Qəza ailənin şirin həyatına acı qatdı
6 yaşlı Fərid ailənin tək övladıdır, dilli-dilavər, ünsiyyətcil və mehriban uşaqdır. Valideynləri – Gülnarə və Azər Məmmədovlar onun hər anını nəzarətdə saxlayır, qoruyucu mələk kimi başına dolanırdılar. Ailə birgə gəzməyə çıxır, qonaq gedir və Fəridin hazırlıq tapşırıqlarını bir yerdə yerinə yetirirdilər. Gülnarə həftənin üç gününü məktəbin dəhlizində gəzişərək, məşğələ saatının bitməsini gözləyirdi. Lakin baş verən qəza ailənin şirin həyatına acı qatdı.
Hadisə bu il ferval ayının 20-də Gəncənin Cavad Xan qəsəbəsində baş verdi. Saat dörd radələrində Gülnarə qardaşı oğlu Eminilə öz oğlu Fəridi məşğələdən gətirirdi. Birdən uşaqlar yolun əks tərəfində dayanan babaları Heydəri gördülər. Onlar babanın yanına qaçmaq istədilər. Gülnarə qolundan tutub Emini saxlaya bildi. Amma Fərid bir göz qırpımında əlindən çıxdı. Uşağın gödəkcəsinin papağından yapışmaq cəhdi də alınmadı. Babaya doğru qaçan Fəridi qarşıdan sürətlə gələn “Şaqman” markalı yük maşını ağuşuna alaraq, yüz metrəyədək sürüdü. Olayın təsirindən ayılmayan sürücü idarə etdiyi maşını saxlayıb geri verəndə təkər uşağın sağ ayağını iki hissəyə böldü.
Dəhşət içində qışqıran ana uşağını qucağına aldı. Baba isə nəvəsinin ayyaqqabısını götürəndə uşağın topuqdan yuxarı kəsilmiş ayağının orda qaldığını gördü.
Gəncənin 3 saylı xəstəxanasında uşağa ilk tibbi yardım göstərilsə də, əməliyyatın Gəncə Beynəlxalq Xəstəxanasında aparılması məsləhət görüldü. Xüsusi ləvazimatla təchiz olunmuş ambulansda Fəridi ora aparmaq üçün xəstənin ailəsindən 1000 manat tələb olundu. Eldanə xanimin dediyinə görə, ailənin harayına gələnlərdən 700 manat yığılıb: “Qalan 300 manatı da ödədikdən sonra nəvəmi Gəncə Beynəlxalq Xəstəxanasına apardılar. Orada da əməliyyat üçün 7 min 500 manat ödədik”.
Hadisə baş verəndən 9 saat sonra baş tutan əməliyyatda Fəridin sağ ayağını dizdən aşağı amputasiya ediblər. Dişləri qırıldığından hamısını çəkiblər. Üz-gözündə, bədənində olan kəsikləri tikiblər. Nənə əsəbi halda deyir ki, tələb olunan məbləğin hamısı tam ödənməyincə nəvəsini əməliyyata götürməyiblər: “Hətta stresə düşmüş qızıma sakitləşdirici iynə vurmaq üçün 38 manat ödəyəsi olduq”.
Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 yanvar 2019-cu ilə Azərbaycanda sosial müavinət alan uşaqların sayı 384956 nəfərdir. Onların 71783 nəfəri əlilliyi olan şəxslərdir. 2018-ci ildə bir uşağa düşən orta aylıq sosial müavinət 74 manat təşkil edib ki, bu da dövlət büdcəsindən il ərzində 64 milyon manata yaxın vəsaitin ayrılması deməkdir. 1 aprel 2019-cu ildən sağlamlıq imkanları məhdud uşaqlar üçün müavinət 200 manata çatdırılıb. Belə ki, bu qismdən olan hər uşağa 150 manat aylıq müavinət və onlara qulluq edənə 50 manat məbləğində Prezidentin aylıq təqaüdü təyin olunub. Eyni zamanda əlilliyi olan uşaqların evdə təhsilinə və müalicələrinə ayrılan vəsaitləri də hesablasaq, böyük bir məbləğ alınacaq.
