Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cocuq Mərcanlıya ziyarət nə ilə yadda qaldı?

Mingəçevir ictimaiyyətinin Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndinə  uzun müddət gerçəkləşdirmək istədiyi səfər bu günlərdə baş tutub. Ziyarətin baş tutmasında təşəbbüsü və xüsusi rolu olan Mingəçevir Turizm Kolleci  səfər zamanı ən böyük heyətlə (professor Əyyub Əyyubov, kollecin müəllimi Tacəddin Əyyubov  və tələbələri Ramil Həmzəyev və Kifayət İsayeva) təmsil olunub.  Heyətə Azərbaycan Yazıçılar Birliyi şəhər şöbəsinin, yerli KİV və QHT-lərin təmsilçiləri də qatılıblar. Cəbrayıllı dostlarının görüşünə Mingəçevir Turizm Kollecinin uğurlarından bəhs edən bukletlər, tələbə gənclərin təşəbbüsü ilə  hazırlanmış  tədris ləvazimatları və kollec rəhbərliyinin  yüksək tirajla Azərbaycanda və ondan kənarda işıq üzü görmüş kitabları və digər hədiyyələr da aparılıb.

Mingəçevirlilər  Cocuq Mərcanlının yerli ictimaiyyəti  tərəfindən sevinc və şadlq içində qarşılanıblar. Onların  müşaiyət prosesində kənd İcra nümayəndəsi Xanlar Zeynalov, Cocuq Mərcanlı orta məktəbinin direktoru Zamin Həziyev, əski günlərdən doğma yurd yerində yaşamış  və artıq əfasnəyə çevrilmiş yerli sakin  Oktay Həziyev və digər şəxslər iştirak ediblər. Yerli sakinlər bu cür ziyarətlərə xüsusi önəm verdiklərini, arxalarında xalqın böyük dəstəyini hiss etdiklərini deyiblər.

Mingəçevirli ziyalı-alim Əyyub Əyyubovun  yerli sakinlər qarşısındakı çıxışı  məzmunlu və yadda qalan olub: “Cocuq Mərcanlı  sıradan  bir yaşayiş  məntəqəsi deyil. Bir çox səbəbdən bütün azərbaycanlılar  üçün əzizdir. Əvvəla Cocuq Mərcanlı xalqımızın bir qarış torpağını belə düşmən tapdağı altında qoymaq niyyətində olmadığını və gec-tez bu sayaq digər azad olunacaq kənd və şəhərlərimizə dönəcəyimizə olan  bir qətiyyət nümunəsidir. Digər tərəfdən Cocuq Mərcanlı  artıq bir qəhrəmanlıq saqlnaməsidir. Aprel döyüşlərində qəhrəman ordumuz düşmənə və onlara havadarlıq edən  güclərə barışmaz olacağımızı açıqca nümayiş etdirdi. Dövlət başçımızın diqqəti,  əzmi, iradəsi sayəsində ən qısa müddət kəsiyində kənd simasını tamamilə dəyişib, dostlara qürur mənbəyi, düşmənə göz dağı olub. İnşallah Ali Baş Komandanımızın rəhbərliyi ilə Cəbrayılın  digər yaşayış məntəqələri və işğal altında olan şəhər, rayon və kəndlərimiz tezliklə eynən Cocuq Mərcanlı kimi azad olunaraq dövlətimizin gücü sayəsində yenidən gülüstana çevriləcək. Bizlərin bu səfəri də yalnız birliyimizə, bərabərliyimizə xidmət edir. Bilməlisiniz ki, hər bir Azərbaycanlı sizin və qəhrəman ordumuzun yanında və arxasındadır.”

Daha sonra  Cocuq Mərcanlını gəzib dolaşan qonaqlar yenidən salınmış küçələr, istifadəyə verilmiş mədəni-məişət obyektləri, təhsil müəssisəsi  ilə yaxından tanış olub, Şuşa Məscidinin bənzəri olan yeni tikilmiş kənd Məscidini ziyarət ediblər. Hətta burada iman sahibləri namaz da qılıblar.

Yeni istifadəyə verilmiş müasir orta məktəbdə görüş zamanı kollektivlə bundan sonra sıx əməkdaşlıq ediləcəyi, Mingəçevir Turizm Kolleci tərəfindən  məktəbdə müasir  fənn kabinəsi yaradılacağı, MTK-da təhsil almaq niyyətində olacaq gənclərə  hər cür dəstək göstəriləcəyi vəd edilib. Kollec adından gətirilmiş hədiyyələr məktəb kollektivinə və kitabxanasına təqdim olunub.

Vida mərasimində ev sahibləri  qonaqlara  Cocuq Mərcanlı torpağını hədiyyə edib. Mingəçevirlilər bu torpaqda əlvan gül-çiçək yetişdirəcəklərini diqqətə çatdırıblar.

Şərhlər bağlıdır.