Araşdırma

Dünyaya obyektivin gözü ilə baxan qız

QHT ailəsində böyüyən bu xanım üçün karyera gözəl ailəsinin və ürəyi istəyən işin eyni vaxtda mövcud olmasıdır

Bu dəfəki qəhrəmanımız Ülkər Kərimli Bərdə rayonunun Qarayusifli kəndindəndir. Hazırda Qafqaz Universitetində istilik və molekulyar fizika ixtisası üzrə magistratura təhsili alır. Dərsdən sonra işləyən bu xanım uzun illər müxtəlif təşkilatlarda könüllü kimi çalışıb: “Dosta-tanışa qoşulub QHT-lərin tədbirlərinə gedirdim. Daha çox qardaşım məni bu sahəyə yönəldirdi. O, bir neçə təşkilatın layihələrində əlaqələndirici, Beynəlxalq Avrasiya Mətbuat Fondunun region gənclərinə dəstək proqramının təlimçisiydi. Hazırda Education USA Proqramının Aran regionu üzrə koordinatorudur . Getdiyi tədbirlərə özüylə məni də aparırdı. Hətta özü getməyəndə də mənə təklif edirdi ki, həmin təlimlərdə iştirak edim. Yavaş-yaşaş könüllü olmağa başlamışdım”.

Sumqayıt Dövlət Universitetində bakalavr təhsili alarkən başa düşüb ki, könüllü olması onun ictimai fəllığına əməlli-başlı təsir edib: “Baxırdım ki, adamlar bir yerə toplaşıb, nəyisə həll etməyə qərar verəndə, vəziyyəti yaxşılığa doğru dəyişmək olur. Yaxşı yadımdadır, 1-ci kursu bitirib, yay tətilinə gəlmişdim. Rayonda küçədəki zibilliyin təmizlənməsi aksiyasına qoşuldum. Amma biz zibili təmizləsək də, məişət çıxarlarının atılmasının qarşısı alınmırdı. Çünki arxa küçələrdə zibil atmaq üçün qutular yox idi. Biz vəziyyət barədə yerli İcra hakimiyyətinə müraciət etdik, əhəmiyyət vermədilər. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub yazdıq. Onlar bizim məktubu İcra Hakimiyyətinə göndərdilər. Burada biz qəbul edən məmur əvvəl hədə-qorxu gəldi.Yəni siz kimsiniz, nə səbəbə bizim başımızın üstündən harasa yazırsınız, gedin işinizlə məşğul olun və s. Amma biləndə ki, biz 3-5 nəfər deyilik, kifayət qədər çoxuq və qərarımızda israrlıyıq, sonda geri çəkildi. Əvvəl bizi aldatmaq istədi. Dedi ki, siz yazın ki, tələbiniz ödənib, yəni küçələrə zibil qutuları qoyulub, biz bunu sonra edərik. Bizim razı olmadığımızı görüb, nəhayət, həmin əraziyə qutuları gətirdilər”.

Təxminən 16 yaşından təlimlərə qatılan Ülkər QHT ailəsində insan hüquqları, liderlik, insan alverinə qarşı mübarizə mövzularında bilgilər əldə edib. Aydın, səlist danışmağı, harda özünü necə aparacağını, insanlarla ünsiyyət bacarığını öyrənib. 2013-cü ilin dekabrında isə QHT sektorunda maaşlı işə dəvət olunub: “O vaxt Beynəlxalq Avrasiya Mətbuat Fondunun Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirdiyi layihədə Bərdə rayonu üzrə koordinator təyin olundum. Layihə 4 rayonda – Bərdə, Ağdam, Beyləqan və Ağcabədidə həyata keçirilirdi. Benefisiarların 70 %-i məcburi köçkün idi. Maddi durumu aşağı olan insanlara peşə təlimi, hüquqi yardım göstərir, kiçik faizlə kreditlər verirdik. Ayda 250 manat əmək haqqı alırdım. Bu, mənim ilk işim üçün yaxşı məvacib idi. İndi bundan az maaşlı işlərə dəvət ediləndə bir qədər narahat oluram”.

Son yarım ildə isə Ülkər xanım Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə sıx əməkdaşlıq edir. Belə ki, cəmiyyətin “Qadın Gücünə Güc” layihəsinə qoşulub və təlimçi statusu qazanıb: “İlk təlim günü çox həyəcanlı idim. Qorxurdum ki, öhdəsindən gələ bilməyəm. Şəhla xanım kimi peşəkar bir insanın izlədiyi tədbirdə təlim keçmək böyük bir məsuliyyət idi. Hətta layihənin donoru olan təşkilatın nümayəndəsi gəlmişdi. Onlar barəmdə xoş sözlər deməsi mənə qol-qanad verdi. Beləliklə, Aran rayonlarında və İsmayıllıda 4 gün təlimçilik etdim. Gender bərabərliyi və ünsiyyət, gender aspektləri mövzularında 40 nəfəri təlimləndirdim. Təlimə toplaşan 18-50 yaşlı insanlar məni razılıqla qarşıladılar. Deyirdilər ki, mən onlara müsbət aura verirəm. Yəni heç bilmədik vaxt necə gəlib keçdi. Bütün bunlar isə mənə güc verdi”.

