Mahir qarmon ustası kimi tanınan Zabit Sultanov tələbəlik illərindən bəstəkarlığa başlamışdı və ali məktəbi bitirdikdən sonra Mingəçevirə gələrək, burada da yaradıcılığını davam etdirirdi. Onun vəfatı ilə əlaqədar 15 dekabr 1995-ci ildə “Azərbaycan işıqları” qəzetində dərc etdirdiyi məqalədə pedaqoq Bəhram Ağalarov yazırdı ki, xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Gecələr” mahnısı ilə musiqi həvəskarlarının diqqətini cəlb edən Zabit Sultanovun arxivində hələ nə qədər oxunmamış nəğmə var. Mingəçevirli musiqiçilərin deidyinə görə, zamanında mahnılarına müəlliflik hüququ əldə edə bilməyən bəstəkarın bir çox bəstələri, o cümlədən “Gecələr”i bu gün başqalarının yaradıcılığı kimi qələmə verilir.
Bu yaxınlarda veteran mədəniyyət işçisi Vaqif Hacıyev redaksiyamıza gələrək, məsələnin ictimailəşməsi ilə bağlı hələ 11 il öncə Azərbaycan Yazıçılar Birliyinə, Bəxtiyar Vahabzadəyə müraciət etdiklərini bildirdi. 30 oktyabr 2007-ci ildə mərhum xalq şairinə V.Hacıyevlə bərabər Bəhram Ağalarov, Həsən Dəmirov, Əsəd Əsədzadə, Akif Mirabov, İclas Qaçayev, Qorçu İsgəndərov, Ülfət Musayev, İlyas Məlikov və Əyyub Əliyevin imzasıyla məktub göndərilib. Nöqtəsinə, vergülünə toxunmadan kiçik ixtisarla təqdim etdiyimiz məktubun surətini dönə-dönə gözdən keçiririk:
“Çox hörmətli Bəxtiyar müəllim! Bu məktubu sizə bir qrup Mingəçevir musiqiçiləri ünvanlayır. Sağlamlığınızın qeyri-sabit olduğu bir vaxtda sizi narahat etdiyimiz üçün üzr istəyirik. Ulu tanrıdan sizə şəfa diləyir və indən belə həmin ehtirasla və şövqlə yazıb yaratmağınızı arzu edirik.
Bizi bu məktubu yazmağa vadar edən sizin sözlərinizə bəstələnmiş “Gecələr” mahnısıdır. Bu mahnının çox qəribə taleyi var. Bu populyar mahnının (əslində həmişə dəbdə olub) müəllifi bu gün həyatda yoxdur. Amma ondan bizə çoxlu xatirələr qalmışdır. Həmin şəxs mahir qarmon ifaçısı, ali təhsilli, ləyaqətli və zəhmətkeş bir insan olmuş Zabit Sultanovdur. Radionun fondunda onun bir neçə lent yazısı var. Hələ neçə-neçə yarımçıq qalmış mahnı və rəqsləri durur. Özünün dediyinə görə, 60-cı illərdə 2 dəfə sizin dəvətinizlə evinizdə görüş alıb və “Gecələr” mahnısı barədə söhbətləriniz olub. Həmin mahnı ilk dəfə radioda mərhum sənətkarımız Rəhilə Həsənovanın ifasında xalq mahnısı kimi səsləndirilib. Zabit Sultanov dünyasını dəyişənə qədər bu mahnı xalq mahnısı kimi səsləndirilib. Sonralar həmin mahnı yanlış olaraq gah Niyaməddin Musayevin, gah Bəhram Nəsibovun, gah da Şahid Əbdülkərimovun adı ilə efirə getmişdir. Bu yanlışlıq hələ də davam edir.
Zabit müəllimin Mingəçevirin mədəni həyatında çox böyük rolu olmuşdur. Bu mahnını vaxtilə Mingəçevir musiqiçiləri dövlət tədbirlərində, eləcə də qastrol konsertlərində çox ifa etmişlər və edirlər…
Bəxtiyar müəllim! Bütün bunları nəzərə alaraq, “Gecələr” mahnısının həqiqi və halal müəllifinin adı ilə səsləndirilməsini təvəqqe edirik. Bu həm onun ruhuna, həm ailəsinə, həm bütün musiqisevərlərə böyük hörmət və müjdə olardı. Ona görə də sizdən xahiş edirik, onunla bağlı görüşlərinizi bir daha yada salıb, bu mahnının taleyi barədə bizə, eləcə də televiziya ilə çıxışlarınızda öz münasibətinizi bildirəsiniz”.
Vaqif Hacıyev deyir ki, məktubu göndərəndən sonra dəfələrlə Yazıçılar Birliyi ilə əlaqə saxlayıb: “Orda mənə dedilər ki, Bəxtiyar müəllim xəstə olduğu üçün işə gəlmir və ona ünvanlanan məktubları ayda bir dəfə sürücüsü götürüb Şəkiyə aparır. Şəkiyə də zəng vurdum, cavabında bildirdilər ki, şairin səhhəti yaxşı deyil”.
Ötən ilin oktyabrında ARB kanalında Bəhram Nəsibovun və Zabit Sultanovun oğullarının iştirakilə “Gecələr” mahnısının əsl müıllifi ilə bağlı veriliş də yayımlanıb. Hər iki tərəf bəstənin öz atasına aid olduğunu iddia edirdi. Verilişdə iştirak edən xalq artisti Niyaməddin Musayev isə diqqətə çatdırdı ki, Bəhram Nəsibov sağlığında ona bu mahnının Mingəçevirdə yaşayan Zabit Sultanova məxsus olduğunu deyib. Mahnının ilk ifaçıllarından olan və efirə qoşulan Könül Xasıyeva da “Gecələr” adlı solo konsertinə hazırlaşanda maraqlı məqamlarla qaşılaşıb. Müəllif hüquqlarından Şahid Əbdülkərimovun adı verilsə də Mingəçevirdə, Zərdabda el şənliklərində mahnını qarmon ifaçısı Zabit Sultanovun bəstələdiyini eşidib. Şahid Əbdülkərimovun ailəsi isə iddia edib ki, rəsmi sənədlərdə haqqında bəhs olunan mahnının onlara məxsus olduğu təsdiqini tapdığı üçün belə müzakirələrə ehtiyac duyulmur.
Dostlarından aldığımız məlumata görə, Zabit müəllim 60-cı illərdə Mingəçevirə gəlib. Hələ Bakıda ikən “Arazi” və digər rəqs havalarını lentə aldırıb. 1971-ci ildə “Turac təranələri” adlı tədbirdə “Muğam və rəqs” adlı oyun havalarını təqdim edib. O, toylarda “Kəsmə şikəstə”ni özünəməxsus şəkildə ifa edərmiş. Qarmonu sanki oxuyarmış.
Bu gün Zabit müəllim aramızda yoxdur. Amma onun “Gecələr”i bizimlədir. İndiyə qədər səslənməyən başqa mahnıları da əlimizdədir. Gəlin keçmişimizə sahib çıxaq, yoxsa gələcəyimiz bizi topa-tüfəngə tutacaq.
P.S .Ömrünün 30 ilini Mingəçevirdı yaşayan Zabit müəllim müxtəlif illərdə 10 saylı məktəbdə musiqi müəllimi, Müəllimlər Evində musiqi rəhbəri, “Energetiiklər” mədəniyyət evində müdir işləyib. Təəssüf ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün indiyədək heç bir addım atılmayıb. Hətta xatirə gecəsi də keçirilməyib.
Şərhlər bağlıdır.