Bizimlə həyatınız həmişə işıqlı olacaq!

EHİM-in komandası beynəlxalq olimpiadanın ən yaxşıları arasında yer alıb

198

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsinə vəsiqə qazanıblar.

Beynəlxalq Data Analizi Olimpiadasında EHİM-i Data laboratoriyası departamentinin Süni intellekt şöbəsinin əməkdaşları Samir Məmmədov və Ümid Süleymanov təmsil ediblər.

Yarışda finala vəsiqə qazanmaq üçün yarışmaçılar kainatdakı ümumi materiyanın 85%-ni təşkil edən qaranlıq materiyanın təbiətinin daha yaxından öyrənilməsi məqsədilə müxtəlif atomaltı hissəcik hadisələrinin sinifləndirilməsi məsələsini həll etməyə çalışıblar.

EHİM-in əməkdaşları 66 ölkəni təmsil edən 648 komanda arasında 6-cı yeri tutaraq final mərhələsində iştirak hüququ qazanıblar.

17-18 aprel tarixində onlayn formatda baş tutan final mərhələsində iştirakçılardan bank müştərilərinin təklif edilən kredit məhsulunu qəbul edib-etməyəcəklərini proqnozlaşdırmaq tələb olunurdu. EHİM-in təmsilçiləri final mərhələsində 30 komanda arasında 13-cü yeri tutublar.

Qeyd edək ki, bu sayca 4-cü Beynəlxalq Data Analizi Olimpiadasıdır. 2018-ci ildə yarışmada 55 ölkədən 1533 iştirakçı, 2019-cu ildə isə 78 ölkədən 2187 iştirakçı ilə təmsil olunublar. Onlayn formatda keçirilən 2020-ci ilin yarışmasında isə 83 ölkədən 2756 yarışmaçı iştirak edib. Beynəlxalq Olimpiadada istənilən yaş qrupundan tələbələr, aspirantlar, şirkət əməkdaşları, tədqiqatçılar və alimlər iştirak edirlər. Yarışma çərçivəsində iştirakçılar proqnozlarının keyfiyyətini artırmaqla yanaşı, həm də effektiv resurslu alqoritmlər hazırlayırlar. EHİM süni intellekt həllərinin elektron hökumət xidmətlərində tətbiqinə və bu istiqamətdə araşdırmalara böyük önəm verir.

Cari ilin 26-28 aprel tarixində EHİM-in təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PASHA Holding”, “Azərbaycan Beynəlxalq Bankı”, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur. Data yarışmasında yaşından, təhsilindən və ixtisasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Data yarışması üzrə workshoplarda yarışma iştirakçılarına iki gün ardıcıl olaraq təlimlər keçiriləcək, yarışmanın qaliblərinə pul mükafatları təqdim olunacaq. Data yarışmasında iştirak üçün qeydiyyat 25 aprel tarixində bitir. Qeydiyyat və daha ətraflı məlumatı BURADAN əldə edə bilərsiniz.

Şərhlər bağlıdır.