Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Uğurlarla yanaşı nöqsanlar da sadalandı

Yanvarın 22-də Mingəçevir Bələdiyyəsinin akt zalında Mingəçevir Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib. Nümayəndəliyin rəhbəri Rizvan Mikayıllı deyib ki, hesabat ili ərzində Mingəçevirdə tikinti-abadlıq, quruculuq işləri ilə yanaşı yeni obyektlər açılıb, 465 nəfər insan daimi və 438 nəfər müvəqqəti xarakterli işlə təmin olunub. Parklar, bağlar və xiyabanlar yeni görkəm alıb, yollar genişləndirilıb. H.Əliyev prospekti, Ü.Hacıbəyov, N.Nərimanov, 20 Yanvar, A.Məmmədov, A.Puşkin, M.F.Axundov, M.Füzuli və İ.İslamzadə küçələri yeni asfalt örtüyü ilə üzlənib. Su-kanalizasiya sistemində yenidənqurma işləri aparılıb. Yeni işıqforlar, fəvvarələr, küçə və piyada zolaqlarında müasir işıqlandırma sisteminin quraşdırılıb, yeni oturacaqların qoyulub.
13 bina müasir və milli ornamentli üzlüklərlə üzlənıb, 16 çoxmənzilli binanın şifer dam örtüyü dəyişdirilib, 7 binanın yumşaq dam örtüyü çardaq qurulmaqla metalkeramikaya çevrilib, yumşaq dam örtüklü 140 binanın üstündə cari təmir işləri aparılıb, 22 binada yağışötürücü su boruları yenidən quraşdırılıb. Küçə və məhəllələrdə yaşıllıqlar genişləndirilib.

R.Mikayıllı qeyd edib ki, hesabat dövründə nümayəndə tərəfindən 112, müavin tərəfindən 67 nəfər vətəndaş qəbul edilib və ya telefon vasitəsilə müraciətləri dinlənilib. Müraciətlərin 23-ü dam örtüyünün təmiri, 68-i su-kanalizasiya xətlərində baş verən qəza və nasazlıqlar, 10-u zirzəmilərin təmizlənməsi, 7-si zibil qablarının qoyulması, 5-i xeyir-şər mağarlarının təmirinə köməklik, 1-i işlə təmin olunmağa köməklik, 24-ü elektrik xətlərinin nasazlığı, 5-i qazın zəif olması, 4-ü məhəllənin asfaltlanması, 5-i küçə işıqlanması, 11-i sahibsiz heyvanlar, 10-u oturacaqların qoyulması, 5-i təhlükəli ağacların budanması və s. ilə bağlı olub. Müraciətlərlə bağlı digər qurumlarla yanaşı Şəhər Bələdiyyəsi ilə əlaqə saxlanır və onların köməyindən də istifadə edilib. Belə ki, 4 xeyir-şər mağarına müxtəlif tikinti materialları ilə köməklik göstərilib, məhəllələrdə onlarla oturacaqlar və iki yerdə kölgəliklər quraşdırılıb.
Nümayəndənin dediyinə görə, aparılmış reyd və müşahidələr zamanı bir çox qanuna ziddi əməllər və çatışmazlıqlar üzə çıxıb. Belə ki, içməli və çirkab su xətlərində baş vermiş nasazlıq və qəzalar, binaların zirzəmilərinin təmizlənməsi, qazın zəif verilməsi, elekrtrik enerjisində fasilələrin yaranması, qanunsuz tikililər, küçə ticarəti, dam örtüyünün təmiri, sahibsiz itlər və digər nəzarətsiz heyvanlar, qurumuş ağaclar, məişət tullantılarının müəyyən olunmamış yerə tökülməsi və vaxtında daşınmaması, məhəllədaxili yollarda sakinlər tərəfindən süni maneələrin yaradılması, əcnəbi dildə yazılmış obyekt adları, küçə işıqlanmaları, dilənçilər, ayrı-ayrı şəxslər tərəfindən kütləvi istirahət yerlərində ümumi qaydaların pozulması, avtomobillərin səkidə saxlanması və yuyulması ilə bağlı məsələlər üzə çıxıb bütün bunlar haqqında əlaqədar qurumlara vaxtında məlumat verilməklə onların aradan qaldırılmasına nail olunub: “Lakin açığını etiraf edim ki, heç də sadaladığım bu problemlər elə həmin anda və yaxud həmin gün aradan qaldırılmayıb. Məsələn, bəzən su kanal sistemindəki qəza və nasazlıqların qısa müddətdə aradan qaldırılması mümkün olmur. Belə ki, şəbəkənin təmir qrupunun nə texniki, nə də fiziki quvvəsi buna imkan vermir. Xüsusilə çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki kommunikasiya xətlərinə xidmət Su kanal İdarəsinin tabeliyinə verildikdən sonra bu sahədə çox böyük problemlər yaranıb. Məhəllənin süpürülməməsi ilə əlaqədar MİS rəhbərliyi ilə əlaqə saxladıqda həmin sahənin dalandarının məzuniyyətdə olduğu bildirilir. Məzuniyyətdə olanın sahəsi digər dalandarların köməkliyi ilə təmiz saxlanmalıdır. Kifayət qədər yeni zibil qabları alındığı halda heç də hər yerdə zibil qabı qoyulmayıb”.

Nümayəndə qeyd edib ki, son 2 ildə kommunal müəssislələrin texnika parkı genişlənsə də, zibillərin daşınmasından narazılıq artır. Xüsusi tipli zibil daşıyan müasir avtomobillərin alınmasına yenə ehtiyac vardır. R.Mikayıllı daha çox diqqəti enerji fasilələri ilə bağlı məsələyə yönəldib: “Açığını etiraf edək ki, son illərdə şəhərdaxili elektrik təsərrüfatında xeyli işlər görülüb. Məhəllədaxili 04 KV-luq elektrik xətləri SİP-ləşdirilmiş, transformatorlarda təmir-sazlama işləri aparılıb. Lakin şəhər İcra Hakimiyyəti kommunal sahələrə payız-qış mövsümünə hazırlıq barədə tapşırıqlar verməsinə baxmayaraq, havada yüngül bir dəyişiklik olan kimi işıqlar sönür. İl ərzində inzibati ərazidə 21 halda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Nasazlıqlar əsasən ana xətlərdə baş verir. Əksər yaşayış binalarının zirzəmilərindəki elektrik şitləri baxımsızdır. Zirzəmidə hər hansı bir təmir və təmizlik işinin aparılması təhlükəlidir. Halbuki həmin zirzəmilər əsasən baş verə biləcək və ya ehtimal olunan fövqəladə hadisələr zamanı əhalinin ilkin daldalanacaq yeri hesab olunur”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirə çıxış edərək, Azərbaycan iqtisadiyyatının uğurlarından və Mingəçevirdə aparılan quruculuq işlərindən söz açıb. Su-Kanal İdarəsinin rəisi Mustafa Kərimov, Mingəçevir kənd icmasının nümayəndəsi Etibar Əhmədov, məhəllə komitəsinin sədri Ağakişi Xəlilov, şəhər sakini Mehman Məlikov və başqaları irad və təkliflərini bildiriblər.
Hesabat qənaətbəxş hesab olunub və yekunda qərar qəbul edilib.

Şərhlər bağlıdır.