Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Futbol məhəllədən başlayır

“Məqsədim gələn il primyer liqada oynamaqdır”

Qonağımız gənc olmasına baxmayaraq, varlığıyla Azərbaycan futboluna vurğun olan “Kəpəz”in kapitanı Azər Həşimovdur. 1984-cü il noyabrın 6-da Mingəçevirdə doğulub. Ailəlidir, bir övladı var.

-Azər, səni futbola nə gətirdi?

-Futbola uşaqlıqdan həvəsim vardı. Balaca olanda məhlədə futbol oynayırdıq. Mənim oyunuma baxan böyüklər deyirdilər ki, futbol oynasan, sənin yaxşı gələcəyin olacaq. Bizdən böyüklərlə yarışlar keçirirdik. Həmişə də yaşıdlarımla futbol komandasına götürüləcəyimiz günü gözləyirdik. Eşidəndə ki, 1984-cü il təvəllüdlü uşaqlardan ibarət komanda yığılır, sevindik və dərhal biz də yazıldıq. Uşaq və Gənclər İdman Məktəbinin nəzdindəki “Ulduz” komandasında məşqlərə başladıq. Onda mənim 11 yaşım vardı. Turnirlər, yarışlardan yüksək nəticələr gətirirdik. Beləcə, zamanla futbolun sirlərinə yiyələndik.

– İlk qolunu xatırlayırsanmı? Onun təəssüratı unudulmaz yəqin ki…

-Uşaq vaxtı oyunda qol vuranda elə bilirsən ki, səndən xoşbəxt insan yoxdu. İlk qolu “Əli Bayramlı” komandası ilə yoldaşlıq görüşü keçirdiyimiz vaxt vurmuşdum. Onda rəqib komandanı 8:0 hesabıyla udmuşduq, 2 qolun sahibiydim. Gəncənin “Kəpəz”i ilə oyun zamanı da 1 qolu mən vurmuşdum və biz 2:0 udmuşduq. Onda hələ 12 yaşım vardı. Amma zaman-zaman oyunlar çoxaldıqca bu hisslər adiləşir.

-Mükafatların, hədiyyələrin çoxdurmu?

– Həmişə yarışların ən yaxşı oyunçusu olmuşam. Medal və kubokların sayı-hesabı yoxdu. Xrustal kubokları anam evdə saxlayır. Medallardan da qohum uşaqlara paylamışam ki, onlar da qələbə sevincini yaşasınlar.

-Həmin illərdə Mingəçevir futbolunun vəziyyəti necə idi?

-Bizim şəhərdə futbola fikir vermirlər. 70-ci illərdə özünün çəkisi olan “Ulduz” komandamız vardı. Daha sonra “Kür-nur” futbol komandası yaradıldı. Lakin sponsor olmadığı üçün bu klublar dağıldı. Amma Tovuzda, Gəncədə və başqa regionlarda peşəkar futbol komandası olduğu üçün gənclər 16-17 yaşından sonra yüksək liqada oynayırlar. Bizdə isə yüksək liqa olmadığı üçün həvəskarlar liqasında oynamağa məcburuq.
2001-ci ildə, 16 yaşımda “Ulduz”un həvəskarlar komandasında oynayanda respublika çempionu olduq. Məşqçimiz Ənvər Nəsibov idi. Gözlədık ki, bəlkə bizi mükaflandırarlar. O vaxtkı İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı bizi qəbul etdi və hərəmizə cəmi indiki pulla 10 manat verdi. Təbii ki, belə münasibət idmançıya pis təsir edir. Futbolçu həvəslə məşq edir, güc toplayır ki, yaxşı oyun göstərsin. Azərbaycandan kənarda olanda baxırsan ki, hər yerdə futbola çox diqqət, qayğı var. Həm də onlar futbolun inkişafına önəm verirlər. Bizdə isə futbola laqeyd yanaşırlar.

-Sonrakı karyeranda nə kimi dəyişiklik oldu?

