsasında iki küçəyə və meydana baxan 3 mərtəbəli və daha müasir binanın şahidi olacaqsınız”.
Şərhlər bağlıdır.