Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Fəxrəddin Sofulunun yaradıcılığından

“Sona bülbüllər”i kim oxuyacaq?

(Xalqımızın səs yaddaşında əbədi yeri olan, müqtədir muğam ustası, xalq artisti Qədir Rüstəmovun əziz xatirəsinə)

Ellərin sinəsin dağladı bu səs,
Coşğun şəlalə tək çağladı bu səs,
Uşaqdan-böyüyə hamı deyir: bəs,
“Sona bülbüllər”i kim oxuyacaq?

“Sona bülbüllər”in yuvası qəfəs,
Onları isitməz bir ayrı nəfəs,
“2011”-in sonu gəldi nəhs,
“Sona bülbülləri”kim oxuyacaq?

Xalqımız unutmaz öz övladını,
Ürəkdə yaşadar onun adını,
Ötsə min əsrlər, lap milyon illər,
Onu oxuyacaq yeni Qədirlər!

Tanrıdan budurmu məhəbbət payım?

Əhd etdik-biz ömrü bir addımlayaq,
Əhd etdik-hicranı yaxın qoymayaq.
Bəxtimiz vurmadı, olmadıq oyaq,
Bu tənha ömrümü ömürmü sayım?
Tanrıdan budurmu məhəbbət
payım?

Leysanlar-bahara, qar-qışa düşdü,
Sevgimiz bir nifrin qarğışa düşdü,
Çiynimə dağ boyda qarğaşa düşdü,
Bu sirri mən kimdən sorum,
arayım?!
Tanrıdan budurmu məhəbbət
payım?!
Atalar demişlər: tökülən dolmaz!
Bu dünya heç kimə, heç kimə
qalmaz,
Fəxrəddin, kimsəni qınamaq olmaz,
Qoy, çatsın hər yana səsim,
harayım:
Tanrıdan beləymiş məhəbbət
payım.
Tanrıdan beləymiş məhəbbət
payım.

Çörək

(Ağdam şəhərində möhtəşəm
Çörək Muzeyini xatırlarkən)

“Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən”
S.Vurğun

Süfrəsi çörəkli ulu babalar
Çörəyi müqəddəs bərəkət sayıb.
Kəsdiyi çörəyi, bir də salamı
Kişilər basmayıb, tapdalamayıb.

Bir loxma çörəyi görsələr yerdə,
Mərdlər öpüb, qoyub gözünün üstə.
Namərdin süfrəsi açılan deyil,
Onların çörəyi dizinin üstə.

Çörək-İlahinin ruzi payıdır,
O, açan qapını heç kəs qapamaz.
Çörək itirənlər bəli, nankorlar
Əlləşər, vuruşar… çörək
tapammaz!!!

Bir dənin, sünbülün bilək qədrini,
Öpək, əzizləyək Ana Torpağı.
Torpağı işğaldan qaytaraq geri,
Nankor erməniyə çəkək göz dağı.

Qoruyaq çörəyin müqəddəsliyin,
Onu Quran ilə bərabər sayaq.
Hatəm səxavətli babamız kimi
Diz üstə qoymayaq, Göz üstə
qoyaq.

Şairlər həyatda niyə tək qalır?

“Meşədə aslan da tənha olmasın”…
Bəxtiyar Vahabzadə

Uca göylər kimi qibləgahı var,
Ürəkdə dağ boyda nalə, ahı var,
Bilmirəm, nə suçu, nə günahı var?
Şairlər həyatda niyə tək qalır?

Haqqın keşiyində dayanır mətin,
Ağrısın, acısın çəkir millətin…
Budurmu “töhfəsi” bu ülviyyətin?!
Şairlər həyatda niyə qalır?

Qəlbində yer olmaz saxtalıqlara,
Qaraya “ağ” deməz, ağasa “qara”!..
Taleyi mürgülü, yazıq, biçarə…
Şairlər həyatda niyə tək qalır?

Şairin gözünün nuru-Vətəndir!
Sərvəti, dövləti, varı-Vətəndir!
Əbədi sevgili yarı-Vətəndir!
Onlar hər bir zövqü Vətəndən alır,
Bu səbəb: şairlər tənha, tək qalır.

Neyləyim… Əlimdən nə gəlir mənim?

Bir vaxtlar od kimi isti ocağım,
İndi bütün fəsil şaxtadı-qardı.
Uçdu əllərimdən bəxtəvər çağım,
Qulaq yoldaşlarım-sızıltılardı.
Qəfil şaxta vurdu, soldu çəmənim,
Neyləyim, əlimdən nə gəlir mənim?

Rahatlıq tapmıram nə evdə, çöldə,
Elə bil, elə bil tikan üstəyəm.
Habil kamanının yanıqlı səslə
Çaldığı naləyəm, bir şikəstəyəm.
Köçəri quşlardır oxşarım, tənim,
Neyləyim, əlimdən nə gəlir mənim?

İlahi, üstümə sər qanadını,
Sanki canlı deyil, məzar daşıyam.
Taleyin töhfəsi-bu dərdi, qəmi
Son mənzilə kimi gərək daşıyam.
Qəribəm, köçkünəm, yoxdur
Vətənim,
Neyləyim, əlimdən nə gəlir mənim?!

Şərhlər bağlıdır.