Doğum Evinin ətrafında, Kənar küçə adlanan ərazidə 500-ə qədər sənədsiz ev var
Yanvarın 23-də 3 saylı orta məktəbdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Nümayəndəliyin ərazisində fəaliyyət göstrən 146 idarə, müəssisə və təşkilatdan 127-si nümayəndəsi ilə yığıncaqda təmsil olunub. Dairənin nümayəndəsi Faiq Mustafayev 2014-cü ildəki fəaliyyətlə bağlı məruzə ilə çıxış edib. O. Deyib ki, il ərzində şəhər İcra Hakimiyyəti başçısı nümayəndəliyin ərazisində yaşayışçılarla 22 görüş keçirib və həmin görüşlərdə qaldırılan məsələlər və təkliflər diqqətdə saxlanılıb və həllinə nail olunub. İl ərzində nümayəndəliyin xərclər smetasına 38007 manat ayrılıb ki, bunun da 4047,55 manatı istifadə olunmayıb. Nümayəndəliyə avtonəqliyyat vasitəsi ayrılmadığından baş mütəxəssis- sürücü ştatı boş qalıb.
F.Mustafayev Avropa oyunları ərəfəsində şəhərimizdə, o cümlədən nümayəndəliyin ərazisində aparılan abadlıq və yaşıllıqsalma işlərindən, inzibati binaların təmirindən və yenilərinin inşasından danışıb. Bildirib ki, hesabat dövründə Y.Muradov küçəsində magistral yolun kəsişməsində işıqfor qoyulub, küçənin işıqlandırılması və binanın dam örtüyünün təmiri, başçının iradından sonra Naxçıvan küçəsində ikitərəfli işıqlandırma başa çatdırılıb. Şəhər Bələdiyyəsi yeni qəbiristanlığın salınması üçün 10 ha torpaq sahəsi ayırıb və orada nəzərdə tutulan işlərin görülməsinə başlanıb. Tərəvəzçilik sovxozunda suvarma kanalı təmizlənib. Gəncə şosesində magistral yoldan sovxoza gedən hissə asfaltlanıb.
Lakin sovxozda işıq dirəklərinin yararsız vəziyyətdə olması yağış zamanı işıqların tez-tüz sönməsinə gətirib çıxarır. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də su, kanalizasiya xətlərinin üzərində, yüksək gərginlikli xətlərin altında qanunsuz sahibkarlıq obyektləri, yaşayış evləri tikilib. Doğum Evinin ətrafında, Kənar küçə adlanan ərazidə 500-ə qədər sənədsiz ev var. Onların sahiblərinə bunların icazəsiz olduğu barədə xəbərdarlıq olunsa da, sökülməsi və ya sənədləşdirilməsi istiqamətində irəliləyiş olmayıb.
DRES qəsəbəsində binaların yuxarı mərtəbələrinə isti suyun qalxması üçün qanunsuz qoşulan sahibkar obyektlərinin xətti kəsilib. Mehdi Hüseyn küçəsindəki 7 və 9 saylı binaların qarşısında fərdi şəxslər tərəfindən zəbt olunmuş torpaq sahələri azad edilərək, sakinlərin ümumi istifadəsinə verilib. Ərazidə küçə ticarətinin və qanunsuz ət kəsiminin yığışdırılması, gecə vaxtlarında fəaliyyət göstərməklə əhalinin istirahətini pozan sahibkarların məsuliyyətə cəlb olunması üçün nümayəndəlik aidiyyatı qurumlarla birgə reydlər keçirib.
Təsərrüfatbaşına qeydiyyatın aparılması, nümayəndəliyə maşın ayrılmadığından ərazini daim nəzarətdə saxlanması çətindir. C.Əliyev küçəsindəki boş ərazidə istirahət parkı salınmasına, məhəllələrdə oturacaqlar və kölgəliklər, işıqlandırma sistemi quraşdırılmasına, H.Əliyev prospektindəki park və xiyabanlarda oturacaqların və işıqlandırma dirəklərinin artırılmasına, ictimai su kranlarının qoyulmasına, bağlar massivində küçələrin və yeni qəbiristanlığa gedən yolun asfaltlanmasına, zibilxana ətrafının abadlaşdırılmasına, yeni avtomobil dayanacaqlarının yanında zibil qutularının qoyulmasına ehtiyac var. Bəzi sakinlər, xüsusən məcburi köçkünlər mal-qaranı, qaz və digər ev quşlarını şəhərin küçələrinə, park və xiyabanlara buraxırlar. Nəticədə ağac və gül kolları zədələnir, ərazilər çirkləndirilir. Bununla bağlı təşkil edilən reydlər zamanı 24 akt tərtib edilərək, mal sahiblərinin inzibati məsuliyyətə cəlb olunması üçün İH-nə göndərilib.
Ötən il əhalinin elektrik enerjisi, su və qaz ilə təchizatında fasilələrə yol verilib. Bunu kommunal təsərrüfatları qəza baş verməsi üzündən təmir aparılması ilə əlaqələndiriblər. Şəhər ərazisindən keçən magistral avtomobil yolunun, bağlar massivinə gedən yolların və bəzi məhəllədaxili ərazilərin asfaltlanmasına, kommunal xidmət müəssisələrinin maşın və mexanizmlərinin təzələnməsi və müasirləşdirilməsinə ehtiyac var. Dam örüklərinin, zirzəmi kommunikasiya xətlərinin təmirinə diqqət artırılmalıdır.
Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Bahar küçəsinin sakini Pərvin Rüstəmov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdulayev, MKTK-nın rəisi Ağa Ağayev, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov məruzə ətrafında çıxış edərək, nümayəndəlyin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Onlar bir sıra irad və təkliflərini də irəli sürüblər. Məsələn, kommersiya mağazaları məişət tullantılarının zərərsizləşdirilməsinə görə ödəniş etmək istəmirlər.Tərəvəzçilik sovxozunda tibb məntəqəsi açılmalıdır. Nümayəndəliyin əhali ilə və əlaqədar qurumlarla birgə fəaliyyəti gücləndirilməlidir.
Nümayəndənin müavini Nəriman İsmayılov qərar layihəsini iştirakçıların nəzərinə çatdırıb. Qərar yekdilliklə qəbul olunub.
Şərhlər bağlıdır.