“Camaat bu qazıntı işlərindən təngə gəlib”
Noyabrın 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında qışa hazlrlığın vəziyyəti müzakirə olunub. Başçının müavini Məhluqə Cavadovanın məruzəsində müsbət işlərlə bərabər enerji təchizatında baş verən qəzalar, istilik təchizatındakı çətinlklər, qaz və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan uzun-uzadı qazıntı işlərinin əhalini narahat etməsi, nəqliyyat departamentinin səlahiyyətlərinin “Asan xidmətə” verilməsindən sonra müəyyən mexanizmin yaranmaması üzündən nəqliyyat sektorunda boşluq yaranması kimi məsələlər qabardılıb. İHB-nın birinci müavini İlham İsmayılov tüstü bacalarının təmizlənməsinə ehtiyac olduğunu nəzərə çatdırıb.
İH başçısı Niyazi Bayramov son günlər saatlarla enerji fasilələrinə yol verilməsini biabırçı vəziyyət kimi qiymətləndirib. “Azərişıq” ASC-nin regional nümayəndəsi Saleh Abdullayev bunun səbəbini küləkli günlərdə ağacların hava xətlərini qırması ilə izah edib. Lakin bu izahat başçını qane etmədiyindən o, Sanitar Təmizlik və Yaşıllaşdırma, Təbii Sərvətlər və Ekologiya İdarələrini rəislərinə göstəriş verib: “Enerji satışı idarəsinin nümayəndələri ilə birgə gedib yerində baxın, harda ağacları budamaq lazımdırdsa, budayın”.
Başçı deyib ki, heç də problem həmişə ağaclara görə olmur: “Bir də görürsən faza itir. Bunu ağacın üstünə yıxmayın. Camaata daimi və normal işıq verin”.
N.Bayramov qaz və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar şəhərdə aparılan qazıntı işlərinin haçan bitəcəyi ilə bağlı da narahatlığını bildirib: “Uşaqlar, böyüklər palçıq əlindən yolu, küçəni keçə bilmir. Məhəllələr də o gündədir. Qazırsınız, heç olmasa, işinizi bitirəndən sonra həmin yeri bərpa edin, asfalt qoyulana qədər əraziyə çınqıl döşəyin. Kənar küçı su-kanalizasiya çəkilişi ilə əlaqədar qazılıb və elə günə düşüb ki… İndi də hava soyuyandan qaz xətti çəkirlər, onlar da başlayıblar qazmağa. Bütün bunlar nə qədər çəkəcək?”
“Azərqaz” nümayəndəsinin bildirdiyinə görə, onlar zərurət üzündən yeraltı qaz xətlərini dəyişməyə məcbur olublar: “Bu xətlər yararsız vəziyyətdədir. Çoxlu qaz itkisinə səbəb olur. Üstəlik təhlükə yaradır”.
İHB aparatını məsul işçisi Sahib Əliyev, Təhsil şöbəsinin müdiri Sahib Məmədov, Gənclər İdarəsinin rəisi Kamal Nəcəfli, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafaye uşaq və gənclərin ümumu dünyagörüşününün artırılmasında Heydər Əliyev irsinin təbliğindən danışıblar.
İclasa toplaşanlara şəhər polis şöbəsinin yeni rəisi təqdim olunub.
İclasın sonunda İH başçısı abunə yazılışıyla bağlı tapşırıqlarını da verib.
Şərhlər bağlıdır.