Hər il dövlət səhiyyə sistemini saxlanmasına kifayət qədər vəsait xərcləyir. Belə ki, 2019-cu ilin büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48,3 milyon manat ayrılıb. Bu, 2018-ci illə müqayisədə 308,9 milyon manat və ya 41,8 faiz çoxdur. Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 373,1 milyon manatı xəstəxanaların, 117,7 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanılmasına, 545,5 milyon manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 12 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Səhiyyəyə ayrılan vəsaitin 231,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf olunmalıdır.
“Pulum yoxdursa, uşağım şikəst qalmalıdır?”
Qanunvericiliklə müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. Amma reallıqda bu hüquq kifayət qədər qorumur.
Gülnarə xanım deyir ki, oğlunun ayağı sağalandan sonra hərəkət etməsi üçün protez geyinməsinə ehtiyac olacaq: “Bizə dedilər ki, protezi Türkiyədən 12 min, Bakidan isə 40 min manata ala bilərik. Bu qədər pul ailəmizin imkanı xaricindədir. Əgər mənim pulum yoxdursa, uşağım şikəst qalmalıdır? Təbii ki, biz yeganə övladımız üçün hər şey edəcəyik”.
Istənilən uşağın ailəsindən, əhatəsindən və cəmiyyətdən gözləntiləri var. Bu kömək, xüsusi diqqət və qayğıdır. Lakin elə uşaqlar da vardır ki, onlar əqli və cəhətdən qüsurlu doğulurlar, ya da sonradan bunu qazanırlar. Elə Gəncədə ayağını itirən 6 yaşlı Fərid kimi. Amma o, ayağının kəsilmiş hissəsinin yenidən “çıxacağına”, əvvəlki halına qayıdacağına ümid edir. Bəlkə də Fəridi 9 saatdan sonra deyil, dərhal əməliyyata götürsəydilər, ayaqqabısının içində qalan ayağını bərpa etmək mümkün ola bilərdi. Nəticədə Fərid kimi on minlərlə insan əlilliyə çevrilməkdən qurtarar, dövlətin verdiyi müavinətə göz dikməz, əksinə, işləyib vergi ödəyərdi.
Bu gün bir çox ciddi əməliyyatların dövlət xəstəxanasında deyil, özəl klinikalarda aparılması başa düşülən deyil. Bir halda ki, insanların büdcə vəsaiti ilə çalışan xəstəxana və poliklinikallarda şəfa tapması mümkün deyil, onda bu tibb müəssisələrini saxlamağa nə ehtiyac?
“Xəstəxanada yatmadığı üçün əlillik dərəcəsi ala bilmədi”
Nəzrin Nəbiyeva 2000-ci ildə anadan olub. O, ana bətnində olarkən ürək mitral qapaq çatışmazlığı problemi ilə üzləşib. Səkkiz aylıq doğulan körpəyə üç ay sonra süni qida verməli olublar. Atası məhəllələrindəki marketdən “NAN” uşaq yeməyi alıb. Bundan zəhərlənən körpə komaya düşüb və 21 gündən sonra ayılıb.
Könül xanımın dediyinə görə, qızını Bakida uşaq xəstəxanalarından birində nevroloji və kardioloji şöbələrdə müalicə etdiriblər. Elə ilkin diaqnoz da kardioliji problemlə bağlı olduğu üçün bütün sənədləşmə ürək xəstəliyi üzrə aparılıb. Uşaq böyüdükcə isə nevroloji problemlər üzə çıxıb: “Hissiyyatı və heç nəyə reaksiyasi yox idi. Lakin müalicələrdən sonra məlum oldu ki, əslində onun qüsuru nevroloji cəhətdəndir. Nəzrin serebral iflic idi. O, 10 yaşına kimi davamlı müalicə olundu. Bakının Nərimanov rayonunda uşaq bərpa mərkəzində müalicə aldı”.
