Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sel-sudan mühafizə kanalı şəhəri təhlükədən qorumağa hazırdırmı?

Həmişə güclü və aramsız yağışlar yağanda mingəçevirliləri ilk narahat edən məsələ bu olur: görəsən evimizi sel basmayacaq ki? Ötən illər ərzində (həm sovet dövründə, həm də müstəqillik illərində) şəhər camaatı, idarə və müəssisələr bu ağrının acısını çox dadıblar. Elə günlər olub ki, bir neçə saat ərzində Bozdağın gili, palçığı həyətlərə, zirzəmilərə, küçələrdəki mühəndis-kommunikasiya xətlərinə dolub və təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün aylar, böyük işçi qüvvəsi və milyonlarla vəsait tələb olunub.
Ötən şənbə Mingəçevir İcra Hakimiyyəti başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova, Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Yaşar Məmmədov, birliyin mənzil-kommunal xidməti şöbəsinin müdiri Fəxrəddin Məbudov və “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev şəhərin sel-sudan mühafizə kanalının hazırkı vəziyyətinə baxış keçiriblər. Bir neçə saat davam edən baxışda əksər ərazilərdə kanalın sel-su axıtma imkanlarının normal olduğu müəyyən edilib.
Lakin müşahidə zamanı bəzi bağ sahələrinin və fərdi yaşayış evlərinin kanalın üstündə olduğu, kanalizasiya sularının birbaşa bura axıdıldığı, yüksək gərginlikli elektrik xətlərini altında mənzillər inşa olunduğu, qanunsuz tikililər aparıldığı üzə çıxıb. Eyni zamanda kanalın təmizlənməsinə maneə törədən su və digər kommunikasiya xətlərinin yerinin dəyişdirilməsinin vacibliyi qeyd olunub. Həm də vurğulanıb ki, KT İB-ın sərəncamına bu günlərdə 3 ədəd yeni texnikanın (traktor, kran və yük maşını) verilməsi kanalı daima təmizləməyə və nəzarətdə saxlamağa imkan verəcək.

Şərhlər bağlıdır.