Fransalı qonaq Mingəçevir Turizm Kollecində
Mingəçevir Turizm Kolleci zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır. “Tempus” proqramı çərçivəsində fəaliyyətini genişləndirən kollec bir neçə ildir ki, Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə də qatılıb. Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması, ikili diplomların tanınması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu çərçivədə vaxtaşırı təşkil olunan treninq və konfranslarla yanaşı qarşılıqlı səfərlər də həyata keçirilir.
İki gündür ki, bu istiqamətdə növbəti addım atılıb. Fransanın Qrenobl Akademiyası nümayəndəsi və layihənin rəhbər əlaqələndiricisi Jean-Noel Pachoud Mingəçevir Turizm Kollecində işgüzar səfərdədir. Kollec rəhbərliyi ilə layihəyə müvafiq müzakirələr aparıb icraatla yaxından tanış olan fransalı elm adamı bu gün kollecin rəhbər heyəti, turizm və xaricil ixtisasları üzrə təlim verən pedaqoq təmsilçiləri ilə görüşüb.
Cənab Jean-Noel Pachoudun ikinci dəfə kollecə təşrif buyurduğunu xatırladan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ötən müddət ərzində Fransanın Azərbaycandakı səfirinin kollecə ziyarətindən, bu əməkdaşlıq nəticəsində bəzi ixtisaslar üzrə fransız dilinin tədris olunduğundan danışıb. Layihənin Azərbaycandan olan digər iştirakçısı, Azərbaycan Texniki Universitetinin nümayəndəsi və fransız dili üzrə mütəxəssis Namiq Qafarov müzakirələrin anlaşıqlı şəkildə davam etməsinə səyini əsirgəməyib..
Fransalı qonaq layihəyə başlanıldığı ilk dönəmlərdə ali təhsil müəssisələrinin Turizm Kolleci ilə əməkdaşlığını lüzumsuz hesab etdiklərini xatırladıb: “Çünki iştirakçı hüququ qazanmış kollektivlər ali təhsil müəssisələrini təmsil edirdi. Yeganə istisna Turizm Kolleci idi. Biz bu iştirakı dəstəklədik və bu gün hər kəs haqlı olduğumuzu görür. Bu kollecin kollektivi işgüzar və perspektivlidir. Qarşılarına qoyulmuş vəzifələri layiqincə icra ediblər. İkili diplomlar əvəzinə sertifikatlaşdırma aparılacaq. Ən əsası, MTK-da təhsil alan tələbələr arzu edəcəkləri halda imtahansız, birbaşa Fransdakı ali məktəblərin yuxarı kurslarında təhsillərini davam etdirmək imkanına malik olacaqlar. Şadam ki, bu məsələ artıq həllini tapıb”.
Görüş zamanı digər işturakçıların da fikirləri və sualları dinlənilib. Kollecin fransız dili müəllimləri ilə Jean-Noel Pachoud arasında maraqlı fikir mübadiləsi aparılıb. Fransalı qonaq layihədə Turizm Kollecinin iştirakı, həmçinin Mingəçevir şəhərindən aldığı təəssüratlarla bağlı fikirlərini də paylaşıb.
Şərhlər bağlıdır.