-2003-cü ildə hərbi xidmətə çağırıldım. Həm xidmət etdim, həm də Ədliyyə Nazirliyinin “Ədliyyə” futbol komandasında 1 il oynadım. Azərbaycan çempionatında iştirak etdim . Bizim komandamız çempion oldu, Ukraynaya da getdi. Əsgər olduğum ücün mənə respublikadan kənara çıxmağa icazə vermədilər.
Hərbidən sonra Mingəçevirə qayıtdim. “Energetik” komandasına qəbul olundum, I divizionda oynadım. Adətən 1-ci, 2-ci yeri tutan komanda yüksək liqaya vəsiqə qazanır. “Energetik”in maliyyə dəstəyi olmadığı üçün bu pilləyə qalxa bilmir. Ümumiyyətlə, sponsoru olan komanda çalışır ki, yaxşı nəticəsi olsun. Əvvəllər güclü himayəçilər vardı.
Çempionatda “Azal” komandası 1-ci, bizsə 2-ci yeri tutduq. Onların maliyyə dəstəyi olduğu üçün Premyer Liqada oynadılar. Biz isə yenidən I divizionda qaldıq, yəni yüksək liqaya qalxa bilmədik. “Energetik” komandasının fəaliyyəti zəifdi, indiki durumu da bərbaddır.
Mənim məqsədim yüksək liqada oynamaq idi. 2005-ci ildə oyunumu bəyəndikləri üçün məni Xanların “Göygöl” komandasına dəvət etdilər. Sonra sponsor dəyişdiyi üçün komandanin adı dəyişdi. Hazırkı adı “Qəbələ”dir. Elə birinci ildə də Azərbaycan üzrə 1-ci dəstədə çempion olduq və birbaşa yüksək liqaya çıxdıq. 2005-2010-ci illərdə “Qəbələ”də oynadım. Sonra da 2 il “Neftçala”nı təmsil etdim. Yarışlarda uğur qazanırdıq həmişə. 2 dəfə 2-ci yer tutduq. Təlim-məşq toplantısında Türkiyədə tez-tez olurduq. Bolu şəhərində yoxlama oyunları olurdu. Orda hazırlaşıb Azərbaycan çempionatında oynayırdıq.

-Və…

-Və ötən il Yevlaxın “Karvan” komandasına dəvət aldım. O vaxtilə Azərbaycanın sayılıb-seçilən klublarından olub. Dövlətimizi UEFA-da layiqincə təmsil edib. Təəssüf ki, onu da dağıtdılar. Hər şeyin sonu maliyyəyə söykənir. Buna görə də futbolçular itir-batır.
Vidadi Rzayev Azərbaycanın Milli komandasında oynayıb. İndi isə “Kəpəz” komandasının baş məşqçisidir. Onun dəvətiylə gəldim “Kəpəz”ə. 2 turdu çempionat başlayıb. Məqsədimiz Primyer liqaya çıxmaq, sonra isə ölkəmizi Avropada təmsil etməkdir.

-Maddi tərəf önəm kəsb edir və insana məqsədinə çatmaq üçün stimul verir. Məvacibin səni qane edirmi?

-“Qəbələ”də oynayanda məvacibim yaxşıydı. Yüksək liqada bu rəqəm 1500-2000 civarındadı. Azərbaycanda 1-ci diviziona çox önəm verilmədiyindən əmək haqqı 550 manatdı. Təbii ki, bu da futbolçuya görə çox azdır. Biz Türkiyənin Bolu şəhərində 3-cü liqa komandası olan “Elazi bələdiyyə spor”la yoxlama oyunu keçirdik. O zaman futbolçular ildə 60-120 min dollar civarında əmək haqqı aldığını demişdilər. Futbolçular da peşəkarır. Hərə öz qiymətini danışır. Biz o komandaya 4:3 hesabi ilə qalib gəldik. Mənə dedilər ki, sənin potensialın imkan verir ki, bizdə oynayasan. Sadəcə Türkiyə qanunlarına görə, gərək mən oranın vətəndaşı olam. Orda Bal Liqdə oynayan futbolçu ildə 30 min dollar maaş alır.
Yeri gələndə insan sınır ki, bizim onlardan nəyimiz əskikdir? Adları bizdən iki dəfə aşağıdı, yəni 3-cu liqa komandası, amma şəraitinə görə bizim 1-ci diviziondan qat-qat üstündülər. Onların hər şeyi (avtobusları, geyimləri, ləvazimatları.) yüksək səviyyədədi. Bizdə məvacib yalnız premyer liqada normaldı. Ora da ancaq yararlı-yararsız legionerləri gətirirlər. Əcnəbilərə çox diqqət yetirir və onlara üstünlük verirlər. Oyunlarına baxanda görürsən ki, biz onlardan daha güclü oyun göstəririk. Başqa dövlətlərdə belə hallar azdı. Öz millətinin nümayəndələrinə dəstək dururlar.

