Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“KİV və müəllif hüquqları: resurslarda müəllif hüquqlarının qorunması”

224

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 30-da Mingəçevir şəhərində “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirib.  Mingəçevir Media Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ““İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə  yardım” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  tədbirin  keçirilməsində məqsəd KİV işçilərində, xüsusən,internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “Müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı,  medianın rəqəmsal müstəviyə köçməsi  müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Biri-digərindən köçürmə, başqasının  ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta “copy-paste” jurnalistikası deyilən anlayış  da formalaşıb. İnformasiyanın qanuna zidd olaraq özününküləşdirilməsi, əsl müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır. Bəzən ilkin mənbə tərəfindən yanlış faktlar üzərində qurulmuş informasiya mahiyyətinə varılmadan digərləri tərəfindən də köçürülüb  tirajlanmaqla, hətta ölkənin təhlükəsizliyini təhdid edəcək səviyyəyə qalxır. Bu baxımdan, mətbuatda, elektron və onlayn mediada, sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması təkcə etik normaların təmin edilməsi üçün yox, həm də  dövlət təhlükəsizliyinin qorunmasına yardımdır. Həyata keçirdiyimiz layihə və tədbirlər  bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “KİV və müəllif hüquqları” adlı vəsait də çap  edilib,  jurnalistlər arasında pulsuz paylanır.

Mingəçevir tədbirində  çıxış edən media eksperti, hüquqşünas Ələsgər Məmmədli müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar haqqında danışıb. O, müəllif hüquqlarının pozulması nəticəsində yaranan hüquqi məsuliyyət barədə seminar iştirakçılarını məlumatlandırıb. “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və digər çıxışçılar “KİV və müəllif hüquqları” kitabının faydalarından danışıblar.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin şimal-şərq və cənub bölgəsində fəaliyyət    göstərən media təmsilçiləri üçün də seminarların keçirilməsi, Bakıda isə mövzuya həsr edilmiş konfransın təşkili nəzərdə tutulub.

MİTD İB Mətbuat xidməti

Şərhlər bağlıdır.