Yaşıdlarından çox seçilən, qonşularını, tanışlarını, ətrafındakı gəncləri ruhlandıran Ülkər Kərimlinin məqsədlərindən biri qadınların cəmiyyətdə rolunu artırmaq, onların gücünə güc verməkdir: “Qadınlar çox şeyi dəyişə bilərlər. Boş yerə deməyiblər ki, qadın böyük qüvvədir. Qadın savadlı olsa, gələcək nəsil savadlı olacaq. Ailədə kişi savadlı və işgüzar olsa da, övladın tərbiyəsi əsasən ananın üzərinə düşür. Mənim anam müəllimdir. O, işləyə-işləyə bizim tərbiyəmizlə də məşğul olub. İndi fikirləşləşirəm ki, anam cəmiyyətin aktiv nümayəndəsi olmasaydı, biz yüksək səviyyədə formalaşa bilməzdik. Ola bilsin ki, gözüm açılmamış məni ərə verə bilərdilər…”

Kərimli ailəsinin 5 üzvü var. Ata ixtisasca mexanikdir. Kolxoz-sovxoz dağılandan sonra bir çoxları kimi işsiz qalıb. Hazırda əkinçilik və maldarlıqla məşğuldur. Ana fizika müəllimidir, kənd məktəbində ixtisası üzrə çalışır. BDU-nun fizika fakültəsini bakalavr və magistr pilləsi üzrə bitirən bacısı neft kompaniyalarının birində işləyir. Bakı Dövlət Universitetində kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil almış qardaşı isə rayonda QHT-çi kimi tanınır.

Ülkər deyir ki, qardaşı ödənişsiz təhsil alıb, o və bacısı isə ödənişli: “Bəzi ailələrdə qız uşaqları ödənişli təhsilə düşəndə oxutmurlar. Hətta elə düşünənlər var ki, bütün hallarda oğlanı oxutmaq lazımdır. Mən bakalavr təhsilimi Sumqayıt Dövlət Universitetində almışam, fizika ixtisası üzrə. Hələ uşaq olarkən anamız bizə təbiət hadisələrində fizikanın rolu barədə danışardı. Görünür, bunlar mənə və bacıma ixtisas seçimində çox kömək edib”.

Son vaxtlar Ülkər xanım meylini foto sənətinə salıb. O, deyir ki, Bərdədə çalışarkən tədbirlərin fotolarını çəkmək ona həvalə olunurmuş, amma ciddi foto işinə bu il oktyabrın 26-da başlayıb: “Qadın Gücünə Güc” layihəsi üçün regionlarda olan sahibkar qadınların əl işlərini çəkmək lazım idi. Layihə köməkçisi Leyla İsgəndərova mənə bu işi təklif etdi. Məsələ bundadır ki, əksər qızlarımız üçün rayonlara tək getmək problemdir, amma mənim üçün yox. Mən 2 həftə ərzində rayonlarda oldum, 40-a yaxın qadının əl işlərini çəkdim. Bu fotolardan elektron və kitab kataloqları yaradıldı. Sonradan bu işlər Bakı Biznes Mərkəzində keçirilən qadın sərgisində nümayiş etdirildi. Bu işlərin hamısl mənim üçün doğmadır. Çünki onların hamısına bir-bir əlim dəyib. Gün ərzində o qədər şəkil çəkirdim ki, axşamlar gözümdən yaş gəlirdi. Amma çox maraqlı idi. Bundan sonra qadın sərgisində şəkilləri çəkməyi də mən öhdəmə götürdüm”.

Artıq Ülkərin və fotokameranın bir-birindən əl çəkməsi mümkün deyil. O, hesab edir ki, dünyaya obyektivin gözü ilə baxmaq daha yaxşıdır: “Düşünürəm ki, mənim fotokameraya bağlılığım həm də ixtisasımla bağlıdır. Axı mən fiziakaçıyam. Fotokameranın fizika ilə birbaşa əlaqəsi var”.

22 yaşlı müsahibim bildirir ki, 3 illik magistratura təhsilini bitirməsinə hələ 2 il qalıb, yəqin ki, o vaxta qədər karyerasını da qura biləcək: “Çoxları karyera qurmağı ancaq iş kimi başa düşür. Mənim üçün karyera gözəl ailəmin və ürəyim istəyən işimin eyni vaxtda mövcud olmasıdır.Yəni insan hərtərəfli, bütöv olmalıdır. Əgər işin və pulun olmasına baxmayaraq, həyatda təksənsə, bu, karyera deyil”.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close