-Dəvətli oyunçuların respublikaya gətirilməsində maraq nədir?

-Yəqin ki, burda agentlərin, menecerlərin marağı var. Öz aralarında aparılan danışıqlarda da ola bilsin məqsəd vəsait güdməkdir. Səviyyəli legionerlər var. “Qarabağ”da Renaldo var. Riçer Almeda var. Belə güclü oyunçulara baxıb nəsə öyrənmək olar. Amma bəzən zəif futbolçuları da gətirirlər. Bir xariciylə 100, 200 min dollar, bəzən daha çox məbləğə müqavilə imzalayırlar. O vəsaiti bizim futbolun inkişafına yönəltsələr, ən azından bir klubun idmançılarının yetişdirilməsinə ayırsalar, özümüz inkişaf edərik. Əcnəbi idmançı müddəti bitdikdən sonra öz ölkəsinə qayıdır. Əcnəbilərdən eləsi var heç meydançaya çıxmır. Onu oyuna buraxmayıb, bir ildən sonra geri göndərirlərsə, o məbləğ havaya sovrulmuş olur.

-Sən necə, xaricdən təklif almısanmı?

-Boluda olarkən bir menecer təklif etmişdi qalım orda oynayım. Ailə həyatı qurmağa görə imtina etdim. Həm də gərək Türkiyə vətəndaşı olaydım.
“Qəbələ” komandasında oynayanda güclü legioner Asen Nikolov mənim oyunumu çox bəyənmişdi. Türkiyənin “Konyaspor” komandasıyla oyundan sonra o, mənə dedi ki, Azər, sən burda olmalı deyilsən. Sənin yerin Avropa klublarından birindədi. Çünki perspektivlisən və orda oynamağa layiq futbolçusan. Menecer tapa bilmirsən ki, səni xaricdə tanıtdırsın? O zaman 22 yaşım vardı.
“Qəbələ”də əsas heyətdə oynayırdım və mənim oyunumu bəyənirdilər. Sarışın olduğuma görə bəzən məni legioner zənn edirdilər. “MTK Azar” komandası UEFA liqasına vəsiqə qazanmışdı. Məşqçi ukraynalı idi. Məni dəvət etdi, söhbətdən sonra əcnəbi yox, azərbaycanlı olduğumu bilib, məni öz komandalarına götürmədi.
Əcnəbi vətəndaş öz ölkəsini sevdiyi kimi, bizim dövlətimizi sevmir. Amma azərbaycanlının içindən gələn bir hiss var ki, onun adını, mənafeyini qorusun, bayrağını yüksək kürsüdə dalğalandırsın. Komandamız uduzanda mən telefonumu söndürürəm. Çünki o qədər əsəbi oluram ki, heç kimlə danışmaq belə istəmirəm. Ancaq legioner uduzanda danışıb-gülür, heç vecinə də almır. Biz canımızı qoyduğumuzun 50 faizi qədər bunlar narahat olmurlar.

-İdmançılarımız fərdi şəkildə yarışlarda yüksək nəticələr əldə edirlər. Bəs komandalarımızda niyə bunlar alınmır? Qizlardan ibarət voleybol və futbol isatisna olmaqla.

