Gülnaz Hacıyeva ilin ən yaxşı müəllimidir
Bu il Mingəçevirdə “İlin ən yaxşı müəllimi”müsabiqəsinin qalibi şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəbin ingilis dili müəllimi Gülnaz Hacıyevadır. Biz onunla məktəbin direktoru Tünzalə Əfəndiyevanın kabinetində görüşdük, onların sevinclərini bir yerdə bölüşdük.
42 illik pedaqoji fəaliyyəti ilə öyünən məktəbin uğurları barədə danışan direktor dedi ki, ötən il məktəbi 40 il əvvəl bitirən məzunlarıa görüş keçiriblər: “Onların arasında çox hörmətli, cəmiyyətdə özünə layiqli yer tutn insanları gördüm. Belə qənaətə gəldim ki, məktəbimizin ötən illəri əbəs yerə getməyib. Fərhəli haldır ki, bu gün də məktəbimiz öz sözünü deyə bilir. Şagirdlərimiz beynəlxalq olimpiadalarda uğurla çıxış edirlər. Onları bu mərtəbəyə çatdıran isə savadlı, bacarıqlı müəllimlərimizdir. Belələrindən biri də Gülnaz xanımdır. O, bir neçə ildir ki, AZETA-nın Mingəçevir filialına da rəhbərlik edir.”
Gülnaz Hacıyeva 2000-ci ildən 13 saylı məktəbdə ingilis dili fənnindən dərs deyir. O, müasir təlim texnologiyalarından ustalıqla istifadə edir. Təşəbbüskar və yenilikçidir. ABŞ-dan olan və son bir ilə qədər Mingəçevirdə çalışan sülh könülülərinin məktəbə cəlb olunmasında da onun rolu danılmazdır.
G.Hacıyevanın fikrincə, bu könüllülərin sayəsində məktəbdə şagirdlər ingilis dilini daha yüksək səviyyədə öyrənməyə başladılar: “Həmçinin şagirdlərimizin bir neçəsi Amerikada təhsil almaq fürsəti də qazandı”.
“İlin ən yaxşı müəllimi” adını aldığı gün həyatımda unudulmaz, sevinc dolu bir gün kimi yaşayan Hacıyeva bu uğurlarına görə məktəb direktoruna minnətdarlıq edir: “Bu gün mənim öz ayaqlarım üstündə durmağımda onun əməyi böyükdür. O, mənə inandı, məni bu müsabiqəyə həvəsləndirdi və nəticədə mən də bu etimadı doğrultdum. Təbii ki, hər bir məktəb direktoru müəllimə dəstək olarsa, müəllim irəliyə gedə bilər”.
Gülnaz xanım müsabiqədə iştirakından da danışır: “Birinci mərhələdən yüksək bal topladım. İkinci mərhələdə Bakı şəhərindəki 44 saylı məktəbdə bir gün dərs keçdim. Dərsim çox uğurlu alındı. Mənə çoxlu suallar ünvanladılar, layihələrim haqqında maraqlandılar. Onu da bildirim ki, mən British Councilun təlimçisiyəm. eyni zamanda ABŞ səfirliyi ilə əməkdaşlıq edirəm. Səfirliyin xətti ilə regionlarda ingilis dili dərsləri keçirəm. Bu günlərdə Xaçmaz və Gəncə müəllimlərinin ingilis-dili dərslərini izləməyə gedəcəm. Təhsil Nazirliyinin və “Mədət” təşkilatının xətti ilə də layihələrə qoşulmuşam. Yeni layihəm Almaniya, Fransa və Azərbaycan təmsillərinin tarixi haqqında araşdırmadır. May ayının 25-26-da Mingəçevirdə böyük təqdimatım gözlənilir. Təhsil Nazirliyindən və “Mədət” təşkilatından qonaqlarımız da olacaq”.
Gülnaz xanım onu da dedi ki, ötən ilin yayında ABŞ-da təhsil aldığı universitetin professor-müəllim heyəti yanvar ayının 17 də Azərbaycana gəlir: “Onlar bizim şəhərə, mən dərs dediyim 13 saylı məktəbə də gələcəklər. Açığını deyim ki, məktəbimizin şəraitsiz, təmirsiz vəziyyətdə olması məni çox utandırır. Mən onlara izah edəcəyəm ki, məlum səbəblərdən məcburi köçkünlərimiz burada yerləşib və hələ ki, təmir-bərpa işləri aparılmayıb. Ümid edirəm ki, onlar bizi başa düşəcəklər”.
Esmira Hidayətova,
Fuad Bayramov
Şərhlər bağlıdır.