Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılıq nəzərdə tutulur”

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirib. Konfransa ümumtəhsil müəssisələrinin işçiləri və şəhər ictimaiyyəti nümayəndələri qatılıblar.

Mingəçevir  İHB-nın  birinci müavini İlham İsmayılov bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının əhəmiyyətindən danışıb, bunu zamanın çağırışına cavab verən mühüm addım kimi dəyərləndirib:  “Bu, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir”.

DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyinə toxunublar.

DQİDK-nin sədr müavini Gündüz İsmayılov ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb. O,  qeyd edib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır: “Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılıq nəzərdə tutulur. Lakin bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar. 100 il qabaq  Cümhuriyyət dövründə başımızın üstünə qaldırılan üç rəngli bayrağımız məncə bütün suallara cavab verir:  Türkçülük, İslamçılıq və Müasirlik.  Yəni müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropanın mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür”.

G.İsmayılov  təəssüfl qeyd edib ki, Azərbaycanda dindarların sayı artdıqca, azərbaycanlıların sayı azalır:  “Mübariz İbrahimovla bağlı məscidlərin birinin təşkil etdiyi tədbirin elanında yazılmışdı: “Yalnız şiələr dəvət olunur”. Bəziləri xurafat meylləri ilə dünyəvi təhsilə qarşı çıxırlar. Axı məktəb zəka üçündür. Məscid isə mənəviyyat, ibadət üçündür, siyasət yeri deyil”.

Şərhlər bağlıdır.