Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Novruz həsrətli yurdlarımız əkin-biçin, çal-çağır, toy-büsat gözləyir

Su, od,   yel və torpaq ünsürünü  özündə birləşdirən və “Yeni Avesta” təqvimindən başlanan Novruz İslam dininin meydana gəlməsi ilə qadağalarla üzləşib. Amma islami dünyagörüşün Novruzu qəbul etmədiyi şəraitdə Hicri-Şəmsi təqviminin bərpası baş verib. İlin uzunluğunu  365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiə hesab edən türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqi (1072-1092) hətta  Novruzla bağlı fərman da verib.  Bu fərman səfəvi şahı II Abbasın vəfatından  az sonra unudulsa da, xalq türk adət-ənənəsinə həmişə sadiq qalıb.

Tarixçilərin yazdığına görə, 1673-cü il mart ayının 21-də fransız taciri Jan Batist Şardən Çuxursabad  bəylərbəyi Səfiqulu xanın qonağı olub, burada Novruzun necə keçirildiyini izləyib. O, belə bir nəticəyə gəlib  ki, bu bayram  mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyil. Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığı xalqa xəbər verilir: nağaralar, şeypurlar səslənir. Küsülülər barışır,  hamı bir-birinə hədiyyə verir,  təkcə paltarlar deyil, hislər və duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin də şahidi olub.

Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş.

XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalıb. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadıb. 1918-1920-ci illərdə cəmi 23 ay davam edən AXC dövründə Novruz rəsmiləşdirilsə də, şura hökuməti tərəfindən ləğv edilib. 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il bayramın 7-ci günü-martın 27-də qəflətən vəfat edib. Yalnız Azərbaycanın milli müstəqilliyindən sonra Novruz  dövlət səviyyəsində  yenidən xalqımıza qaytarılıb.

Bu bayramda Novruz tariximizə qısaca səyahətimizlə xalqımızın zəngin irsinə bir daha nəzər saldıq. Belə dəyərli keçmişimizdən qürur duyaraq, yağıları yel kimi qovmağa, torpaqlarımızı murdarlardan təmizləməyə borcluyuq. Novruz həsrətli yurdlarımız əkin-biçin, çal-çağır, toy-büsat gözləyir, bizi gözləyir.

Bayramınız mübarək!

Şərhlər bağlıdır.