-Mənim fikrimcə, ən əsas kollektivdə mehribançılıq olmalıdır, təəssüf ki, paxıllıq hissi bəzən önə çıxır. Bir futbolçunun qol vurmaq şansı 30 faizdirsə, yoldaşına ötürülən pasın vurulması 90 faiz qol olar. Yəni, yoldaşı vəziyyətdən daha keyfiyyətli istifadə edər və real qol vurar.
Bəzən məşqlərdə nələrinsə düzgün izah olunmaması üzündən səhvlər etdiyimiz aydın olur. Taktika düzgün qurulmayıb, proqram üzrə məşq etməmişik. Elə məşqçi var ki, bildiyini öyrətmək üçün canını verməyə hazırdı. Eləsi də var ki, deyir işim budur. Saatını işləyib evə tələsir. İndi məşqçilər kurslara gedirlər, öyrənirlər və gəlib deyirlər ki, nəyi düz etməmişik. Səhvi-düzü anlayırlar. Xarıci trenerlərin təlimində olurlar. Peşəkarlığı artırmaq üçün bunlar vacib amillərdir. Komandanın adı, şərəfi hər şeydən üstün tutulmalıdır. Qələbə üçün birlik vacibdir.

-Azərbaycan futbolunu dünya arenasına çıxartmaq üçün nəyə fikir verilməlidir ?

-Birinci, uşaq futboluna diqqət yetirməliyik. Çünki 12-13 yaşında futbolun sirlərini öyrənməmiş gəlirsən peşəkar futbola. Elə bil 1-ci sinifdən birbaşa 5-ə keçmək istəyirsən. Futbolun sirləri, incəlikləri var. Topla necə davranmaq, pas ötürmək, məşqçilərin taktikalarına yiyələnmək və ona uyğun hərəkət etməkdir. “Qəbələ” komandası öz uşaqlarına diqqət yetirən klubdu. Onların hər yaş üzrə komandaları var. Onlara geyimləri da daxil olmaqla hər cür şərait yaradılıb. Xaricə yarışlara gedirlər. Məktəb də açılıb və futbolçu olmaq istəyən bu məktəbi keçir. Prezidenti Taleh Heydərov onlara çox qayğı göstərir. Türkiyədən təcrübəli mütəxəssislər dəvət ediblər. Bu diqqət bəlkə də bəzi Premyer Liqalarda yoxdur. Məqsəd də öz futbolçularımızı inkişaf etdirmək və legionerlərdən imtina etməkdir. Başqa klublarda da belə akademiyalar açılsa, yaxın 5-7 ildə Azərbaycan futbolçuları Avropada sözünü deyəcəklər.
Legionerlərə verilən pulları məktəblərin açılmasına yatırtmaq lazımdı. Regionlarda da var belə məktəblər, amma Qəbələdəki kimi aktiv fəaliyyət göstərmir.

-Oyuna çıxanda nə düşünürsən? Görüşdən əvvəl hansı hisləri keçirirsən?

-Oyuna çıxanda 5-10 dəqiqə yüngül həyəcan olur. Qələbə üçün 90 dəqiqə canımızı, qüvvəmizi verməliyik. Amma hər dəfə düşünürəm ki, kaş bu meydançada yox, xaricdə, hansısa möhtəşəm yaşıl meydançada və stadion dolu azarkeşlər qarşısında oynayaydım.

-Sevdiyin komandanı, “Qəbələ”ni niyə tərk etdin?

