Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib. Videokonfrans formatında təşkil olunan və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” sisteminin videoqeydiyyat imkanının təqdim edilməsi olub.
Azərbaycan İnternet Forumunun prezidenti, İctimai Şuranın koordinatoru Osman Gündüz dövlət xidmətlərinin daha sürətlə inkişaf etdiyi dövrdə bu cür görüşlərin keçirilməsinin və yeni xidmətlərin müzakirəsinin vacibliyini vurğulayıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov “Single Sign On” (Vahid Giriş Sistemi) – prinsipi əsasında yaradılan “ ASAN Login” layihəsinin üstünlüklərindən söhbət açıb. O bildirib ki, “ASAN Login”də istifadəçi sayı əhəmiyyətli dərəcədə, 2020-ci ilin yekunlarına görə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.
“ASAN Login” üzrə layihə rəhbəri Tural Həsənov video qeydiyyatla bağlı geniş təqdimat edib, sistem üzərindən əyani şəkildə göstərilib. Bildirilib ki, sistemdə videoqeydiyyatdan keçmiş vətəndaşın şəxsiyyətinin müəyyən olunması üçün süni intellekt həllərindən də istifadə edilir.
Təqdimatdan sonra “ASAN Login” layihəsinin üstünlüyü və xüsusilə yeni yaradılmış video qeydiyyat imkanı ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə İctimai Şura üzvləri tərəfindən yaranan suallar cavablandırılıb və təkliflər müzakirə olunub.
Qeyd edək ki, hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “ASAN Login” 50 sistemə girişi təmin edir. Bu isə öz növbəsində bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. O cümlədən zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanları yaradır.
Şərhlər bağlıdır.