Ana bildirir ki, uşaqda seribral iflic diaqnozunun olmasını təsdiqləmək üçün onun bir müddət Uşaq Nevroloji Xəstəxanasında yatması tələb olunurdu: “Bunu etmədiyimiz üçün Nəzrinə əllillik qrupu ala bilmədik. O, sadəcə ürək qüsurlusu kimi 18 yaşınadək ayda 82 manat müavinət aldı, artıq onu da dayandırıblar”.
Nəzrin bir müddət şəhərdəki 7 saylı orta məktəbdə təhsil alıb. Lakin onun sağlam uşaqlarla bir sinifdə oxuması çətin idi. Könül xanımın sözlərinə görə, qızını kimsə aparıb-gətirməli, paltarlarını geyindirib-soyundurmalı idi: “Çünki o bunları bacarmırdı. Biz isə ailəni dolandırmaq üçün işdən qala bilmirdik. Ona görə də uşaq evdə dərs almalı oldu”.
Ana deyir ki, müəllimi evə gələndə dərmanların təsirindən bəzən Nəzrini yuxu aparırdı: “Yaddaşı zəif idi. Həm də müəllim onunla işləməkdə maraqlı deyildi və uşağın öyrənməsinə can yandırmırdı. Amma bundan sonra qızımı Uşaq və Ailəyə Dəstək Mərkəzində kurslara aparırdıq. İndi yazıb-oxumağı bilməsə də komputerdə müəyyən bacarıqlara yiyələnib. O, təhsil almaq fikrindədir. Əlilliyi olan insan görəndə isə ona kömək etməyə çalışır. Qonşuluqda daun sindiromlu uşaq var. Nəzrin çox həvəslə ona sözləri tələffüz etməyi öyrədir”.
“Onun gülüşü üçün hər şey etməyə hazıram”
Səbinə ailədə üç övladın böyüyüdür. Atası Xudayat Babazadənin dediyinə görə, çox sağlam idi. Bir yaş yarımında ona difteriya, göy öskürək və tetanusa qarşı (çox vaxt ona “AKDS” deyilir) peyvənd vurulub. İynə reaksiya verib və uşağın vəziyyəti pisləşib. Səbinə 19 gün komada qalıb.
Ata deyir ki, Səbinənin müalicəsi üçün ailə çox bahalı dərmanlar alırdı: “Dəfələrlə Bakıya, Moskvaya, İrana, Gürcüstana apardım. Oradakı həkimlərin müalicəsini alandan sonra uşaq yeriməyə başladı. Amma səhv müalicənin nəticəsi olaraq əqli və fiziki geriləməsi qaldı. Çindən alınası dərmanla dili 30 saniyə masaj etmək lazım idi. O dərmanı tapa bilmirdik. H.Əliyev Fonduna müraciət etdik. Kömək etdilər. Amma hələ də tam danışa bilmir. Omba sümüyündə yeyilmə gedir. Əməliyyatına 23 min dollar lazımdır. İynə vurulur ki, ağrıları yüngülləşsin”.
Ata həftədə üç dəfə qızını Uşaq Reabilitasiya Mərkəzində pullu xidmət göstərən loqopeq və psixoloqun yanına aparır: “Səbinə 1-ci qrup əlildi. Ayda 154 manat pensiya alir. 240 manat isə tək loqopet və psixoloqa veririk. Bilirəm ki, köməyi olmur. Sadəcə qızım onları görəndə sevinir. Onun gülüşü üçün hər şey etməyə hazıram. Başqa uşaqlarımıza nisbətən ona daha artıq qayğı göstəririk. Yeri gəlmişkən, qızım şəhərdəki Texniki-Humanitar Liseyi bitirdi. Müəllimləri ona çox qayğı göstərirdilər”.
