Dörd mingəçevirli qalib sırasında yer alıb
Mingəçevir Dövlət Universitetində Fond rəsmilərinin və digər dəvətli qonaqların iştirakı ilə layihələrin təqdimat mərasimi düzənləib. Tədbiri açıq elan edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev adı çəkilən Fond tərəfindən təhsil ocağı bazasında yaradılmış İnnovativ Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti barədə söhbət açıb. Daha sönra tədbirin məram və məqsədlərilə bağlı fikirlərini paylaşan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru, professor Elçin Zeynalov təmsil etdiyi Fondun startap layihələrə göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edib ki,Fondun elan etdiyi dördüncü qrant müsabiqəsinə 121 layihə təqdim edilib və nəticə etibarilə onlardan 29-u qalib elan olunub. Müəyyən olunmuş layihələrin icrası məqsədilə Fond tərəfindən 395 000 manat qrant vəsaiti ayrılıb. Təqdirəlayiq haldır ki, qaliblər arasında dörd nəfər mingəçevirlinin də adı yer alıb.
Təqdimat mərasimində Yüksək Texnologiyalar Parkının direktor müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Kənan Bayramovun analoji xarakterli fikirləri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bundan sonra müsabiqənin qalibi adını qazanmış Məhəbbət Əhmədov, Elmir Allahverdiyev və Kamal Əhmədov “İntellektual multi bələdçi”, ”Öyrən, tətbiq et və qazan “ və ”Əl işinin ticarəti” adlı layihələrini iştirakçılara təqdim ediblər. Adı qaliblər sırasında yer alan dördüncü mükafatçı Rüfət Qazızadənın üzürlü səbəbdən tədbirə qatılmaması üzündən “Enyoymingo.az” (Mingəçevirdən həzz al) turizm layihəsi haqqında müəllifin iştirakı olmadan yalnız müəyyən informasiya verilib. Bundan sonra qrant müsabiqəsi qalıblərinə Fond tərəfindən təsis olunmuş sertifikatlar təqdim olunub.
Qeyd edək ki, İnformasiya Texnologiyalarinin İnkişafı Dövlət Fondu, Mingəçevir Dövlət Universiteti də daxil olmaqla, ölkənin yeddi ali təhsil müəssisəsində yaradılmış İnnovativ Biznes İnkubatorlara və mərkəzlərin fəaliyyətinə dəstək verməklə gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağını artırmaqla kütləviliyə nail olmaq niyyətindədir. Məhz bu məqsədlə vaxtaşırı inkubatorlarda layihələrə dəstək məqsədilə infosessiyalar təşkil edir.
Ehtiram Muradlı
Şərhlər bağlıdır.