Göyçayda Novruz yarmarkası
Rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, konyak, makaron, geyim əşyaları, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin, 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını, göyərti, süd, qatıq, meyvə şirəsi, yumurta, toyuq və digər qida məhsullarını yarmarkaya çıxarıb. Yarmarkanın təşkilində əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Rayon sakinləri də Novruz bayramı ərəfəsində keçirilən bu yarmarkanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Aksiyada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub. Kəndli fermerlər yetişdirdikləri məhsulu rahat şəkildə satmaları üçün yarmarkada hər cür şərait yaradıldığını bildiriblər. Kəndlilər deyiblər ki, məhsulları bazara apararkən onları orada ilk qarşılıyan alverçilər olur. Onlar əziyyətlə yetişdirdikləri məhsulları ucuz qiymətə alverçilərə satırlar, onlar isə həmin məhsulun qiymətini süni şəkildə bahalaşdıraraq yüksək qiymətə müştərilərə satırlar. Süni qiymət artımının qarşısının alınması üçün bu cür yarmarkanın əhəmiyyətini yüksək qiymətləndirən kənd əməkçiləri arada öz məhsullarını burada bazardakından daha ucuz şəkildə sata bildiklərini qeyd ediblər. Bu yarmarkanın təşkilindən satıcılarla yanaşı alıcılar da razılıq edir. Göyçaylılar artıq iki aydır ki, ənənəvi olaraq hər həftənin şənbə günü məhsul yarmarkasının təşkilindən razılıq ediblər. Sakinlər bazarda və mağazalarda süni qiymət artımının qarşısını almaq üçün belə yarmarkaların təşkilinin davamlı olmasını arzu .
Bayram yarmarkasında satışa 1 ton mal əti, 1.5 kiloqram qoyun əti, 3.5 ton meyvə, 3 ton tərəvəz və bostan məhsulları çıxarılıb. Yarmarkada alıcılara çəkisi 50 kiloqram olan bir kisə un 21 manata, bir ədəd yumurta 12 qəpiyə, ev quşları 3 manat 50 qəpiyə, bir kiloqram mal əti 5 manata, bir kiloqram qoyun əti 6 manata, bir kiloqram balıq 2-4 manata müştərilərə təqdim edilib. Yarmarkada qiymətlər bazarla müqayisədə 30 faiz ucuz olub.
Qeyd edək ki, Göyçayda süni qiymət artımının qarşısının alınması üçün təşkil edilən məhsul yarmarkasına Yevlaxdan un, Qəbələdən qoz və fındıq, Qubadan alma, Salyandan balıq, Bərdədən soğan və yerkökü gətirilib. Başqa rayonlardan Göyçaya öz avtomobilləri ilə məhsul gətirən insanlar bu yarmarkaının əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar bazarlardan fərqli olaraq bu yarmarkada heç bir ödəniş etmədən rahat şəkildə məhsullarını satdıqlarını bildiriblər.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.