Xudayat Babazadə iki məsələ ilə bağlı narahatlığını da bölüşdü: “Qanunla əlilliyi olan uşaqlara hər ay nəqliyyat xərci kimi müavinət ödənilməsi nəzərdə tutulub. Mənim yerli təhsil şöbəsinə müraciətimdən sonra əlilliyi olan 92 uşağa bu vəsait ödəndi. Amma əksər halda həmin pullar verilmir və ilin sonunda silinir. Başqa məsələ əlilliyi olan uşaqlara ildə bir dəfə sanatoriya və kurort müəssisələrinə yollayışların verilməsidir. Təəssüf ki, bunu da ala bilmirik”.
Qanunların işlək və çevik icra mexanizmi yaradılsa…
Ekspertlər hesab edir ki, dövlət idarələrində əlilliyi olan uşaqların valideynləri çalışarlarsa, bu, əlilliyi olan şəxslərin problemlərinin həllinə müsbət təsir edə bilər. Psixoloq İlhamə İsmayılova deyir ki, ölkədə əlilliyi olan insanların hüquqlarının müdafiəsi üçün hüquqi baza mövcuddur, lakin bir çox hallarda qanuni müddəalar kağız üzərində qalır: “Məmurlar bu işə səhlənkar yanaşırlar. İdarə və təşkilatlar, sosial obyektlər əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyi təmin etməlidirlər. Əks halda onlar obyektin bu həssas qrupa uyğunlaşdırılmasına görə tələb edilən məbləğin 20 faizi həcmində cəriməni dövlət büdcəsinə köçürməlidirlər. Həmçinin, cərimə ödəmək onları məsuliyyətdən azad etmir. Amma nə baş verir? Deyilir, elə söz olaraq qalır, vəziyyət dəyişmir. Çünki qanunların işlək və çevik icra mexanizmi yaradılmayıb. Təəssüf ki, əlilliyi olan insanlara ayrılan vəsaitin hamısı onların özünə çatmır. Düşünürəm ki, media bu həssas mövzunu həmişə gündəmdə saxlamalıdır. Cəmiyyət əlilliyi olan şəxslərə yanaşmada hələ ki, iflic vəziyyətdədir. Təbii ki, cəmiyyətin şüurlu yanaşması olmadan vəziyyəti yaxın illərdə müsbət tərəfə dəyişmək çətindir”.
Əlilliyi olan uşaqları iki kateqoriyaya bölən İlhamə xanım deyir ki, birincilər əqli və fiziki qüsurlu doğulan uşaqlardır: “Araşdırmalar göstərir ki, onlar yüksək yaradıcılıq potensialına malik olur, bu isə həmin şəxslərin cəmiyyətə adaptasiyası, qabiliyyətlərinin üzə çıxarılması və sağlamlıqlarına müsbət təsir edir. İkinci kateqoriyaya aid olanlar isə sonradan qazanılmış və uzun xəstəlik nəticəsində sağlamlıqlarında problem yaranan uşaqlardır. Belə uşaqlar əksər hallarda ailədən kənara çıxmır, təhsildən kənarda qalır və cəmiyyətdən təcrid olunurlar. Nəticədə onların tərbiyəsi və inkişafı valideynləri üçün ciddi çətinlik yaradır”.
İlhamə xanım deyir ki, bu sahədə başqa ölkələrin təcrübəsindən bəhrələnmək də yaxşı olardı: “Heç uzağa getməyək. Vaxtilə bizimlə postsovet məkanında olmuş Rusiyanı götürək. Bu ölkədə əlilliyi olan uşaqlar bir çox üstünlüklərə malikdir. Onlara dərmanlar və əlillik arabaları, bütün protez vasitələri pulsuz, sağlamlıq müəssisələrinə yollayışlar ödənişsiz verilir. Uşağını müşaiyət edən valideyn də sanatoriya və kurort müalicəsinə yollayışı pulsuz əldə edir. Sadəcə bu güzəştləri əldə etmək üçün müvafiq dövlət qurumuna sənədlər paketi ilə müraciət etmək yetərlidir”.
Şərhlər bağlıdır.