– “Qəbələ”də oynayanda özüm səhv addım atdım. Azərbaycan futbolçularından ən çox meydana çıxan futbolçuyam. “Qəbələ” klubunda 96 oyunum var. Komandada əsas heyətdə oynamışam. İngilis mütəxəssisi, Arsenal klubunda məhşur oyunçusu Toni Adams baş məşqci gələndə, baxmayaraq ki, haqqımda yüksək fikirdə idi, mənimlə birgə bir neçə futbolçunu əvəzedici heyətə göndərdi. Təcrübəli futbolçu kimi mənə çox pis təsir elədi. Qəbul edə bilmədim. Mənim yerim yüksək liqadadı. Klubun vitse prezidenti Fariz Nəcəfovla görüşdüm. “Xətrini çox istəyirik, getməyini istəmirik”-dedi. Mən incidiyimi bildirdim və klubdan ayrıldım.
Sonra 6 ay Mərkəzi Ordu İdman Komandasında oynadım. İki dəfə Toni Adamsın gətirdiyi legionerlərlə rastlaşdıq. Biri 1:1, digər oyun 0:0 hesabiyla nəticələndi. Biz azərbaycanlı kasıb balaları ili 500-600 minə gələn əcnəbilərdən üstün oynadıq. Tonini isə nəticə verə bilmədiyi üçün çıxartdılar klubdan, getdi.

-Bu gün Azır Həşimov özünü harda görür?

-Cavan yaşlarımda olsaydım, özümü Avropanın bütün ortabab klublarında görərdim. Özümə inanırdım. Qəzetlər də yazırdı ki, Azərbaycan Milli Komandasının baş məşqçisi Berti Fox Azər Həşimovu görüb dəvət etməlidir. Dəfələrlə Moldova, Litva, Türkiyə və başqa xarici komandalarla oynamışıq. İnandırım sizi, onların bizdən heç nəyi artıq deyil.

-Kumirin kimdi?

-Simpatiyam həmişə Azərbaycan Mill Komandasının oyunçusu Ceyhun Sultanova olub. Həm insan, həm də güclü futbolçu kimi. Dünya üzrə isə Messinin pərəstişkarıyam.

-Yadda qalan oyunun…

-Ən yadda qalan 2 oyunum olub. 2007-ci il martın 20-sində “Qəbələ” komandasındaydım. “Bakı” futbol komandası ilə görüşürdük. Kubok oyunuydu. Hamı deyirdi ki, “Bakı” “Qəbələ”ni udacaq. Birinci oyun Bakı şəhərində 1:1 hesabiyla bitmişdi. Burda da 120 dəqiqə oynadıq, hesab 1:1 oldu. 11 metrlik cərimə zərbəsi elan olundu. Elnar Kərimov 2 penaltini dəf elədi. Penalti zərbəsiylə biz onları udduq. Azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Bəlkə həmin vaxt dünyada məndən xoşbəxt insan olmazdı.
“Xəzər Lənkaran”la oynayanda mən ehtiyatdaydım. 1:0 uduzurduq. Matçın bitməsinə 20 dəqiqə qalmış məşqçı mənə güvəndi və meydançaya buraxdı. Qol pasını verdim, 2:1 hesabıyla oyunu udduq. Yaxşı oynadığım üçün legionerlər də, məşqçı də məni təbrik edir, öpürdülər. İnanmırdıq ki, biz bu komandaya qalib gələrik. Bəzən Allah adama elə bir güc verir ki… Son 20 dəqiqə ərzində 2 qol vurduq.

-Stadionda azarkeşlərin azlığı oyunçunu ruhdan salırmı?

-Stadionda 20-30 nəfəri görəndə necə gəldi oynayırsan ki, kim baxacaq sənə. Bəzən də stadion dolur. Azarkeşin oyunçunu əl çalaraq dəstəkləməsi ayrı coşqu yaradır. Belə olanda futbolçunun azarkeşin qarşısında məsuliyyəti də artır. Zəif oynayanda səs-küy edirlər ki, özünü düzəlt. Fikirləşirsən ki, onların rəğbətini qazanmalıyam. Ən azından adını çağırıb, alqışlayanda adama ruh verirlər.

-Azər futbolu tərk edəndən sonra nə işlə məşğul olacaq?

– Mən futbolu sevdiyim üçün burdayam. Müəyyən yaşdan sonra fikrim var ki, AFFA-da kurslara gedim. O kursları keçib kateqoriya alım. Müəllimlik dərəcısini artırım. C kateqoriyası alanda uşaqla məşğul ola bilərəm. Düşünürəm ki, klubların birində məşqçi kimi fəaliyyət göstərəcəm.

Şərhlər bağlıdır.